Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA İB) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və BP Azərbaycanın maliyyə dəstəyi ilə icra olunan “Yaşıl maliyyə və iqlim risklərinin idarə olunması” peşəkar inkişaf proqramı çərçivəsində sonuncu təlim uğurla başa çatıb. “Su resurslarının idarə olunması və iqlim adaptasiyası strategiyaları” mövzusuna həsr olunan təlim Neftçala Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Neftçala Olimpiya İdman Kompleksində fiziki formatda təşkil edilib.
Təlimi Azərbaycanın ətraf mühit və ekologiya sahəsində fəaliyyət göstərən mütəxəssis, hidroloq Amin Məmmədov həyata keçirib. Bakı Dövlət Universitetinin məzunu olan Amin Məmmədov su ehtiyatlarının idarə edilməsi, transsərhəd çayların ekoloji vəziyyəti və iqlim dəyişiklikləri üzrə ixtisaslaşıb. O, BMT-nin İnkişaf Proqramı (UNDP) çərçivəsində regional ekoloji layihələrdə ekspert kimi fəaliyyət göstərib. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini olan ekspert, eyni zamanda su ehtiyatlarının idarə edilməsi istiqamətində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşəbbüslərində təmsil olunur və ekoloji məsələlər üzrə müxtəlif layihələrdə fəal iştirak edir.
Təlim zamanı iqlim dəyişikliklərinin su resurslarına təsirləri, su ehtiyatlarının səmərəli və dayanıqlı idarə olunması, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq sektorunda su resurslarından istifadənin optimallaşdırılması və iqlim risklərinə uyğunlaşma strategiyaları ətrafında geniş müzakirələr aparılıb. İştirakçılara su resursları ilə bağlı mövcud və potensial iqlim risklərinin müəyyənləşdirilməsi, onların kənd təsərrüfatına təsirlərinin qiymətləndirilməsi və yerli şəraitə uyğun adaptasiya tədbirlərinin formalaşdırılması üzrə praktiki yanaşmalar təqdim edilib.
Metodologiyaya uyğun olaraq, iştirakçıların mövzunu mənimsəmə dinamikasını ölçmək məqsədilə təlimin gedişində yekun qiymətləndirmə testləri (Post-test) tətbiq olunub.
Proqramın sonuncu təlimi əvvəlki modullarda əldə olunan biliklərin praktiki tətbiqinə yönəlib. Proqram çərçivəsində indiyə qədər kənd təsərrüfatında iqlim risklərinin identifikasiyası və aqro-ekosistemlərin xəritələnməsi, ESG prinsipləri və yaşıl maliyyə alətləri, aqro-iqlim dayanıqlılığı və pilot təşəbbüs planlarının hazırlanması kimi mövzular əhatə olunub. Yekun modulda isə bu yanaşmalar su resurslarının idarə olunması və iqlim adaptasiyası kontekstində əlaqələndirilib.
“Yaşıl maliyyə və iqlim risklərinin idarə olunması” peşəkar inkişaf proqramı iqlim dəyişikliklərinin yaratdığı risklərin düzgün müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması, yaşıl maliyyə və ESG prinsiplərinin tətbiqi, eləcə də kənd təsərrüfatında dayanıqlı və iqlimə davamlı yanaşmaların təşviqinə xidmət edir.
Təlimin Neftçalada keçirilməsi iştirakçıların əldə etdikləri bilikləri yerli şərait və real aqrar ehtiyaclar kontekstində müzakirə etməsinə, iqlim adaptasiyası üzrə praktiki yanaşmaları qiymətləndirməsinə və dayanıqlı təşəbbüslərin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparmasına geniş imkan yaradıb.



