Afaq Bəşir qızı Səfərova (Bəşirqızı) “Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Xalq artsitinin sabah 70 yaşı tamam olur.
Afaq Bəşir qızı Səfərova 15 avqust 1955-ci ildə Bakı şəhərində Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub.
1974–1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutu (indiki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edib. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib.
Afaq Bəşirqızının Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə “Qızıl Dərviş” mükafatına layiq görülüb. Uzun illər Prezident mükafatına layiq görülüb. 2013-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub