“Partiya kimi fəaliyyət göstərməyin mənası qalır, ya yox? İndi sual budur” –PƏNAH HÜSEYNDƏN AXCP VƏ MÜSAVATA İTTİHAM /MÜSAHİBƏ

Ölkənin siyasi spektrində “Siyasi partiyalar haqqında” yeni Qanuna münasibət birmənalı deyil. Qanunun siyasi mühiti dəyişəcəyi, şəxsi təsərrüfat kimi idarə edilən xırda partiyaların sıradan çıxacağını və normal siyasi fəaliyyəti təmin edəcəyini iddia edənlərlə yanaşı, layihəni hakimiyyətin təkpartiyalı sistemə doğru siyasi kurs götürməsinin təzahürü hesab edənlər də var.

Azpost.info mövzu ilə bağlı Azərbaycan Xalq Partiyasının sədri, keçmiş Baş naziri Pənah Hüseynlə söhbətləşib.

“Yeni qanun siyasi partiyalara dövlət nəzarətini artırıb”

Pənah bəy, “Siyasi partiyalar haqqında” yeni Qanunla bağlı mövqeyiniz nədən ibarətdir?

-Həm Azərbaycan Xalq Partiyası, həm də mən Pənah Hüseyn olaraq yeni qanunla bağlı mövqeyimizi aydın və konkret şəkildə müəyyən etmişik. Mövqeyimiz ondan ibarətdir ki, bu qanun Azərbaycanda çoxpartiyalı siyasi sistemin formalaşması üçün ciddi problem yaradıb. Həm yeni siyasi partiyaların təsis olunması və qeydiyyata alınması, həm də mövcud partiyaların faktiki olaraq yenidən qeydiyyatdan keçmələri ilə bağlı tətəblər və bu tələblərin həddindən artıq ağırlaşdırılması, qeydiyyatı olmayan partiyaların fəaliyyətinin qadağan edilməsi, bunun kriminallaşdırılması, yəni, cinayət məsuliyyətinin müəyyən edilməsi çoxpartiyalı siyasi sistemin problemlərini artırır. Bundan əlavə yeni qanun qeyri-adekvat şəkildə siyasi partiyalara dövlət nəzarətini artırıb və faktiki olaraq hakim siyasi qüvvənin maraqlarına uyğun şəkildə asılı vəziyyətə salıb. Son ana qədər gözləntilər var idi ki, Venesiya Komissiyasının rəyinin hansısa təsiri olacaq, yaxud da tənqidlər nəzərə alınacaq. Lakin bu baş vermədi. Böyük ehtimalla yaxın vaxtlarda bu istiqamətdə mövqelər ortaya qoyulacaq.

-Qanuna etiraz edən siyasi qüvvələrin atdığı addımlar yetərli idimi?

-Birincisi, bu müxalifət məsələsində də qeyri-müəyyənlik yaranıb. Özünü müxalifət hesab edən siyasi partiyalar digərləri tərəfindən qəbul edilmir, yaxud əksinə. Hesab edirəm ki, ilk növbədə bu vəziyyət aradan qalxmalıdır.

-Bunun üçün hansı addımlar atılmalıdır?

-Hesab edirəm ki, bu məsələni xüsusi qabardan konkret olaraq AXCP və Müsavat Partiyasının üzərinə çox ciddi məsuliyyət düşür.

“Həqiqətən imitasiya müxalifəti var, amma bunu gündəmə gətirmək yanlış idi”

Hansı məsuliyyətdən söhbət gedir?

-“Real və imitasiya müxalifəti” diskursu əsasən bu partiyalar tərəfindən gündəmə gətirilir. Demirəm ki, bu yanaşma əsassızdır. Həqiqətən də imitasiya müxalifəti var. Amma hesab edirəm ki, bunun az qala prioritet məsələ kimi gündəmə gətirilməsi yanlış idi. İndi biz bunun “bəhrələrini” hiss edirik. Çünki iqtidar öz maraqları çərçivəsində belə vəziyyətdən səmərəli şəkildə istifadə edə bilir və etdi. Konkret olaraq qanunun hazırlanması dövründə biz bunu əyani gördük və indi də müşahidə edirik və belə görürəm ki, müşahidə etməkdə də davam edəcəyik. Çünki faktiki olaraq buna qarşı müqavimətin göstərilməsi və yaxud effektiv cavabların tapılması da müşkülə çevrilib. Hər şey bir yana, cəmiyyət ən azı bu iki partiyanın özlərinin arasında yekdil mövqe müşahidə etmədi. Mən təbii ki, digərlərinin və rəhbəri olduğum partiyanın üzərindən məsuliyyəti atmaq fikrində deyiləm. Hər halda mümkün qədər tez bir zamanda bu istiqamətdə hansısa mövqelər müəyyənləşməlidir. Yəni, milli demokratik qüvvələrin də qanuna münasibətdə mövqeləri dəqiqləşməlidir. Davam, yoxsa fərqli siyasi mühit yarandığına görə fərqli strategiyalar üzərində müzakirələr?! Bu müzakirələr də uzunmüddətli olmamalıdır. Mümkün olarsa, konkret addımlar atılmalıdır. Fərqində olmaq lazımdır ki, tamamilə yeni siyasi mühit yaranıb. Belə bir situasiyada siyasi partiya kimi fəaliyyət göstərməyin mənası qalır, ya yox, bu sual üzərində düşünmək lazımdır. Əgər siyasi qüvvələrin əhəmiyyətli hissəsi hesab edəcəksə ki, siyasi partiya kimi fəaliyyət göstərməyin mənası qalmır, buna uyğun taktika və strategiyalar üzərində düşünmək lazımdır. Əksinə, siyasi qüvvələrin əhəmiyyətli hissəsi hesab edcəksə ki, siyasi partiya kimi fəaliyyət göstərməyin mənası qalır, o zaman fərqli koalisiyalar, nüfuzlu siyasətçilərin bir araya gəlməsi, ideoloji və birləşdirici təmayüllərin önə çıxarılması, ayırıcı məsələlərin keçid dövrü üçün kənara qoyulması şəklində fəaliyyətdən danışmaq mümkündür.

