Pedofil şəbəkəsinə qarşı əməliyyat- 55 nəfər həbs edilib

Həbs
Həbs

Fransada yetkinlik yaşına çatmayanlara qarşı internet üzərindən törədilən cinayətlərin qarşısını almaq məqsədilə keçirilən xüsusi əməliyyat nəticəsində 55 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, saxlanılan şəxslər Telegram platformasında fəaliyyət göstərən pedofil şəbəkəsinin üzvləri olublar.

AzPost.az bildirir ki, Fransanın Yetkinlik Yaşına Çatmayanların Mühafizəsi İdarəsinin məlumatına əsasən, əməliyyat ölkənin müxtəlif regionlarında bir neçə gün davam edib. Həbs edilən şəxslər arasında müxtəlif peşə sahibləri – dövlət qulluqçuları, hərbçilər, tibb işçiləri və hətta valideynlər də yer alıb. Onların 25-dən 75 yaşadək olduğu bildirilir.

Rəsmilərin sözlərinə görə, şübhəlilər 2024-cü ilin yayında saxlanılmış “son dərəcə təhlükəli” bir uşaq cinsi cinayətkarla mesaj mübadiləsi aparıblar. Təhlükəsizlik orqanları həmin yazışmalarda uşaq istismarına dair materialların (CSAM) paylaşılmasını rəqəmsal sübutlarla təsdiqləyiblər.

İstintaqı aparan müfəttiş Quentin Bevan qeyd edib ki, əməliyyat on aylıq təqib və texnoloji analiz nəticəsində mümkün olub. “Biz Telegram qruplarını izlədik, təhlil etdik və onların arxasında gizlənən şəxsləri – xüsusilə də uşaqlarla işləyənləri – müəyyən etdik”, – deyə o bildirib.

Fransa qanunvericiliyinə əsasən, uşaq istismarı materiallarının saxlanması və yayılması beş ilə qədər azadlıqdan məhrumetmə və yüz min avroya qədər cərimə ilə cəzalandırılır.

Telegram-ın nümayəndəsi Remy Vaughn CNN-ə açıqlamasında bildirib ki, platforma uşaq zorakılığına qarşı ciddi tədbirlər görür. Onun sözlərinə görə, 2025-ci il ərzində bu kimi kontentlə əlaqəli 367 minə yaxın kanal və qrup platformadan silinib.

Qeyd edək ki, bu, Fransada Telegram platformasına qarşı ilk genişmiqyaslı araşdırma deyil. 2024-cü ilin avqustunda Telegram-ın təsisçisi Pavel Durov Parisdə qısa müddətlik saxlanılmışdı. Ona qarşı uşaq istismarı və çirkli pulların yuyulması ilə bağlı ittihamlar irəli sürülmüşdü. Durov daha sonra verdiyi açıqlamada platformanın moderasiya siyasətini sərtləşdirməyə çalışdığını bildirmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.