Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 – Çağrı Mərkəzi də gücləndirilmiş iş rejiminə keçirilib və funksional imkanları artırılıb.
Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən APA-ya verilən məlumata görə, yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün 142 – Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınırlar.
Bu da Çağrı mərkəzinə zənglərin sayında ciddi artıma səbəb olub. Yalnız son iki gündə Çağrı mərkəzinə ümumilikdə 3600-dək, o cümlədən sosial xidmətlərin göstərilməsi üzrə 700-ədək müraciət daxil olub.
Bu sahədə vətəndaşlara xidmətin daha da təkmilləşdirilməsi üçün Çağrı Mərkəzi üzrə əlaqə kanallarının sayı 4 dəfədən çox artırılıb. Vətəndaşların zənglərini cavablandırmaq üçün eyni anda 64 əlaqə kanalı vardısa, 200-ü də yaradılmaqla, 264-ə çatdırılıb.
Eyni zamanda, vətəndaş müraciətlərini cavablandıran operatorların sayı artırılıb və hazırda 40 operator zəngləri cavablandırmaqla məşğuldur.
Nəticədə 142-yə zəng vuran vətəndaşların xəttə növbəliliyi və xətdə gözləmə vaxtının minimuma endirilməsi təmin olunub.
Qeyd edək ki, 142 – Çağrı Mərkəzi vasitəsilə nazirliyin fəaliyyət sahələri, o cümlədən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər də qəbul edilir. Sosial xidmətlərə yaşı 65-dən yuxarı tənha şəxslərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir.