Müharibə başlayandan 400-dən çox diplomat casusluğa görə Avropadan qovulub- “Financial Times”

2022-ci ilin fevralından Avropa ölkələri “diplomatik örtük” altında işləyən 400-dən çox rus casusunu ölkədən çıxarıb.

Azpost.info xəbər verir ki, bunu Qərb kəşfiyyatının yüksək rütbəli rəsmisi “Financial Times”a bildirib.

Onun sözlərinə görə, məsələn, 180-dən çox akkreditə olunmuş rus diplomatı Avstriyada işləməkdə davam edir və onların ən azı üçdə biri öz statusundan kəşfiyyat məlumatı toplamaq üçün istifadə edir.

“Bundan başqa, bir çoxları qeyri-qanuni işləyirlər, çünki yerli qanunlar yalnız Avstriyaya zərər vuran fəaliyyətlərə görə təqibə yol verir. Məsələn, Rusiya ən yaxın müttəfiqimiz olan Almaniya ilə bağlı Avstriya ərazisində casusluq edirsə, biz bununla bağlı heç nə edə bilmərik. Çünki bu, Avstriyaya zərər vermir”, – “Yeni Avstriya” partiyasından olan deputat Stefani Krisper deyib.

Digər iki aparıcı müxalifət partiyası ilə birlikdə o, yazda casusluğu cinayət hesab etmək üçün qanun layihəsi təqdim edib. Amma milli siyasi gündəmdə daha aktual məsələlər var deyə, hakim partiya bunun müzakirəsini ən azı payıza qədər təxirə salıb.

“Vyana casusluq üçün ideal bir mərkəzdir və həmişə belə olub. Əgər siz rus kəşfiyyatına işləyirsinizsə  və Almaniyadan olan mənbənizlə danışmaq istəyirsinizsə, risk edib onunla orda görüşmək nəyə lazımdır? Siz onu Avstriyada xizək sürməyə dəvət edirsiniz. Siz agentləri işə götürə və ya heç bir gərginlik olmadan məlumatları çıxara bilərsiniz”, – Avropa Şurasının Xarici Əlaqələr Şurasının baş əməkdaşı Qustav Qressel deyib.

“Financial Times” qeyd edir ki, Vyana əslində Rusiya xüsusi xidmət orqanları üçün elektron kəşfiyyat mərkəzinə çevrilib və bu gizlədilmir.

“Bütün şəhərə səpələnmiş Rusiya diplomatik binalarının damları sözün əsl mənasında radarlar, antenalar və kabinələrlə doludur. Görünür, elektron vasitələrlə məlumat toplamaq Rusiya kəşfiyyatının Vyanada əsas vəzifələrindən birinə çevrilib. Demək olar ki, hər bir Rusiya diplomatik binasının, hətta mədəniyyət mərkəzinin damında güclü peyk antenalarını görmək olar”, – avstriyalı politoloq Tomas Riqler qeyd edib.

Azpost.info

 

Əvvəlki məqalə

Milli Məclisdə 8 boş qalmış deputat yeri var

Sonrakı məqalə

Güclü külək əsəcək, leysan olacaq, temperatur 5-8 dərəcə aşağı enəcək