Narkotikə görə 7 il həbs cəzası verilmiş qadın bəraət alıb

Külli miqdarda qanunsuz narkotik dövriyyəsində təqsirli bilinərək 7 il həbs cəzası verilmiş Səadət Sadıqovanın işi ilə bağlı hökmdən verilmiş şikayətə baxılıb.

Səadət Sadıqovanın vəkili Vasif İsrafilov tərəfindən verilmiş şikayət ərizəsində müvəkkilinin təqsirsiz olduğu, üzərində tapılan narkotik vasitənin ona məxsus olmadığı bildirilib.

Qeyd olunub ki, ittiham olunan şəxs birinci instansiya məhkəməsindəki ifadələrində dəfələrlə günahsız olduğunu, həbs olunmasında uzun müddət şəxsi münasibətdə olduğu Vüsal Astanəliyevin atası – polis orqanlarında müstəntiq və istintaq şöbəsinin rəisi işləmiş Təhməz Astanəliyevin sifarişçi olduğunu deyib. Apellyasiya şikayətində göstərilib ki, T. Astanəliyev oğlunun narkotik vasitə istifadəçisi olmasında Səadət Sadıqovanı günahlandırıb.

İttiham olunan şəxs sonuncu dəfə Təhməz Astanəliyevin şikayəti üzrə Yasamal Rayon Polis İdarəsinə çağırılıb, həmin vaxt onun üzərindən narkotik vasitə aşkar olunduğu bildirilərək istintaqa cəlb olunub.

Bundan başqa, şikayət ərizəsində Vüsal Astanəliyevin dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edərək Səadət Sadıqovanın atası tərəfindən tutdurulduğunu deməsi qeyd olunub.

İş Bakı Apellyasiya məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi yenidən araşdırılıb.

Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi sübutları tədqiq edərək cinayət işinin düzgün araşdırılmadığı, təqsirləndirilən şəxsin günahsız olduğu qənaətinə gəlib.

Qərara əsasən, Səadət Sadıqovaya bəraət verilib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Xatırladaq ki, S. Sadıqova Yasamal Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən 106,745 qram narkotik vasitə-heroin götürüldüyü bildirilib.

O, Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin dövriyyəsi qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayət Məhkəməsi Səadət Sadıqovanı verilmiş ittihamla təqsirli bilərək 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. (APA)

 

Əvvəlki məqalə

Co Baydenin xanımı Hellouin şənliyinə qeyri-adi kostyumda gəlib

Sonrakı məqalə

““Taxıl dəhlizi” ilə bağlı razılaşma davam etdirilməlidir”