Pandemiya dünyada balıq və balıq məhsullarına tələbatı azaldıb, lakin konserv qida məhsullarının satışlarının artımına səbəb olub. Koronavirus və azalan gəlirlər səbəbindən istehlakçılar uzunmüddətli ehtiyatlar yaratmağa və qənaət etməyə başlayıb. Pandemiya təzə dondurulmuş balıq və emal olunmuş məhsulların satışına təsir göstərməyib.
“APA-Economics” xəbər verir ki, bu barədə RİA “Novosti”yə Rusiya Balıqçılıq Müəssisələri, Sahibkarlar və İxracatçılar Birliyindən bildirilib.
Qeyd olunub ki, karantin zamanı kafe və restoranların bağlanması səbəbindən təzə balıqlara tələb azaldı.
BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyanın müxtəlif ölkələrində karantin və sərhədlərin bağlanması balıqçılıq müəssisələrinin işinə mənfi təsir göstərib.
Bununla yanaşı, dondurulmuş dəniz məhsulları, həmçinin konservləşdirilmiş, qablaşdırılmış və ya emal edilmiş tuna balıqlarına qlobal tələbat artıb. Bu sahədə ən çox premium təzə dəniz məhsulları seqmenti zərər çəkib idi – lobster, təzə qızılbalıq, səkkizayaqlılar (osminoq), kalmar, molyusklar və s.
Karantin aradan qaldırıldıqdan və ictimai iaşə müəssisələrinin işə başlamasından sonra tələbin tədricən bərpa olunacağı gözlənilir.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanda 2019-cu ildə balıq və digər su bioloji resurslarının ovu üçün verilmiş 1 185,8 ton kvotaya qarşı 1 176,6 ton və ya 2018-ci illə müqayisədə 27,1% az balıq ovlanıb. Ovlanmış balığın 694 tonu kilkə, 105,7 tonu kütüm, 81,3 tonu siyənək, 69,9 tonu kefal, 59,7 tonu külmə, 40,8 tonu çapaq, 45,4 tonu çəki, 20 tonu dabanbalığı, 10 tonu sıf, 8,2 tonu şamayı, 5 tonu naxa, 3,4 tonu qarasol, 2 tonu xəşəm, 31,2 tonu digər balıq növlərinin payına düşüb. 2019-cu ildə balıqçılar tərəfindən kvota üçün 101,6 min manat ödənilib. Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə 2019-cu ildə ilkin məlumata görə 63 084 ton balıq ovlanıb ki, bu da 2018-ci ildəkindən 1,9% çoxdur.
Bundan başqa, 2019-cu ildə Azərbaycanda vətəgə sahələrində balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2 268,3 min manat vəsait sərf olunub. Həmin vəsaitin 89,7%-i süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 10,3%-i isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.
Ötən il balıqartırma müəssisələri tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 131,7 mln. ədəd balıq körpələrinin 127,8 mln. ədədi bitki ilə qidalanan balıq körpələrinin, 3,4 mln. ədədi çəkikimi balıq körpələrinin, 0,3 mln. ədədi nərəkimi balıq körpələrinin və 0,2 mln. ədədi qızılbalıq körpələrinin payına düşüb.