Növbəti köç karvanı Füzuliyə çatıb

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 39 ailə olmaqla, 153 nəfər Füzuli sakini öz yurduna qovuşub.

Bugünki köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Bakıdan 27 ailə (110 nəfər), Sumqayıtdan 5 ailə (14 nəfər), Füzulidən 3 ailə (10 nəfər), Şamaxıdan 2 ailə (8 nəfər), Abşerondan 1 ailə (7 nəfər), Yevlaxdan 1 ailə (4 nəfər) doğma yurduna qovuşub.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən ailələr Qaradağ rayonunun “Qobu Park-3” köçkün şəhərciyindən yola salınıb, Yevlax şəhəri, Füzuli və Şamaxı rayonundan yola salınan ailələr isə Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət ediblər.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Füzuli şəhərində 822 ailənin, yəni 3132 nəfərin məskunlaşması təmin edilib.

Əvvəlki məqalə

Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcək

Sonrakı məqalə

Dünya İqtisadi Forumunda Qəzza ilə bağlı danışıqlar olacaq