Onun donuz ürəyi –Heyvan ürəyinin insana köçürülməsi: Elm və din nə deyir?

7 saat davam edən ilk eksperimental əməliyyatdan – geni dəyişdirilmiş donuzun ürəyinin nəqlindən üç gün sonra 57 yaşlı amerikalı David Bennett özünü yaxşı hiss edir.

Həkimlərin sözlərinə görə, Bennettin vəziyyəti ağır olduğu üçün ona donor insan ürəyinin köçürülməsi mümkün olmayıb.

Çoxları bu əməliyyatı donor orqan transplantasiyasıyla bağlı gözləmə müddətini azaltmağa və bütün dünyada xəstələrin həyatını yaxşılığa doğru dəyişməyə kömək edəcək böyük tibbi uğur adlandırmağa tələsdilər.

Amma belə əməliyyatın etik baxımdan doğru olduğuna şübhə edənlər də var. Onlar xəstənin təhlükəsizliyi, heyvan hüquqları və dini mülahizələr kimi potensial əxlaqi problemlərə diqqət çəkirlər.

Beləliklə, insanlara donuz orqanlarının transplantasiyasıyla bağlı ziddiyyətlər hansılardır?

FOTO: Donuz ürəyi köçürülmüş David Bennet (sağda)

Tibbi nəticələr

Əməliyyat eksperimentaldır və xəstə üçün böyük risklər daşıyır. Transplantasiyalardan sonra orqanizm hətta uyğun insan orqanlarını da rədd edə bilər. Heyvan orqanlarının nəqlində isə böyük ehtimal ki, bu risk artacaq.

Həkimlər artıq onilliklərdir ki, sınaqdan keçirdikləri ksenotransplantasiyada (heyvan orqanlarının insanlara köçürülməsi) dəyişkən nəticələr əldə edirlər. Hələ 1984-cü ildə Kaliforniyada həkimlər babun ürəyi köçürməklə balaca qızı xilas etməyə çalışmışdılar. Amma o, 21 gün sonra vəfat etmişdi. Bu cür əməliyyatlar çox riskli olsa da, bəzi tibbi etika mütəxəssisləri hesab edirlər ki, risklərdən xəbərdar olduğu hallarda xəstə əməliyyat edilməlidir.

“İnsanın əməliyyatdan sonra tezliklə öləcəyini heç vaxt əvvəlcədən bilə bilməzsiniz. Amma risk etməsəniz, irəli getməyəcəksiniz. Düşünürəm ki, əgər insan risk dərəcəsini tam olaraq dərk edirsə, onun belə radikal bir eksperimentə imza atmaq hüququ olmalıdır” – deyə Oksford Universitetinin tətbiqi etika üzrə professoru Culian Savulesku deyib.

Professor həmçinin vurğulayır ki, xəstələrə süni ürək və insan ürəyi transplantasiyası da daxil olmaqla bütün mövcud variantları təklif etmək vacibdir.

Bennettin həkimlərinin dediyinə görə, onun vəziyyətində əməliyyat özünü doğruldub. Çünki başqa variantlar yox idi və bu transplantasiya olmasaydı o öləcəkdi. Professor Savulesku qeyd edir ki, istənilən belə əməliyyatdan əvvəl onun təhlükəsizliyinə əmin olmaq üçün toxumalar dərindən analizi edilməli, heyvanlar üzərində təcrübələr aparılmalıdır.

Amma Bennettin əməliyyatı eksperimental müalicələrdə tələb olunduğu kimi klinik sınaq çərçivəsində olmayıb. Üstəlik, ona verilən dərmanlar heç primatlar üzərində sınaqdan keçirilməmişdi də. Bununla belə, Bennettin əməliyyatının hazırlanmasında iştirak edən Merilend Universiteti Ali Tibb Məktəbinin əməkdaşı doktor Kristin Launun sözlərinə görə, həkimlər proses zamanı hər şeyi dəqiqliklə yerinə yetiriblər: “Biz bunu onilliklərdir laboratoriya şəraitində primatlar üzərində təcrübədən keçiririk ki, insanlar üçün təhlükəsiz hala gəlsin” – BBC-yə açıqlamasında Lau belə deyib.

Dini komponent

Daha bir problem dini səbəblərə görə heyvanların orqanlarından imtina etməli olanlara aid ola bilər. Alimlər ona görə donuzları seçiblər ki, onların orqanlarının ölçüləri insanlara daha çox uyğun gəlir və donuzları qeyri-azad şəraitdə çoxaltmaq nisbətən asandır.

Bu məsələ dinləri donuzlarla bağlı çox sərt qaydalar nəzərdə tutan yəhudilərə və müsəlmanlara necə təsir edə bilər?

Böyük Britaniya Səhiyyə Departamentinin Əxlaq və Etika Komitəsinin (MEAG) üzvü, London ravvini Moşe Fridman deyir ki, din yəhudilərə donuz saxlamağı və onun ətini yeməyi qadağan etsə də, donuz ürəyinin transplantasiyası heç bir şəkildə kaşrutu pozmur: “Yəhudi qanununun əsas məqsədi insan həyatını qorumaq olduğu üçün yəhudi xəstə özünün sağ qalma şansını və həyat keyfiyyətini artıracaq heyvan orqanının transplantasiyasına razılıq verməyə borcludur” – ravvin Fridman BBC-yə belə deyib.

İslamda da oxşar postulat var – insan həyatının xilas edilməsinə səbəb olan hallarda heyvanlardan istifadəyə icazə verilir. Misirin Ali Dini Əmrlər Şurası – “Dar əl-İfta”-nın bu məsələylə bağlı fitvasında deyilir ki, insan həyatı üçün təhlükə olduqda; orqanlardan birinin itirilməsi, xəstəliyin artması və ya davam etməsi, orqanizmin vəziyyətinin ciddi şəkildə pisləşməsi halında donuz ürəyinin qapaqlarının istifadəyə icazə verilir.

Professor Savuleskunun sözlərinə görə, kimsə dini və ya etik səbəblərə görə heyvan orqanlarının transplantasiyasından imtina edirsə, bu o demək deyil ki, donor insan orqanıyla təmin olunmada onların prioriteti mütləq rədd edilməlidir: “Kimsə deyə bilər ki, orqan almaq imkanın olduğu halda ondan imtina etmisənsə, növbə siyahısında sənin adını aşağı sürüşdürmək lazımdır. Amma bir başqaları qeyd edəcəklər ki, sən də digərləriylə eyni hüquqlara malik olmalısan. Biz bu iki nəzər nöqtəsini uzlaşdırmalıyıq”.

Cek Hanter/ BBC News

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə Nazirliyi Kəlbəcərdə itkin düşən hərbi qulluqçu ilə bağlı brifinq keçirib

Sonrakı məqalə

Son sutkada ölkədə 4268 nəfər COVID-19-a yoluxub