Özbəkistanda parlamentin Ali Məclisinə sədr seçilib

20 Yanvar 2020 - 14:10

Yeni seçilmiş Özbəkistan parlamentinin aşağı palatası-Ali Məclisinin birinci iclası keçirilib.

İclasda iştirak edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yeni seçilən deputatları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Dövlət başçısı deyib ki, Ali Məclisə gənclər təşkilatlarının 9 üzvü və 48 qadın da seçilib.

Seçkilərdə ən çox mandat qazanmış Liberal-Demokrat Partiyasının Ali Məclisdəki fraksiyasının rəhbəri Aktam Xaitov parlamentin spikeri vəzifəsinə yenidən Nuriddinjon İsmayılovun namizədliyini irəli sürüb. Gizli səsvermə yolu ilə Nuriddinjon İsmayılov Ali Məclisin sədri seçilib.

Xatırladırıq ki, ötən il dekabrın 22-də və bu il yanvarın 5-də Ali Məclisə seçkilər keçirilib, 150 deputatdan ibarət parlament formalaşdırılıb(azərtac).