“Ordum varsa, yurdum var!”

 Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Şərqin ilk demokratik hökumətinin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Şəxsi heyəti 1919-cu ilin sonlarında 25 min nəfər olan Azərbaycan Ordusunun 1920-ci ildə 40 min nəfərə çatdırılması planlaşdırılırdı…

Sovetlər imperiyası ADR-i ilhaq etdikdən sonra hərbi nazirlik ləğv olundu, ordu quruculuğunu başa çatdırmaq mümkün olmadı.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Bu tarix hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Vətən müharibəsindən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib.

Prezident İlham Əliyev  Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Bu gün rəşadətli ordumuz işğaldan azad olunmuş ərazilərdə öz mövqelərini daha da möhkəmləndirməklə yenidənqurma-bərpa işlərinə və Böyük Qayıdışa layiqli töhfələr verməkdədir.

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Ümummilli liderimiz Heydər Əliyevin sayəsində ölkəmizdə yeni ordu yaradıldı.

Hələ SSRİ zamanında -1971-ci ildə Ulu Öndərin yaratdığı Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi milli məktəb azərbaycanlı zabitlərin böyük dəstəsini meydana çıxardı. Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə və Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə qəbul olunmasına da nail olmuşdu. Sovet vaxtı qurulan C.Naxçıvanski adına Hərbi Liseyin müstəqil ölkəmizin Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna rolu olub.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra hərbi quruculuqda cidid böhranla üz-üzə qalan dövlətimiz başının üstünü almış müharibədə ağır sınaqları yaşamalı oldu. Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Ordu vahid komandanlıq ətrafında birləşdirildi. Ordu siyasi təsirlərdən xilas edildi.

Ulu öndər Heydər Əliyev ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırdı. Ordu dövlətin gündəlik qayğısı ilə əhatə olundu, bu istiqamətdə dövlətin bütün orqanlarının cavabdehliyi artırıldı.

Bu gün Ali Baş Komandan İlham Əliyev də Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Xalqın orduya doğma münasibəti, xalqın ordunu qayğı ilə əhatə etməsi daha da möhkəmlənib.

Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Dünya Azərbaycan Ordusunun gücünü 2016-cı ilin aprel ayında gördü. Dördgünlük Aprel döyüşləri, Naxçıvan Muxtar Respublikası ərazisində keçirdiyi Günnüt əməliyyatı ilə Silahlı Qüvvələrimiz  xalqımıza ilk qələbə sevincini yaşatdı.

Ermənistan hərbi qüvvələrinin təxribatının qarşısının alınması üçün həyata keçirilən əks-hücum zamanı pilotsuz uçuş aparatları, müasir silah və texnikaların səmərəli tətbiqi nəticəsində düşmənə güclü zərbələr vuruldu. Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndirdi, işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi.

Ordumuz torpaqlarımızı işğaldan azad etdi. 2020-ci ilin 27 sentyabrından 10 noyabra qədər davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı.

Dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi.

Bu uğurların qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz xidmətləri danılmazdır.

Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman hərbi qulluqçularımızın ailələri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və probemlərinin həlli istiqamətində mühüm addımlar atılır.

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanla hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı komissiyanın katibliyi müəyyənləşib. Bundan daha öncə, 2021-ci ilin iyun ayında Prezident İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb. 2021-ci ilin 1 iyul tarixindən qüvvəyə minən bu sərəncama əsasən işğaldan azad edilən ərazilədə xidmət edən hərbçilərin maaşları artırılıb.

Şəhid ailələrinə, o cümlədən sağlamlığını itirən hərbçilərə dövlət qayğısının artırılması, onların mənzil probleminin köklü şəkildə həll edilməsi istiqamətində də ciddi addımlar atılıb. 2017-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələri mənzil və fərdi evlə təmin ediliblər. Prezident İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Vətən müharibəsində həlak olan bütün şəhidlərin ailələrinin evlə təmin edilməsi ilə bağlı ölkə başçısının məlum göstərişi də, YAŞAT Fondunun yaradılması da Ali Baş Komandanın öz zabitinə, öz əsgərinə, onların ailələ üzvlərinə olan doğma münasibətinin göstəricisidir.

Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşı qardaş Türkiyə Respublikasıdır. Bu əməkdaşlıq eyni zamanda bölgədə sülhün təmin olunmasında mühüm rol oynayır. 2010-cu il sentyabrın 15-də imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə” Azərbaycan-Türkiyə hərbi əlaqələrinin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu müqavilə ilə Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradıldı. Müqavilənin 2-ci maddəsinə görə, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəklər. Bu sənəd faktiki olaraq iki qardaş ölkənin hərbi ittifaq müqaviləsi idi.

2021-ci il İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladıqları Şuşa Bəyannaməsi Azərbaycanın bölgədə hərbi və strateji gücünün nümayişi oldu. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı hərbi münasibətlərin əməkdaşlıqdan müttəfiqlik səviyyəsinə qaldırıldı. Azərbaycan və Türkiyənin təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi hərbi əməkdaşlığın yeni prioritetləridir.

Müdafiə sənayesi sahəsində mühüm əhəmiyyət kəsb edən əlaqələr də Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın əsas istiqamətlərindəndir. Müdafiə sənayesi sahəsində əməkdaşlıqdan danışarkən II Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun qələbəsində Türkiyə hərbi sənayesinin istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın Türkiyə ilə müdafiə sənayesi sahəsində müştərək istehsal kimi əməkdaşlıq üsullarının tətbiqi hərbi əməkdaşlığın perspektiv layihələridir.

Azərbaycan NATO ilə əməkdaşlığı çərçivəsində beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına da töhfə verir. Bu istiqamətdə, sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığı xüsusilə qeyd edilməlidir. Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir.

Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. NATO ilə fərdi tərəfdaşlıq üzrə əməliyyat planı, Planlaşdırma və Analiz Prosesi çərçivəsində nəzərdə tutulan tədbirləri reallaşdıran Azərbaycan Rusiya ilə də hərbi sahədə ciddi əlaqələrə malikdir. Azərbaycan Ordusunun hərbi texnika və silahla təchizatı baxımından genişmiqyaslı əməkdaşlıq etdiyi ölkələr sırasında Rusiyanın xüsusi yeri var.

Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır. İsrail dövləti ilə hərbi əməkdaşlıq Azərbaycanın beynəlxalq hərbi strategiyasında mühüm yer tutur. Son illər bu ölkə ilə hərbi sahədə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan İsrailin müdafiə sənayesi şirkətlərindən müasir pilotsuz uçuş aparatları, radarlar, raket sistemləri və sahil mühafizə vasitələri alır.

Hazırda Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.

“Ordun varsa yurdun var!” deyimi bu gün dünyanı sarmış geopolitik burulğanlar, siyasi ambisiyalar fonunda ən aktual şüardır. Ölkəmizin sərhədlərini və torpaqlarını dünyanın ən yaxşı, cəsur ordularından olan Azərbaycan ordusu göz bəbəyi kimi qoruyur.

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb

 

 

Əvvəlki məqalə

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Sonrakı məqalə

Ukrayna Baxmutun cinahlarında tərəqqi əldə edib –