“Müxalifət “seçki” deyirdi, bu da seçki…” –ELMAN NƏSİROV /MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov Azpost.info -ya müsahibə verib. 

Müsahibəni oxucularımıza təqdim edirik:

-Gələn ilin fevral ayının 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri qərarı hansı zərurətdən irəli gəldi?

-Cənab Prezident İlham Əliyevin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı sərəncamı cəmiyyətdə normal qarşılanmalıdır və normal da qarşılandı. Burada hüquqi baxımdan da, siyasi baxımdan da hansısa yanlışlıq yoxdur. Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Prezident növbədənkənar seçkilər təyin edir. Yəni növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar Prezidentin müstəsna səlahiyyətinə daxildir. Eyni zamanda, Seçki Məcəlləsinin 179-cu maddəsində də eyni bənd öz əksini tapıb. Yəni Seçki Məcəlləsinə əsasən də Prezidentin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar vermək hüququ var. Yəni hüquqi baxımdan cənab İlham Əliyevin qərarında qəribə, qeyri-adi nəsə yoxdur.

Siyasi baxımdan da növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar anlaşılandır. Çünki Azərbaycan bu ilin sentyabr ayının 19-da keçirilən bir sutkalıq antiterror əməliyyatından sonra ölkənin suverenliyini bütün ərazilərdə bərpa etmiş oldu. Nəzərə almaq lazımdır ki, Azərbaycanın müstəqilliyi tarixində keçirilən bütün seçkilər ölkəmizin yalnız 80 faizində keçirilib. Ərazilərimizin 20 faizi işğal altında olduğuna görə, ölkənin bütün ərazilərində seçkiləri keçirmək təbii olaraq, mümkünsüz olub. 20 faiz ərazilərimiz ərazimiz həmişə seçkilərdən kənarda qalıb. Amma 2024-cü ilin 7 fevralında keçiriləcək növbədənkənar prezident seçkiləri ölkəmizin bütün ərazilərində baş tutacaq. Müzəffər prezidentimizin rəhbərliyi altında şanlı ordumuz, tarixi zəfərə imza atdıqdan, ərazi bütövlüyümüz tam və qəti təmin edildikdən sonra bütün ölkə ərazisində seçkilərin keçirilməsi imkanı və şansı yaranıb. Növbədənkənar prezident seçkiləri bu baxımdan həm də beynəlxalq aləmə ciddi mesajdır. O mənada ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilib, bütöv Azərbaycan ərazisinin 100 faizində ilk dəfə seçki keçirilir. Bir sözlə, suverenliyimizin bərpa edilməsi seçkilərin keçirilməsini aktuallaşdırdı. Bu seçkilər həm də tarixi qələbəmizin inikasıdır. Növbədənkənar seçkilərə həm də “Zəfər seçkiləri” kimi qiymət vermək lazımdır.

-YAP gözlənildiyi kimi, bu gün prezidentliyə İlham Əliyevin namizədliyini irəli sürdü…

-Əlbəttə, gözlənilən idi. YAP-ın mövqeyi bəlli və birmənalıdır. Partiyamız cənab Prezident İlham Əliyevin yenidən prezidentliyə namizədliyini İdarə Heyətinin toplantısında bəyan etdi. Məlumdur ki, 2021-ci ildə YAP-ın Nizamnaməsinə edilən dəyişikliyə əsasən, namizədin irəli sürülməsi ilə bağlı qərarı qurultay yox, İdarə Heyəti verir. İdarə Heyəti də birmənalı olaraq cənab prezidentimizin yenidən namizədliyini irəli sürməklə bağlı qərar verdi.

Dediniz ki, növbədənkənar seçki qərarında qeyri-adi nəsə yoxdur, amma ölkədəki bəzi siyasi qüvvələrə qərar qəribə gəldi. Daha doğrusu, “hansı zərurət var idi?” sualı aktuallaşdı…

-Dediyim kimi, bu qərarda təəccüblü nəsə yoxdur. Növbədənkənar seçki keçirmək bizim kəşfimiz deyil. Dünyanın əksər ölkələrində növbədənkənar seçki tez-tez keçirilir. Bu qərara başqa don geyindirmək, alt qatında nələrsə axtarmaq yersizdir. Bəziləri bu qərarda qeyri-legitimlik axtarırlar ki, bu da yanlışdır. Hər şey hüquqidir, qanunauyğundur. Hesab edirəm ki, bu seçkilər də Azərbaycan demokratiyasının inkişafına daha da təkan verəcək.

Yeri gəlmişkən, hakim partiya olaraq, biz ölkədə qeydiyyatdan keçmiş siyasi partiyaların hər birini seçkilərdə öz namizədləri ilə iştirak etməyə çağırırıq. Radikal müxalifət hər zaman “seçkilər” deyirdi, bu da seçkilər. Gəlsinlər, seçkidə namizədləri ilə iştirak etsinlər, güclərini göstərsinlər. Bu, həm də partiyalara öz elektoratını yoxlamaq şansı verir.

-Amma bəzi partiyaların, xüsusilə də sizin “radikal” dediyiniz təşkilatların seçkilərdə namizədlə iştirak etməmək istəyi görünür…

-Məndə olan məlumatlara görə də “boykot” deyənlər var. Xüsusilə, AXCP və özünü Milli Şura adlandıran təşkilatın liderləri müxtəlif bəhanələr uydururlar, prosesdən kənarda qalmaq istəyirlər. Bu, onların çoxdankı xislətləridir. Nəyə görə müxtəlif bəhanələr deyirəm, çünki həqiqətən də boykot etmək bəhanədir. Mənə elə gəlir ki, onların seçkilərə qatılmamasında əsas səbəb başqadır. Radikal qüvvələr fərqindədirlər ki, cəmiyyətdə heç bir dəstəkləri yoxdur. Eyni zamanda, onlar tarixi şəxsiyyət, qalib sərkərdə, müzəffər Ali Baş Komandan İlham Əliyevlə rəqib olmaqdan çəkinirlər. Onlar bilirlər ki, seçkilərdə yenə də böyük səs fərqi ilə məğlub olacaqları qaçılmazdır. Onsuz da məğlubiyyət onların alnına yazılıb. Bu dəfəki məğlubiyyətləri daha biabırçı olacaq. Xalqımızın mövqeyi bəllidir. Müdrik Azərbaycan xalqı Qarabağı işğaldan azad edən sərkərdənin siyasətini, siyasi kursunu dəstəkləyir. Radikal müxalifət də bunu bilir, dərk edir və müxtəlif bəhanələrlə cənab İlham Əliyevin qarşısına çıxmağa cəsarət etmirlər. Onların bu dəfə də seçkilərə qatılmaq istəməmələrinin əsas səbəbi rəqiblərinin – cənab prezidentimizin son dərəcə güclü dəstəyə malik olmasıdır.

Müxalifətin əsas arqumenti ani seçki qərarının doğru olmadığıdır. Hesab edirlər ki, iki aylıq müddət seçkilərə hazırlaşmaq üçün yetərli deyil. Sizcə, bu arqumentdə həqiqət payı varmı?

-Birincisi, hər bir siyasi partiyanın yarandığı gündən etibarən bir nömrəli istəyi hakimiyyətə gəlmək olur. Bütün dünyada belədir, tək bizdə deyil. Hakimiyyətə gəlmək istəyən partiya hər zaman hazırlıqlı olmalıdır. Yəni ki, partiyalar elektorata, sosial bazaya malik olmalıdır, hər zaman seçkiyə hazırlığı yerində olmalıdır. Hesab edirəm ki, radikal müxalifətin növbədənkənar seçkilərlə bağlı “ani qərar”, “qeyri-bərabər şərtlər” ifadələri səbəb yox, bəhanədir. Hər bir siyasi partiya bilməlidir ki, hər an növbədənkənar seçki qərarı verilə bilər. Və hər bir siyasi qüvvə seçkiyə hazır olmalıdır, vəssalam. Hakimiyyət iddiasında olan partiya “hazırlıqsızıq” kimi ifadələrlə seçkidə iştirak etməməyinə bəraət verə bilməz. Eyni zamanda, müxalif qüvvələrin vahid namizədi olmalıdır ki, növbədənkənar seçki qərarı verilərsə, avtomatik seçki prosesinə qatıla bilsinlər. Azərbaycanın radikal müxalifətində vahid namizədlə bağlı vəhdət yoxdur, biz bunun şahidi olmamışıq. Onlar hakimiyyəti, daha sonra bir-birlərini ittiham etməklə məşğuldurlar. İndidən seçkilərə antidemokratik don geyindirməyə çalışırlar. Bu qüvvələr bircə dəfə günahı özlərində görməyiblər. Onlar sadəcə siyasətlə qeyri-peşəkar şəkildə məşğul olurlar. Ən azından, bizim gördüyümüz budur. Peşəkarlar bilməlidirlər ki, növbədənkənar seçkilər ola bilər. Peşəkarlar hesablaya bilərdilər ki, yeni reallıqlar növbədənkənar seçkiləri labüd edə bilər. Bunların sosial bazası yoxdur, xalq arasında dəstəyi yoxdur, olan azsaylı tərəfdarlarını da səfərbər etmək qabiliyyətində deyillər. Bu, yenə deyirəm, siyasətlə qeyri-peşəkarcasına məşğul olmağın göstəricisidir.

-Növbədənkənar seçkilərin nəticələri ilə bağlı proqnozlarınız necədir?

-İndidən tam məsuliyyətimlə deyə bilərəm ki, seçkilər tam demokratik və şəffaf şəkildə keçiriləcək. Buna heç kimin şübhəsi olmasın. Azərbaycan demokratik inkişaf yolunu seçib, bu, bəlli siyasi xəttir. Nəzərə almaq lazımdır ki, demokratiya bir prosesdir, onun son nöqtəsi yoxdur. Biz də bu yola sadiqik.

İkincisi Azərbaycanda keçirilən bütün seçkilər – istər prezident seçkiləri, istər parlament seçkiləri, istərsə bələdiyyə seçkiləri olsun, istərsə də referendumlar, hər zaman demokratik şəraitdə, şəffaf şəkildə keçirilib. Bu gün ədalətli seçki prosesinin keçirilməsi üçün hər bir şərait mövcuddur. İstər qanunvericilik baxımından, istərsə də texniki cəhətdən, Azərbaycan yüksək səviyyəli seçkilər keçirməyə qadirdir. Növbədənkənar prezident seçkiləri də demokratik və şəffaf keçiriləcək. Bu seçkilər Azərbaycanın demokratik inkişafı baxımından növbəti mərhələ olacaq. Hər seçkidə olduğu kimi, bu dəfəki seçkilərdə də bütün namizədlər üçün bərabər şərait yaradılacaq.

Anar ABDULLA

Yazı MEDİA-nın dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

32 min müəllimin əməkhaqqına əlavələr edilib

Sonrakı məqalə

YAP prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndələrini təyin edib