Özbəkistanda keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumunda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə təmsil edir. O, Daşkənddə Özbəkistanın Baş müftisi Nuriddin Xoliqnazarovla görüşərək iki qardaş ölkə arasında münasibətləri və İslam həmrəyliyini müzakirə edib.
7-11 iyul tarixlərində Özbəkistanda I Beynəlxalq İslam Sivilizasiyası Forumu keçiriləcək.
Forumun keçirilməsində əsas məqsəd XXI əsrdə müsəlman coğrafiyasında qarşılıqlı hörmətin təşviq edilməsi və İslamın əsl mahiyyəti olan sülh və maarifçiliyin dünyaya çatdırılmasıdır.
Forumda Azərbaycanı Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə təmsil edir. Bu məqsədlə iyulun 6-da Daşkəndə səfər edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Özbəkistan Müsəlmanları İdarəsinin sədri, Baş müfti Nuriddin Xoliqnazarovla görüşüb. Allahşükür Paşazadə Özbəkistanın ona hər zaman doğma olduğunu qeyd edərək, burada vaxtilə təhsil aldığı illəri xatırladıb.
Qardaş Azərbaycan və Özbəkistan xalqları arasında dərinləşən münasibətləri xüsusi olaraq vurğulayan Bütün Qafqazın Şeyxi Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şafqat Mirziyoyevin bu istiqamətdə həyata keçirdikləri böyük səylərindən danışıb. Allahşükür Paşazadə eyni zamanda Ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə, Kommunist Partiyası Siyasi Bürosunun üzvü olduğu illərdə İttifaqa daxil olan bütün müsəlman xalqları üçün ümid işığı olduğunu qeyd edib. Görüş çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu, fəxri hədiyyələr təqdim edilib.
Daha sonra Azərbaycan nümayəndə heyəti Daşkənddə yerləşən İslam Sivilizasiya Mərkərinə baş çəkib. Mərkəzin binasında 100 min əlyazma və bir milyondan çox kitab daxil olmaqla, nəhəng kitabxana və İslam Sivilizasiyası Mərkəzinin elmi şöbəsi, beynəlxalq təşkilatların ofislərinin yerləşir. Burada həmçinin ekspozisiyanın mərkəzində yerləşən “Müqəddəs Quran” zalında müsəlman dünyasının mənəvi incisi hesab edilən “Osman Quranı” barədə geniş məlumat verilib.
İslam Sivilizasiyası Mərkəzində I Beynəlxalq İslam Sivilizasiyası Forumu məqsədilə Özbəkistana gəlmiş qonaqlar üçün xüsusi mərasim keçirilib. Mərasimdə ICESCO-nun baş direktoru Səlim Əl-Malik, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, Özbəkistan Müsəlmanları İdarəsinin sədri Nuriddin Xaliqnazarov və digər rəsmi şəxslər iştirak ediblər. Qeyd edək ki, I Beynəlxalq İslam Sivilizasiyası Forumu Daşkənd, Səmərqənd və Buxara şəhərlərində keçiriləcək.











