“Örtülü bazar”ın açıq sualları –Ölkəmizin ÜTT-yə üzvlüyü nə vəd edir?

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 1995-ci ildə yaradılıb. Təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

Hazırda ÜTT-nin 164 üzvü vardır. Bundan başqa, 22 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. ÜTT-nın hədəflərdən biri qlobal ticarət qaydaları sistemi yaratmaq, əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılmasıdır.

Ölkəmizin qonşularının çoxu təşkilata üzvdür.

Azərbaycan isə artıq 26 ildir ki, üzv olmaq barədə danışıqlar aparır.

Ölkəmiz ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciətini 1997-ci ildə ÜTT Katibliyinə təqdim edilib və Azərbaycan üzrə ÜTT katibliyində İşçi Qrup yaradılıb. Hazırda çoxtərəfli danışıqlar qeyd edilən İşçi Qrup çərçivəsində aparılır. İşçi Qrupun 1-ci iclası 2002-ci ildə Cenevrədə təşkil olunub. 2004-cü ildən başlayaraq İşçi Qrupunun iclasları ardıcıl olaraq keçirilir.

Prezidentin 2 avqust 2006-cı il tarixli 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nda 39 normativ-hüquqi sənədin ÜTT tələblərinə uyğunlaşdırılması nəzərdə tutulub.

Bu istiqamətdə 18 normativ-hüquqi sənəd qəbul edilib. 10 sənədin isə layihəsi hazırlanaraq aidiyyəti orqanlarla razılaşdırılıb, həmçinin “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli Qanunu və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli Qanunu qəbul edilib. Bundan başqa 10 layihənin hazırlanması nəzərdə tutulur.

ÜTT-yə üzvolma prosesinin sürətləndirilməsi məqsədilə Nazirlər Kabinetinin 22 avqust 2003-cü il tarixli Sərəncamı ilə Azərbaycanın quruma üzvlüyünə hazırlıq işləri üzrə Komissiya yaradılib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Komissiyanın yeni tərkibi təsdiq edilib. Komissiyanın sədri Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevdir. Bu günədək Komissiyanın 11 iclası keçirilib.

Azərbaycanın ÜTT-yə üzvlüyü ilə əlaqədar mütəmadi olaraq təhlillər aparılır və nəticəsi aidiyyəti dövlət qurumlarına təqdim edilir. Belə ki, Aİ-nin maliyyələşdirdiyi ÜTT-yə üzvlüklə bağlı dəstək layihəsi çərçivəsində bir sıra ÜTT üzvlərinin götürdüyü öhdəliklər üzrə apardığı islahatlara dair təhlil sənədləri hazırlanıb. 2021-ci il ərzində həyata keçirilən Asiya İnkişaf Bankının maliyyələşdirdiyi layihə çərçivəsində isə Azərbaycanın ÜTT-yə üzvlüyünün təsirlərinin qiymətləndirilməsi ilə bağlı hesabat hazırlanmış və aidiyyəti dövlət qurumlarının iştirakı ilə müzakirə edilib.

ÜTT-yə üzvlüklə bağlı aparılan təhlillər nə göstərir?

Ekspert  Firuzə Nəhmədovanın sözlərinə görə, Azərbaycan ÜTT-yə üzvlük məsələsindəki mövqeyinə yenidən baxmalıdır. Üzvlük Azərbaycana Şərq və Qərb bazarları arasında adicə bir tranzit nöqtəsi olmaqdan daha çox şey vəd edir: “Məsələn, hazırda Azərbaycan ixracatı Çin bazarında kifayət qədər rəqabətə davamlı deyil. Səbəblərdən biri də bu ixracatda tətbiq olunan yüksək tarif dərəcəsidir. Bundan əlavə, demək olar ki, Azərbaycanın Orta Dəhlizdəki bütün Qərbi və Orta Asiya tərəfdaşları ÜTT üzvləridir və Çinə ixracatlarında MFN nisbətlərindən faydalanırlar. Bu iki fakt Azərbaycan ixracatını Çin bazarına daha az cəlbedici edir”.

Ekspertin fikrincə, digər sektorlarda Azərbaycanın ixracatçı şirkətləri də tarif endirimindən faydalana bilərlər. Bunun bir yolu eyni satış qiymətini qoruyaraq və daha az tarif ödəməklə marjalarını artırmaqdır. Beynəlxalq standartlara əməl etməklə keyfiyyətli rəqabət qabiliyyətindəki qazanclar uzunmüddətli perspektivdə Azərbaycanın yaxınlıqdakı ölkələrə də ixracını asanlaşdıracaqdır.

Firuzə Nəhmətova deyir ki, Azərbaycan iqtisadiyyatı enerji və kənd təsərrüfatı sektorlarından olduqca asılıdır. Tarif liberallaşması yeni məhsulların ixracını stimullaşdıraraq ölkənin ixrac səbətinə müsbət təsir göstərə bilər.

“Üzvlük ÜTT-nin Ticarət Mübahisələrinin Həlli mexanizminə giriş ədalətsiz ticarət tətbiqetmə qorxularının qarşısını alacaq. Mübahisələrin həlli sistemi azərbaycanlı ixracatçıları iqtisadi baxımdan əsası olmayan tarif maneələrindən qorumaq üçün imkanlar yarada bilər”.

Ekspertin sözlərinə görə, hazırda ticarət mübahisələrini həll etməyin yeganə yolu diplomatiyadır. Məsələn, belə hallardan biri Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (Rosselxoznadzor) Azərbaycandan müəyyən tərəvəz məhsullarının idxalına qadağa tətbiq etməsi idi: “Azərbaycan ÜTT üzvü olsaydı, ölkə kənd təsərrüfatı sektorunu ona qarşı tətbiq edilən ədalətsiz ticarət maneələrindən qorumaq üçün adı çəkilən həll mexanizmindən istifadə edə bilərdi”.

İqtisadiyyat İnstitutunun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin aparıcı elmi işçisi dosent Yunus Sadıqovun fikrincə, Azərbaycanın ÜTT-yə daxil olması ölkə iqtisadiyyatının inkişafı, onun dünya iqtisadiyyatına inteqrasiyası, birbaşa xarici investisiyaların cəlb edilməsi üçün çox önəmlidir: “Ölkənin ÜTT-yə daxil olması bu faydaların maksimum dərəcədə artmasına əhəmiyyətli şərait yaradacaq. ÜTT-nin yanaşmasına görə, yalnız iqtisadi azadlıq və ölkələr arasında beynəlxalq münasibətlərdə, beynəlxalq ticarətdə bərabərlik ölkənin sosial-iqtisadi yüksəlişinə kömək edir”.

Onun fikrincə, əslində Azərbaycanın gələcəkdə ÜTT-yə üzv olması dövlət tənzimləmə üsullarına yeni mahiyyət verəcək, iqtisadiyyatın xaricə açılması və ticarətin liberallaşdırılması ümumilikdə ölkə iqtisadiyyatının inkişafına güclü təkan olacaq.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) doktorantı Elmir Mehdiyevin sözlərinə görə, ÜTT-yə üzv olmaq üçün ilk növbədə rəqabət qabiliyyətli yerli istehsalı  inkişaf etdirmək lazımdır. Dünya bazarında rəqabət qabiliyyətli son məhsul və xidmətlərlə çıxış etmək üçün yerli istehsalın inkişaf səviyyəsi hələki nəzərəçarpacaq dərəcədə yüksək səviyyədə deyil.

“Bununla belə, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensial vardır. Son illər Azərbaycanda kənd təsərrüfatı sektorunda aparılan islahatlar onu deməyə imkan verir ki, yaxın gələcəkdə ölkə dünya bazarına daha çox və rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları çıxarmaq imkanına malik olacaq. ÜTT çərçivəsində üzv ölkələr üçün kənd təsərrüfatı sektoru üzrə xüsusi güzəştlər təklif edilir və Azərbaycan da bu güzəştlərdən faydalana bilər. Belə ki, ÜTT-yə üzv qəbul edilərkən ölkələrin mövcud vəziyyəti fərqləndirilir və bəzi şərtlər bu vəziyyətlə uyğunlaşdırılır. Bu şərtlərə əsasən tarif güzəştlərinə keçid dövrü və kənd təsərrüfatında ixraca subsidiyaların həcmi daxildir”.

