Tokio-2020 Yay Olimpiya Oyunları baş tutmasa, bilet əldə edən azarkeşlərin pulları geri qaytarılmaya bilər.
Apasport.az saytının xarici mətbuatına istinadən məlumatına görə, bilet satışı ilə bağlı şərtlərdə bununla bağlı bənd yer alıb.
Həmin bənddə əks olunub ki, Tokio-2020-nin Təşkilat Komitəsi fors-major hallar üzündən öz öhdəliklərini yerinə yetirə bilmədiyi üçün məsuliyyət daşımır. Fors-major hallar siyahısında ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyət də yer alıb.
Təşkilat Komitəsindəki mənbə koronavirus üzündən yarışın ləğvi halında məhz bu bəndin qüvvəyə minəcəyini bildirib. Lakin qurum rəsmi açıqlama verməyə tələsmir.
İyulun 24-dən avqustun 9-dək keçiriləcək Olimpiya Oyunlarına artıq 5,08, avqustun 25-dən sentyabrın 6-dək baş tutacaq Paralimpiya Oyunlarına 1,65 milyon bilet satılıb.
Qeyd edək ki, futbol üzrə AVRO-2020-ni bir il təxirə salan UEFA biletləri qaytarmaq istəyən azarkeşlərə ödədikləri məbləğlərin bütünlüklə qaytarılacağını açıqlayıb.