Daha bir dələduzluq cinayəti ilə məhkəmə prosesi yekunlaşıb.
Qaynarinfo xəbər verir ki, cinayət hadisəsi Sumqayıtda baş verib.
E.S. özünü Prezident Adminstrasiyasının vəzifəli şəxsi kimi təqdim edərək G.M.-nın oğlunu Təcili Tibbi Yardımda sürücü düzəldəcəyini vəd edib. Bundan başqa, o G.M.-nın məktəbdə müəllim işləyən, lakin pensiya yaşı çatan xanımının işini davam etdirməsinə yardımçı olacağını bildirib. Görüləcək işlərin müqabilində isə G.M.-dan 8000 manat pul alıb.
Lakin sonradan məlum olub ki, E.G. yalan danışır. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. E.G. şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib.
İşin məhkəmə istintaqı Sumqayıt Şəhər Məhkəməsində hakim Ramiz Quliyevin sədrliyi ilə aparılıb. E.S. məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib. Əməlindən peşman olduğunu deyən müttəhim dəymiş zərəri ödəmək imkanı olmadığını əlavə edib.
Zərərçəkmiş isə dəymiş zərər ödənilmədiyinə görə E.S-dan şikayətçi olduğunu bildirib.
Məhkəmə verilmiş ittiham üzrə E.S-nı təqsirli bilərək ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.