Osmanlı valisinin Hindistandan gətirdiyi manqo Misirin əsas meyvəsinə necə çevrildi?

Hazırda mövsümü başlayan və Misirin bolluq rəmzi olan manqonun bu ölkədə maraqlı tarixçəsi var.

Bu meyvəni müasir Qahirənin qurucusu hesab edilən Osmanlı valisi Məhəmməd Əli Paşa 1832-ci ildə Hindistan və Seylondan gətirib və Şubra adlanan ərazidə manqo plantasiyası salınmasını əmr edib. Bu bağların günümüzə gəlib çatan ən qədimi Ayn Şəms Universitetinin ərazisində qalıb. Həmin vaxt cəmi bir neçə növü olan manqo ağaclarının, hazırda Misirin müxtəlif bölgələrində 200-dən çox sortu yetişdirilir. Hindi, Alfons, Teymur, Fas, Avis sortları qiymət, dad və rəng etibarilə fərqlənir. Keyfiyyəti və dadına görə manqo sortlarının qiymətləri 20-60 Misir funtu (2-6 AZN) arasında dəyişir. Zebda (kərə yağı) sortuna aid olan meyvəni isə evdə ilboyu saxlamaq mümkündür və bu səbəbdən misirlilər ona daha çox üstünlük verirlər. Manqonun tərkibində müxtəlif vitaminlər, həmçinin dəmir, sink, fosfor, maqnezium və kalsium var.

Misir manqosu BƏƏ, Avropa İttifaqı ölkələri, Yəmən, Səudiyyə Ərəbistanı, Liviyaya göndərilir. Lakin ildə istehsal olunan 1 milyon 205 min meyvənin cəmi 10 faizi ixracatın payına düşür.

Hazırda davam edən manqo meyvəsinin tədarükü noyabradək davam edəcək. Asuan vilayətində isə ənənəvi manqo festivalı keçiriləcək. (Azərtac)

Əvvəlki məqalə

Laçını tərk edən ermənilər Azərbaycan ərazilərinə od vurur –

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri