İslam və katolik xristianlığının ortaq mənəvi prinsipləri əsasında elmi-dini baxış
Azərbaycan tarixən müxtəlif dini ənənələrin və mədəniyyətlərin qarşılıqlı hörmət şəraitində mövcud olduğu ölkələrdən biri kimi tanınmışdır. İslam, xristianlıq və yəhudilik əsrlər boyu ölkəmizin mənəvi-mədəni həyatında mühüm rol oynamış, dini müxtəliflik tarixi irsimizin ayrılmaz hissəsinə çevrilmişdir.
Dini harmoniya fərqli inanclara mənsub insanların qarşılıqlı hörmət, anlaşma və əməkdaşlıq şəraitində yaşamasını, bir-birinin etiqadına və hüquqlarına ehtiram göstərməsini ifadə edir. Hesab edirik ki, Azərbaycanın dini harmoniyasının əsasını vicdan azadlığı, insan ləyaqəti, mərhəmət və Vətənə bağlılıq təşkil edir.
Qafqaz Albaniyasından qalan xristianlıq abidələri, qədim məscidlər, kilsələr və sinaqoqlar ölkəmizin çoxəsrlik dini tarixinin mühüm nümunələridir. Bu abidələrin qorunması tarixi irsə və dini müxtəlifliyə ehtiramın göstəricisidir.
İslam və katolik xristianlığı: ortaq mənəvi prinsiplər
İslam və katolik xristianlığı teoloji baxımdan fərqli olsa da, onların əxlaqi təlimlərində sevgi, mərhəmət, ədalət, sülh, ailə dəyərləri və ehtiyacı olanlara yardım kimi ortaq prinsiplər mühüm yer tutur.
Qurani-Kərimin Maidə surəsinin 8-ci ayəsində ədalət, Hucurat surəsinin 13-cü ayəsində xalqların bir-birini tanıması vurğulanır. Matta İncilinin 22:39-cu ayəsindəki “Qonşunu özün kimi sev” çağırışı da insan münasibətlərinin əsas əxlaqi prinsiplərindəndir.
Katolik kilsəsinin sosial təlimində insan ləyaqəti, həmrəylik və ümumi rifah mühüm yer tutur. Bu prinsiplər İslamın mərhəmət, ədalət və qardaşlıq çağırışları ilə ortaq mənəvi zəmin yaradır.
Ortaq dəyərlər dinlər arasındakı etiqadi fərqləri aradan qaldırmır. Əsl dinlərarası dialoq fərqləri inkar etmədən, qarşılıqlı hörmət və anlaşma əsasında əməkdaşlıq qurmaqdır. Dini qardaşlığın mahiyyəti də insanlıq, ədalət, mərhəmət və sülh naminə ortaq mövqe nümayiş etdirməkdədir.
Dünyəvi dövlət və vicdan azadlığı
Müsəlman və katolik dini icmaları arasında dialoqun genişlənməsi, qarşılıqlı ziyarətlər və birgə humanitar təşəbbüslər cəmiyyətdə etimadı gücləndirir. Gənclərin dini maarifləndirilməsi, fərqli inanclara hörmət ruhunda tərbiyəsi və radikal düşüncələrin qarşısının alınması da mühüm əhəmiyyət daşıyır.
Mənəvi həmrəylik və milli birlik
Müxtəlif dini icmaların ümumi Vətən qarşısında eyni məsuliyyəti bölüşməsi dini harmoniyanın əsas göstəricilərindəndir. Vətən sevgisi, dövlətə hörmət və milli-mənəvi irsin qorunması ümumi vətəndaşlıq dəyərləridir.
Azərbaycanın müsəlman, xristian və yəhudi icmaları ictimai-mədəni həyatda iştirak etməklə milli birliyə töhfə verirlər. Bu birlik dini fərqlərin aradan qaldırılmasını deyil, onların qarşılıqlı hörmət şəraitində qəbul edilməsini nəzərdə tutur. Dini icmaların xeyriyyəçilik, humanitar yardım və maarifləndirmə sahəsində əməkdaşlığı da harmoniyanın real təzahürüdür.
Azərbaycanın dini harmoniyası tarixi ənənələrə, hüquqi təminatlara və ortaq mənəvi dəyərlərə əsaslanır. Onun qorunması dövlətin, dini icmaların və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.
Biz fərqli dini ənənələrə mənsub müəlliflər kimi inanırıq ki, dinin mühüm missiyalarından biri insanları yaxşılığa, ədalətə, mərhəmətə və sülhə çağırmaqdır. İslamın mərhəmət və ədalət prinsipləri ilə katolik xristianlığının sevgi və insan ləyaqəti təlimi bəşəri rifah naminə əməkdaşlıq üçün ortaq zəmin yaradır.
Fərqli inanclarımız olsa da, bizi birləşdirən mənəvi dəyərlər, insanlığa xidmət və Vətənə bağlılıqdır. Azərbaycanın dini harmoniyasının gücü də məhz bu birlikdə təcəssüm olunur.
Samid Quliyev,
İlahiyyatçı-alim
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı
Toral Ağayev
Katolik kilsəsinin mətbuat katibi
Fərqli inanclar, ortaq mənəvi dəyərlər
Əlaqəli xəbərlər
Növbəti xəbər yüklənir...