O qeyd edib ki, ÜTT-yə üzvlük dövlətlərin öz daxili bazarlarını qorumaq imkanlarından məhrum etmir. Bu təşkilata üzv olmaq dərhal tariflərin aşağı salınması anlamına gəlməməlidir: “Azərbaycan ÜTT-yə üzv qəbul edildikdən sonra tezliklə tarifləri aşağı salacağı gözlənilmir. Gömrük tarifləri ikitərəfli danışıqlar əsasında müəyyən edilir və bəzi gömrük tarifləri artırıla da bilər. Digər tərəfdən, danışıqlar zamanı “fiks tariflər” (“təsbit edilmiş tariflər”) müəyyən edilir ki, dövlət gələcək tariflərlərlə bağlı qabaqlayıcı tədbirlər görməlidir. Eyni zamanda, dövlət tərəfindən milli valyutanın real məzənnəsinin xarici valyutalara nisbətdə aşağı olmasını təmin edilməsilə ixrac tələbinin artması səbəbindən dövlətin daxili istehsalın artmasına  gətirib çıxara bilər”.

Ekspertin fikrincə, ikinci mühüm məsələ – kənd təsərrüfatında ixraca subsidiyaların həcminə tətbiq edilən nisbi kvota ilə bağlıdır. Bu kvota inkişaf etməkdə olan ölkələr üçün subsidiyaların kənd təsərrüfatı məhsulunun ümumi həcmində 10%, inkişaf etmiş ölkələr üzrə isə 5% miqdarında verilir. Bu şərtə görə, Azərbaycan 10% həcmində güzəştdən faydalana bilər.

O bildirib ki, Azərbaycanın ÜTT-yə üzv olması davamlı iqitsadi inkişafı təmin etmək üçün çox əhəmiyyətlidir: “ÜTT-yə üzv olmaq üçün Azərbaycanın kifayət qədər böyük potensialı vardır. Lakin təşkilata üzvlüyün ilk illərində müəyyən problemlərlə qarşılaşacağı qaçılmazdır. Ona görə də, Azərbaycanın bu təşkilata üzv olması ilə əlaqədar qarşılaşa biləcəyi problemləri və əldə edəcəyi qazanclarını dəqiqliklə müəyyənləşdirmək üçün dərin araşdırmalar aparılmalıdır”.

İqtisadçı Natiq Cəfərlinin fikrincə, Azərbaycan ÜTT-yə üzv olmaq istəmir və Avropa İttifaqı ilə geniş sazişin imzalanmasını yubadır, bununla da uzun illərdir ki, bəzi beynəlxalq öhdəliklərdən qaçır. İqtisadçı hesab edir ki, Azərbaycan istehsalçıları Avropa bazarlarında özlərinə yer tapmağı orta və uzunmüddətli hədəf kimi qarşıya qoymalıdırlar.

“Beynəlxalq bazarlara çıxmaq üçün ilk tələb olunan məsələ ÜTT standartlarıdır. Bu standartları Azərbaycan qəbul etmədən dünya bazarlarına ikitərəfli müqavilələrlə çıxa bilir ki, bu da müəyyən əngəllər yaradır. İlkin olaraq hüquqi baza yaradılmalı, bundan sonra rəqabətli bazara çıxış imkanları, qablaşdırma, sertifikatlaşdırmanın həmin o beynəlxalq bazaya uyğun şəkildə aparılması öyrədilməlidir. İlk illərdə təşviq paketi kimi həmin sertifikatların alınmasına çəkilən xərclər, hüquqi prosedurlar dövlət tərəfindən dəstək kimi edilə bilər. Biz gec-tez dünya bazarlarına çıxmalıyıq. Bunu öyrənmək üçün gecikmişik”.

N.Cəfərlinin sözlərinə görə, ÜTT-yə üzvlük o deməkdir ki, beynəlxalq oyun qaydalarını qəbul edirsən. Onun sözlərinə görə, burada gömrük rüsumları, sərhədlərin sürətli keçilməsi, mal və xidmətlərin sertifikatlaşması ilə bağlı müəyyən beynəlxalq standartlar var.

