Azərbaycanda Nazirlər Kabinetinin Milli Məclisə illik hesabat təqdimetmə tarixi rəsmi olaraq dəyişdirilib. AzPost xəbər verir ki, bu barədə qərar parlamentin bu gün keçirilən plenar iclasında qəbul olunub.
Belə ki, deputatlar “Milli Məclisin Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununa dəyişiklik edilməsinə razılıq veriblər. Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasında öz fəaliyyətinə dair hesabat təqdim etməlidir.
Qeyd edək ki, indiyədək qüvvədə olan qanunvericiliyə görə, Nazirlər Kabineti yaz sessiyasının beşinci iclasında hesabat verirdi. Yeni qərarla isə hesabat prosesi dəqiq tarixlə müəyyən olunub və martın sonuna qədər təqdim olunması tələb ediləcək.
Məsələ parlamentdə müzakirəyə çıxarıldıqdan sonra səsverməyə qoyulub və üçüncü oxunuşda yekdilliklə qəbul edilib.