Bank əməliyyatları zamanı məlumatların düzgün rəsmiləşdirilməməsi ilə bağlı növbəti şikayət daxil olub. Vətəndaş bildirib ki, 25 fevral 2026-cı il tarixində Kapital Bank-ın Mingəçevir filialında Western Union vasitəsilə pul köçürməsi həyata keçirib.
AzPost xəbər verir ki, onun sözlərinə görə, köçürmə zamanı dörd masada əyləşən əməkdaşlardan birinə alıcının adının necə qeyd olunmalı olduğunu dəqiqliklə izah edib. Buna baxmayaraq, məlumat sistemə səhv daxil edilib. Müştəri iddia edir ki, əməliyyat zamanı əməkdaş ona əlavə olaraq taksit kartı təklif edib və əsas məsələdən yayınıb.
Şikayətçi məsələ ilə bağlı bankın məlumat mərkəzi ilə əlaqə saxladığını bildirib. Ona bildirilib ki, məlumatın düzəlişi yalnız Mingəçevir filialında mümkündür. Vətəndaş isə artıq Bakıda olduğunu və yenidən başqa şəhərə getməsinin çətinlik yaratdığını deyir.
Onun sözlərinə görə, filial tərəfindən sorğu qeydə alınıb və müraciətə 3 iş günü ərzində baxılacağı bildirilib. Müştəri isə hesab edir ki, sadə bir ad düzəlişi üçün həm şəhər dəyişmək, həm də bir neçə gün gözləmək məntiqə uyğun deyil.
Şikayətdə qeyd olunur ki, sorğunun nömrəsi 6578170-dir və vətəndaş problemin Bakıda yerləşən filiallardan birində operativ şəkildə həll olunmasını istəyir. Əks halda, məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankı-na rəsmi müraciət edəcəyini bildirir.
Məsələ ilə bağlı Kapital Bank-ın mövqeyini öyrənmək mümkün olmayıb. Qeyd edək ki, pul köçürmələri zamanı şəxsi məlumatların düzgün daxil edilməsi və sonradan operativ şəkildə düzəliş imkanının təmin olunması bank xidmətlərinin əsas tələblərindən hesab olunur.