“Hökumətin rəsmi mövqeyi ondan ibarətdir ki, ona görə üzv olmuruq ki, daxildə kənd təsərrüfatı istehsalçılarına dotasiya vermək çətinləşəcək və bu da bizim məhsulların rəqabətlilik gücünü azaldacaq. Daxili bazara çoxlu sayda xarici istehsalçılar sərbəst şəkildə girə bilər. Bu, ilk baxışda məntiqli görünsə də, uyğunsuzluq var, axı Azərbaycanda 10 milyon istehlakçı var. İstehlakçı nöqteyi-nəzərindən baxanda bazarda oyunçuların çox olması daha yaxşıdır – keyfiyyət düzələcək, rəqabət artacaq, qiymət aşağı düşəcək. Hökumətin gətirdiyi arqumenti də neytrallaşdırmaq mümkündür. Subsidiyanı birbaşa vəsait kimi verməyə bilərsən – gübrə, toxum, avadanlıq, yanacaq kimi vermək olar, dövlət satınalmalarında ancaq yerli məhsullara icazə verilə bilər. Hərbi, bağça, məktəb, xəstəxanaların təchizatı üçün yerli məhsullardan istifadə etmək olar”.

Deputat  Vüqar Bayramovun fikrincə, MDB-nin Qərbdə yerləşən respublikalarından yalnız Azərbaycan və Belarus ÜTT-yə üzv deyil. İqtisadçı deyir ki, ÜTT-yə üzvlüyün neqativ təsirləri adlandırılan məqamlar var: “Ehtiyatlı olmağın səbəblərindən biri ondan ibarətdir ki, ÜTT xarici ticarətin liberallaşdırılmasını tələb edir. ÜTT-yə üzv olduqdan sonra Azərbaycanda gömrük tarifləri mərhələli şəkildə aşağı salınmalı, xarici kapitalın ölkəyə daxil olması liberallaşdırılmalıdır.

Ən böyük narahatçılıq ondan ibarətdir ki, yerli şirkətlərin, kapitalın xarici şirkətlər və kapitallarla rəqabət aparmaq imkanları məhdudlaşa bilər. Nəticədə isə yerli kapitalın sıradan çıxması prosesi baş verə bilər. Xüsusilə, bank və maliyyə sektoru ilə bağlı bu tip ehtiyatlılıqlar var”.

Deputat deyib ki, ÜTT-yə üzv olduqdan sonra bəzi ölkələrdə demək olar ki, yerli bankların əksəriyyəti müflis oldu, Digər məqam aqrar sektorla bağlıdır. Aqrar sektorda Azərbaycan ÜTT-yə inkişaf etməkdə olan ölkə kimi daxil olmaq istəyir. Amma ÜTT Azərbaycana inkişaf etmiş ölkə statusu təklif edir. Bu o deməkdir ki, Azərbaycan indiki məqamda istehsal olunan aqrar məhsulların 10 faizi həcmində subsidiya limiti istəyir. Amma ÜTT 5 faiz təklif edir. Bu da müzakirələrin sürətinə təsir edir. Azərbaycan daha çox subsidiya əldə etməyə çalışır ki, aqrar sektorda fermerlərin rəqabət qabiliyyətini qoruyub saxlamaq mümkün olsun.

Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı işçi qrupunun sonuncu -14-cü iclası 28 iyul 2017-ci ildə Cenevrədə keçirilib. İclasda qeyri-neft sektorunun inkişaf etdirilməsilə bağlı Dövlət Proqramları, 2020-ci ilədək icrası nəzərdə tutulan Strateji Yol Xəritələri haqqında üzv ölkələrə məlumat verilib.  İclasdan sonra ABŞ, Aİ və Türkiyə tərəfindən Azərbaycana suallar təqdim olunub.

Azərbaycanın ÜTT-yə daxil olması ölkədə rəqabət mühitinin daha da inkişaf etməsinə, açıq bazarın, rəqabətli şəraitin yaranmasına gətirib çıxarır. Belə məqamda rəqabətə tab gətirməyən sahibkarlıq subyekti aradan çıxsa da, onun əvəzində daha rəqabətə davamlı, biznes qaydalarına riayət edən, həm daxili, həm beynəlxalq bazarda rəqabət aparan müəssisələr meydana gələcək.

 

G.HÜSEYNOVA

Yazı MEDİA-nın  dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

Britaniya əks-kəşfiyyatı Baydenə terror təhlükəsi barədə xəbərdarlıq edib

Sonrakı məqalə

“Suraxanıda Hacıbala Abutalıbov və İlqar Abbasov bütün torpaqları satıb” –