Son illər Azərbaycanda həm ətin qiyməti, həm də idxalı artır.
Ekspertlər bunun səbələrini müxtəlif amillərlər izah edirlər. Bura heyvandarlıqda problemlər, yem bazası və örüş yerlərinin azlığı daxil edilir.
Dövlət Gömrük Komitəsinin ölkəyə ət idxalı ilə bağlı açıqladığı rəqəmlər idxalın armasını göstərir. Komitənin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 35 milyon dollarlıq ət gətirilib. Bu o deməkdir ki, Azərbaycan 34 min 860 ton ət idxal edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun fikrincə, yerli istehsal daxili tələbatı ödəmək üçün kifayət etmir: “Əvvəllər də ət xaricdən idxal olunurdu. İndi isə idxal daha da artıb və bununla əlaqədar ətin qiymətində də artım var”.
Deputat qeyd edib ki, daha çox yerli istehsala fikir vermək, sahibkarlara güzəştli kreditlərin verilməsini artırmaq lazımdır. “İşğaldan azad olunmuş ərazilərdə heyvandarlıqla məşğul olmaq mümkündür və artıq müəyyən insanlar da məşğuldurlar. Bu ərazilərdə heyvandarlıq inkişaf etsə, bu, ətin idxalından da bizi azad edəcək”.
İqtisadçı Fuad İbrahimov bildirib ki, ətin bahalaşmasına təsir edən ilk amil yem bazarındakı qiymət artımıdır: “Dnyada yem bazarında kifayət qədər bahalaşma var. Hazırda ölkədə yem bazarının artırılması, onun qiymətlərinin ucuz olmasını təmin etmək mümkün deyil. Buna görə də idxalı artırırıq”.
Mütəxəssisin sözlərinə görə, hazırda sahibkarlara əti idxal etmək daha sərfəlidir, nəinki istehsal etmək. Onun sözlərinə görə, həm əhalinin ət məhsullarını sevməsi, həm də turizm sektorunun inkişafı, ölkəyə gələn qonaqların sayının artması ətə olan tələbatı artırır. Hazırkı vəziyyətdə sahibkarlar əti Gürcüstan, Rusiyadan idxal edirlər. Çünki sahibkara əti xaricdən idxal etmək, istehsal etməkdən ucuz başa gəlir.
Mütəxəssis vurğulayır ki, sovet dövründə və ondan öncəki illərdə Kəlbəcər, Laçın ən zəngin örüş zonaları, yaylaqları ilə seçilib. Bu torpaqlar tam şəkildə iqtisadi dövriyyəyə cəlb edildikdən sonra yem bazası təkmilləşəcək və örüş zonaları yenidən kənd təsərrüfatı sektorunun heyvandarlıq istiqamətinə yönəldiləcək.
İqtisadçı Fikrət Yusifovun fikrincə idxal hesabına qiymətlərdə stabilləşmə yaratsaq da, hədəfimiz yerli istehsalı artırmaq və daxili bazarın ətə olan tələbatını ilk növbədə istehsal hesabına qarşılamaq olmalıdır. Bunun üçün yerlərdə heyvandarlıqla məşğul olan fermerlərə indikindən daha münbit şərait yaradılmalı və ilk növbədə regionlarda örüş yerləri ilə bağlı məsələnin həlli istiqamətində addımlar atılmalıdır.
Ekspert Vahid Məhərrəmovun sözlərinə görə, onsuz da Azərbaycan az ət istehsal və az istehlak edən ölkədir. Digər tərəfdən, get-getə ət idxalından asılılıq artır. Örüş sahələrinin pambıq və taxıl əkininin ixtiyarına verilib. Bununla da həmin ərazilərdə heyvandarlıqla məşğul olan əhali heyvanları kəsimə verməyə məcbur olublar. Nəticədə həmin sahibkarlar artıq demək olar ki, heyvandarlıqla məşğul olmur.
İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, deyir ki, örüş sahələrinin az olduğundan bu gün kənd yerlərində insanlar heyvandarlıqla məşğul ola bilmirlər. Bəzi bölgələrdə örüş yerləri, otlaq sahələri demək olar ki, yox səviyyəsindədir: “Heyvandarlıq üçün gərəkli olan örüş yerlərinin təyinatı dəyişdirilərək kənd təsərrüfatının digər sahələrinə yönəldilib. Məsələn, bir çox ərazilərdə örüş yerlərində pambıq sahələri salınıb. Doğrudur, indiki zamanda pambıqçılıq da vacib və lazımlı sahədir, o da olmalıdır. Lakin bir sahəni dirçəltmək üçün başqa bir sahəni məhv etmək olmaz. Mal-qara, ətlik heyvanların sayının azalması ətin qiymətinin qalxmasına gətirib çıxarır. Qıtlıq olanda isə bahalaşma yaranır”.
Onun sözlərinə görə, heyvandarlığın inkişafı üçün örüş yerlərinin olması başlıca şərtdir. Bu səbəbdən də bölgələrdə örüş yerləri üçün sahələr saxlanılmalıdır: “İşğaldan azad olunan ərazilərin heyvandarlıq potensialı çox yüksəkdir. Bu ərazilərdə kənd təsərrüfatının, o cümlədən, heyvandarlığın inkişafı üçün münbit şərait var. Minalanmış ərazilər tamamilə təmizləndikdən sonra bu ərazilərdə də örüş üçün yerlər ayrılmalıdır.
Azad İstehlakçılar Birliyinin (AYB) sədri Eyyub Hüseynovun sözlərinə görə, heyvandarlıq üçün vacib örüş yerləri (otlaqlar) pambıq əkini sahələrinə çevrilir. Yəni insanlar mal-qara saxlamaqdan imtina edir və pambıq əkininə keçirlər. Bu da heyvanların sayını azaldır, təbii olaraq qiymət artımına səbəb olur. İkinci səbəb odur ki, son 3 ildə heyvan yemləri təxminən 80 faiz bahalaşıb. Bu da ətin qiymətinə təsirini göstərir. 3-cü səbəb fərdi təsərrüfatlarda yetişdirilən heyvanların bazara çıxarılıb satılmasının demək olar ki, mümkün olmaması ilə bağlıdır. Bazarda söz sahibi alverçilərdir. Onların ət biznesi ilə sıx əlaqələri var və heyvan sahiblərinə malı birbaşa satmağa imkan vermirlər. Özü də alverçilər demək olar ki, qeyri-qanuni fəaliyyət göstərir, vergi ödəmir, özlərinə sərf edən qiyməti ətin üzərinə qoyur və bununla da bahalaşmaya stimul verir. Nəhayət, dördüncü səbəb də odur ki, heyvandarlıq sektoru getdikcə meqafermaların əlində cəmləşir. Onların yem və su resurslarına əlçatanlığı yüksək səviyyədədir, bu resursları elə mənimsəyiblər ki, fərdi təsərrüfatları asanlıqla sıxışdıra, kartel sövdələşmələrinə gedə və bazarda qiymətləri diktə edə bilirlər.
Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatına görə, bu il ölkədə ət istehsalı 3 faiz artıb. Fermerlər heyvanların süni mayalanma yolu ilə çoxaldılmasına daha çox maraq göstərməyə başlayıblar. 1 il ərzində ölkədə təxminən 90 minə yaxın süni mayalanma yolu ilə heyvan doğulur. Bu üsula marağın artmasının səbəbi odur ki, fermer öz təsərrüfatında gündə 2 litr süd verən 3 inək saxlamaq əvəzinə süni mayalanma yolu ilə alınmış gündə 10 litr süd verən 1 inək saxlamağa üstünlük verir. Bu səbəbdən ölkədə iribuynuzlu heyvanların baş sayı azalsa da, diri çəkidə ət və süd istehsalı artır”.
Açıqlamada qeyd olunur ki, süni mayalanma yolu ilə alınan hər buzova görə təsərrüfatçılara 100 manat subsidiya verilir. Bundan əlavə, ölkəmizdə iribuynuzlu heyvanlar arasında embrion transferi ilə bağlı pilot layihəyə start verilib ki, bu da gələcəkdə ətlik və südlük mal-qaranın sayının artmasına şərait yaradacaq.
V.ABBAS
Yazı MEDİA-nın “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb
