Nazarbayevin qızı yenidən deputat seçildi –Dariqa niyə vəzifədən çıxarılmışdı, niyə qayıtdı?

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva atasının partiyasından Məclisə seçilmiş 76 millət vəkilinin sırasındadır.

Nazarbayevin rəhbərlik etdiyi Nur Otan partiyası yanvarın 12-də partiyadan parlamentə seçilənlərin siyahısını dərc edib. Parlamentin 107 yerlik aşağı palatasına seçilənlərin siyahısında 57 yaşlı Dariqa Nazarbayevanın da adı var.

Beynəlxalq müşahidəçilər Qazaxıstanda yanvarın 10-da keçirilmiş parlament seçkisini “rəqabətsiz” adlandırıblar.

Niyə getmişdi, niyə qayıdıb?

Ötən ilin mayında prezident Qasım-Jomart Toqayev Dariqa Nazarbayevanı parlamentin yuxarı palatası – Senatın spikeri vəzifəsindən azad etmişdi. O habelə parlamentdəki mandatından məhrum olmuşdu.

O vaxt Nazarbayevanın dövlət başçısından sonra ikinci post sayılan spikerlikdən çıxarılması ölkədəki maliyyə və siyasi qruplaşmaların çarpışmasının nəticəsi kimi qiymətləndirilirdi.

2019-cu ilin martında istefaya getməsinə baxmayaraq 80 yaşlı Nursultan Nazarbayev ölkədə əsas “söz sahibi” sayılır.

Ölkəyə 30 il müddətində prezidentlik etmiş Nazarbayev hazırda hakim Nur Otan partiyasının sədrliyində qalır və qüdrətli Milli Təhlükəsizlik Şurasının ömürlük sədridir.

Onun Elbası titulu Nazarbayevə hüdudsuz səlahiyyətlər və hakimiyyət verir.

Bundan əvvəl, yanvarın 12-də Qazaxıstanın Mərkəzi Seçki Komissiyası Aq Jol (Ağ Yol) partiyasından parlamentə 12, keçmiş kommunist partiyası – İşıqlı Yol partiyasından isə 10 deputat seçildiyini bildirmişdi.

Yanvarın 11-də yenə də Nazarbayevin nəzarətində olan Qazaxıstan Xalq Məclisi qanunvericiliyə uyğun olaraq parlamentə 9 deputat təyin edib. Müşahidəçilər bildirirlər ki, Qazaxıstanda indiyədək keçirilmiş seçkilərdən heç biri azad və ədalətli olmayıb.

Qazaxıstanda özünü müxalifət kimi təqdim edən Ümummilli Sosial Demokrat Partiyası 10 yanvar seçkisini boykot etmişdi. Partiya bildirib ki, bu seçki də Nazarbayevin hakimiyyətində heç nəyi dəyişməyib. (Azadlıq Radiosu)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının pasportlarının etibarlılıq müddəti uzadılıb

Sonrakı məqalə

“Mən düzgün hərəkət eləmişəm” –