Finlandiya prezidenti Alexander Stubb bir gün əvvəl Ukrayna lideri Vladimir Zelenskidən Moskva ilə danışıqlara girməyi və atəşkəsə nail olmağı xahiş edən Macarıstan Baş naziri Viktor Orbanı tənqid edib.
Azpost.info xəbər verir ki, Stubb bildirib ki, Putin yalnız güc dilindən anlayır.
“Hazırda atəşkəsdə isrardan söhbət gedə bilməz. Rusiyanın anladığı yeganə şey gücdür. Ona görə də indi Ukraynaya nə qədər çox kömək etsək, müharibəyə bir o qədər tez son qoyacağıq”, – o deyib.
Finlandiya prezidenti Avropanı Kiyevə hərbi dəstəyi artırmağa, özünün müdafiə imkanlarını artırmağa və Rusiyanın “hibrid” hücumlarına qarşı durmağa çağırıb: “Ukraynanın maliyyə yardımı və siyasi dəstəyə ehtiyacı var ki, bu da Aİ və NATO üzvlüyünə gedən yolu gücləndirəcək”.
Stubb əlavə edib ki, Avropa öz sənayesinə uzunmüddətli perspektiv vermək üçün sursat və silah sifarişlərini birləşdirərək “müharibə iqtisadiyyatı”na keçməlidir. O, həmçinin Avropa İnvestisiya Bankını “qırmızı xətləri”ni aşmağa və müdafiə sənayesini maliyyələşdirməyə başlamağa çağırıb.
Azpost.info