Bir vaxtlar Ruqalann bölgəsinin “ağ fəxri” hesab edilən və “Norveçin Cənub qütbü” ləqəbi alan Breyfonn buzlağı sürətlə yoxa çıxır və alimlərin qiymətləndirmələrinə görə, on ildən az müddətdə tamamilə yox ola bilər.
AZƏRTAC xəbər verir ki, 2025-ci ildə “Annals of Glaciology” elmi jurnalında dərc olunmuş yeni tədqiqatlar göstərir ki, buzlaq ərazisinin 93-94 faizini itirib.
Breyfonn buzlağı bir vaxtlar Roqalann və Vestlann bölgələrinin sərhədində vahid bir buz kütləsi idi, lakin 1980-ci illərdən bəri ayrı-ayrı fraqmentlərə parçalanmağa başlamışdır. 2018-ci ildən sonra parçalanma xüsusilə sürətlə baş vermişdir.
Ölçmələr göstərir ki, ayrı-ayrı yerlərdə buzun qalınlığı 1970-ci illərin sonlarından bəri 45 metrə qədər azalıb, son illərdə isə ən böyük qalıqlar hər il təxminən bir metr qalınlığını itirir.
Breyfonnun kəskin şəkildə azalması onun yox olmaq üzrə olan buzlaqların beynəlxalq siyahısı olan “Global Glacier Casualty List”ə daxil edilməsinə səbəb olub. Kütləvi şəkildə dağılmasına baxmayaraq, alimlər Breyfonnu buzlaq kimi təsnif etməyə davam edirlər. Onun gələcək taleyinin peyk müşahidələri vasitəsilə izləniləcəyi planlaşdırılır.