Neftin qiyməti 3 gündür ucuzlaşır– Səudiyyə Ərəbistanından yeni addım

Dünya bazarında neftin qiyməti ardıcıl üçüncü gündür ucuzlaşır.

Reuters-in məlumatına görə, buna əsas səbəb Səudiyyə Ərəbistanının neft tədarükündə yaranmış problemlərin aradan qaldırılacağına dair gözləntilərin güclənməsidir.

Brent markalı neftin bir barrelinin qiyməti 79 sent, yaxud 0,75% azalaraq 104 dollara düşüb. ABŞ-ın WTI markalı nefti isə 70 sent ucuzlaşaraq 101,20 dollar olub.

Bununla belə, neft qiymətləri hələ də bir barreli üçün 100 dollardan yuxarı qalır.

Qiymətlərin əvvəlki günlərdə yüksəlməsinə Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Yanbu neft ixrac terminalından yükləmələri dayandırması və ölkənin Şərq-Qərb neft kəmərinin zədələnməsi ilə bağlı xəbərlər səbəb olmuşdu. Reuters-in məlumatına görə, 1 200 kilometrlik kəmərdə üç nasos stansiyasına zərər dəyib. Kəmər gündə 4-5 milyon barel neft daşıya bilir ki, bu da dünya təchizatının təxminən 4-5%-nə bərabərdir.

Hazırda isə Səudiyyə Ərəbistanının kəmərin gücünün təxminən yarısını yaxın günlərdə bərpa etməyə çalışdığı bildirilir. Riyad həmçinin Oman sahillərindən Asiya ölkələrinə əlavə neft yükləri göndərməyə başlayıb.

Bu xəbərlər bazarda təchizatla bağlı narahatlığı müəyyən qədər azaldıb.

Lakin Yaxın Şərqdə vəziyyət hələ də risklidir. Səudiyyə Ərəbistanı ilə İranın dəstəklədiyi husilər arasında yeni toqquşmalar baş verib. Bundan başqa, Hörmüz boğazında neft daşımaları üçün təhlükələr qalmaqdadır. Reuters-in məlumatına görə, İranın İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri cümə axşamı Toqo bayrağı altında üzən neft tankerinin vurulduğunu açıqlayıb.

Analitiklərin fikrincə, bazarın əsas sualı Səudiyyə Ərəbistanından neft axınının nə vaxt tam normallaşacağı və Hörmüz boğazından daşımaların nə dərəcədə bərpa olunacağıdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.