Boyun, bel və qollarda ağrı, gəzinti zamanı tarazlıq itkisi, qollarda keyimə hissi kimi şikayətlər gündəlik həyat keyfiyyətini aşağı salan və hərəkət imkanlarını məhdudlaşdıran boyun yırtığı problemini işarə edə bilər. Bu xəstəlik adətən duruş pozğunluqları və qəza kimi travmalar nəticəsində ortaya çıxır. Xüsusilə 30-40 yaş aralığında olan oturaq işləyənlərdə daha çox müşahidə edilir.
Pravda.az boyun yırtığı və onun müalicəsi ilə bağlı məlumatları təqdim edir:
Qollara yayılan keyimələrə diqqət!
Boyun yırtığı – boyun fəqərələri arasındakı qığırdaq toxumanın yerindən sürüşərək onurğa kanalına təzyiq etməsi və bu səbəbdən qola uzanan sinirlərə basqı yaratması ilə yaranır. Ən çox kollarda keyimə və ağrılarla özünü göstərir. Eyni zamanda:
Boyunda ağrı və hərəkət məhdudiyyəti
Əzələ zəifliyi
Əllərdə güc itkisi
Yürüş zamanı tarazlığın pozulması kimi əlamətlər də müşahidə olunur.
Əllərdə və qollarda hiss itkisi varsa…
Boyun əzələlərinin gərilməsi nəticəsində yaranan spazmlar boyun ağrılarının 70%-ni təşkil edir. Uzunmüddətli spazmlar:
Boyun yırtığına
Boyun fəqərələrinin yerindən sürüşməsinə
Duzlaşma nəticəsində onurğa kanalının daralmasına səbəb ola bilər. Bu hal daha ciddi nəticələrə – qollarda və əllərdə güc itkisi, yürüş çətinliyi, hətta sidik və nəcis qaçırma ilə nəticələnə bilər.
Fiziki terapiya və dəstək kifayət etməyə bilər
Boyun yırtığı diaqnozu qoyulan xəstələrin təxminən 85%-i fiziki terapiya və boyunluq istifadəsi ilə yaxşılaşır. Lakin bu üsullar yetərli olmadıqda cərrahi müdaxilə tələb olunur. Yeni texnologiyalar sayəsində əməliyyatlar daha təhlükəsiz və tez bərpa olunma ilə nəticələnir.
Boyun yırtığında tətbiq edilən əsas müalicələr:
Dərman müalicəsi
İstirahət
Fiziki terapiya
Çəki nəzarəti
Müntəzəm idman
Yaşam tərzində dəyişikliklər
Eyni yerdə ikinci yırtıq riski aradan qalxır
Boyun yırtığı əməliyyatı zamanı sinirə təzyiq edən qığırdaq çıxarılır, yerinə isə dəstək materialı yerləşdirilir. Bu maddə ömür boyu bədəndə qala bilər və ikinci dəfə eyni yerdə yırtığın yaranma riskini aradan qaldırır. Əməliyyat təxminən 90 dəqiqə davam edir və 15 gün sonra normal həyata qayıtmaq mümkündür.
Boyun sağlamlığınızı qorumaq üçün bunlara diqqət edin:
Oturaq şəraitdə işləyirsizsə, uzun müddət boynu əyməyin
Kompüter ekranını göz səviyyəsində yerləşdirin
Düzgün duruşu qoruyun
Boyun əzələlərini gücləndirən idmanlar edin
Həftədə 3 dəfə, 1 saat üzgüçülüklə məşğul olun
Qeyd: Boyun yırtığının qarşısını almaq mümkündür. Erkən diaqnoz, düzgün müalicə və sağlam həyat tərzi ilə həm boyun yırtığından qoruna, həm də mövcud narahatlıqları aradan qaldıra bilərsiniz.