Paşinyan yeni konstitusiya layihəsinin hazırlanmasına göstəriş verib

Ermənistanın baş naziri Nikol Paşinyan özünün yaratdığı quruma Ermənistanın yeni konstitusiyası üçün layihənin hazırlanmasına göstəriş verib.

Azpost.info-nun məlumatına görə, Azadlıq Radiosunun erməni xidməti – Azatutyun yazır ki, bundan əvvəl Azərbaycan tərəfi iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsinə ehtiyac olduğunu bildirmişdi.

Azatutyun yazır ki, Konstitusiya İslahatları Şurası 2022-ci ildə Ermənistanın hazırkı konstitusiyasına düzəlişlərin təklif olunması məqsədilə yaradılıb.

Paşinyanın mayın 24-də imzaladığı fərmanla şuranın mandatına düzəliş edilib.

Bu mandata görə şura yeni konstitusiyanın tam mətnini 2027-ci ilin yanvarına qədər hazırlamalıdır.

Bu şuranın üzvü olan vətəndaş fəalı Artur Sakunts Azatutyuna deyib ki, şura özünün yeni mandatının müzakirəsi üçün hələ toplanmayıb. Onun sözlərinə görə “şura üzvlərinə aydın olmayan çox sayda məqamlar var”.

Nikol Paşinyan hələ yanvar ayında demişdi ki, Ermənistanın “yeni geosiyasi mühiti” əks etdirən yeni konstitusiyaya ehtiyacı var.

Paşinyan ötən fevral ayında indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir.

Öz növbəsində bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.

Yeri gəlmişkən o vaxt ən ali instansiya olan SSRİ Ali Soveti sözü gedən aktı dərhal ləğv etmişdi.

Bundan başqa 1995-ci ildə qəbul edilmiş indiki Ermənistan Konstitusiyasının preambula hissəsində habelə dünya birliyinə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınmasına çağırış edilir.

Əvvəlki məqalə

Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1000-i ötüb

Sonrakı məqalə

“NATO Rusiyanın Şimali Koreyaya mümkün yardımından narahatdır”