-Sizcə, bu qanundan sonra siyasi partiya kimi fəaliyyət göstərməyin mənası qalırmı?

-Mən o fikirdə deyiləm ki, hər şey bitib. Heç şübhəsiz ki, siyasi fəaliyyətə, demokratiya, hüquq və azadlıqlar, milli və dövlət maraqları uğrunda mübarizəyə davam deyirəm. Amma bir daha təkrar edirəm, indiyə qədər olan forma və üslubla davamı effektli saymıram. Bunun bağlı bizdə istər partiya daxilində, istərsə də kənarda müzakirələr gedir. Amma açığı bu müzakirələr hələ ki, konkret addımlar və konkret qərarlar səviyyəsinə gəlib çatmayıb.

-Pənah bəy, qanunun bu şəkildə qəbul edilməsinin qarşısını almaq üçün daha effektiv müqavimət göstərmək mümkün idimi?

-Bəli. Mən hesab edirəm ki, daha effektiv müqavimət göstərmək mümkün idi. Təəssüf ki, adını çəkdiyim – özümü də kənara qoymuram – müxalifət, milli qüvvələr dediymiz, özünü belə tanıdan qüvvələr açıqcası bir araya gəlib güclərini birləşdirə bilmədilər. Bu da indiki nəticəyə gətirib çıxardı.

-Yeni qanundan sonra siyasi partiyalarla hakimiyyət arasında gedən dialoq prosesinin gedişini necə görürsünüz?

-Bu məsələyə ən yüksək səviyyədə bu məsələyə mandat verilmişdi. Müəyyən adımlar da atılmışdı. Bəzi syasi partiyaların qeydiyyata alınmışdı, medianın, QHT-lərin fəaliyyəti üçün şəffaf mühitin yaradılması barədə anonslar verilirdi və müəyyən gözləntilər yaranmışdı. Bu qanunun qəbul edilməsini faktiki olaraq hökumətin özünün təşəbbüsü ilə başlatdığı və adını dialoq qoyduğu həmin prosesin iflası, təkpartiyalı siyasi sistemə doğru yeni bir kursun hüquqi ifadəsi kimi qəbul edə bilərik.

-Bu kursu həyata keçirmək mümkün olacaqmı?

-Məncə, bu bir tərəfdən yanlışdır. Digər tərəfdən, həyata keçirilməsi mümkün olmayan bir kursdur. Bu kursun nə qədər uzun müddət davam edib-etməyəcəyi cəmiyyətin müqavimətindən asılı olacaq. Bu baxımdan, mən bunu dönməz proses kimi dəyərləndirməzdim. Amma mənim özümün də içində olduğum həmin prosesin fərqli istiqamətə yönləndiriliyndən danışmaq olar. Bunun bir məsuliyyəti də prosesdə iştirak edən siyasətçilərin, o cümlədən mənim üzərimə düşür. Mən də bundan şübhəsiz ki, bundan nəticə çıxaracağam.

-Müxalifətin mövcud durumunu necə dəyərləndirirsiniz?

-Təəssüf ki, siyasi müxalifət bir müəyyən mənada, obrazlı desək, dissident hərəkatına, fikir müxtəflifliyi ifadəsi fəaliyətinə çevrilib. Təşkilati fəalliyət formaları zəifləyib. Hələ ki, siyasi müxalifətin fəaliyyətinə müsbət, hətta kafi qiymət verməyə çətinlik çəkirəm. Baxmayaraq ki, vəziyyət aydındır. Təbii ki, bir sıra insanlar, bir sıra siyasətçilər, siyasi qruplar fəakarlıqlar göstərirlər. Bunlar da nəticəsiz deyil. Bunu da qeyd etmək lazımdır.

Hüseyn Abbas

Azpost.info

Əvvəlki məqalə

Türkiyədəki zəlzələdə ölənlərin sayı artdı

Sonrakı məqalə

Rusiya Türkiyəyə əlavə xilasedicilər qrupu göndərir