“Prezident İlham Əliyevin konkret təklifləri var və onları müzakirə etdik” –Rusiya xarici işlər naziri Lavrov

“Biz Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə danışıqları başa çatdırdıq. Danışıqlar bizim idarələrarası nümayəndə heyəti formatında keçdi. Sonra məhdud tərkibdə əlavə məsləhətləşmələr aparıldı. Əsas nəticə belədir: noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar, qan tökülməsini dayandırmış, Dağlıq Qarabağ ətrafında vəziyyətin uzunmüddətli nizamlanması üçün təməl yaratmış razılaşmanın aktuallığı və alternativsizliyi tamamilə təsdiqləndi”.

 Azpost.info bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Lavrov deyib ki, bu gün Azərbaycan Prezidenti həmin birgə üçtərəfli Bəyanatın bütün elementlərinin ardıcıl və vicdanlı şəkildə yerinə yetirilməsinin zəruriliyinə xüsusi diqqət ayırdı: “Biz buna şərait yaradacaq, Azərbaycan və erməni tərəfləri ilə birlikdə həyata keçirəcəyimiz bir sıra konkret istiqamətləri müzakirə etdik. Başqa istiqamətlər arasında biz BMT sisteminə daxil olan beynəlxalq təşkilatların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rusiyalı sülhməramlılarla, humanitar müşahidə mərkəzi ilə birgə çalışaraq humanitar problemlərin həllinə fəal cəlb edilməsində maraqlıyıq. Bu işin daha səmərəli olması barədə Azərbaycan Prezidentinin konkret təklifləri var və bu gün biz onları maraqla müzakirə etdik, bu istiqamətdə bundan sonra da birgə işləyəcəyik. Lakin bütövlükdə ikitərəfli münasibətlərə dair problemlərlə əlaqədar bizim strateji tərəfdaşlığımızın durmadan intensiv inkişafını vurğuladıq, qayıdandan sonra, koronavirus infeksiyası ilə bağlı vəziyyət imkan verən kimi əyani tədbirlər keçirilməsi üzrə konkret addımlar nəzərdə tutduq. Hökumətlərarası komissiya, regionlararası forum, Bakı humanitar forumu, gənclərin təşəbbüsləri üzrə forum da keçiriləcək. İkitərəfli qarşılıqlı əlaqələrin inkişafı üçün bizim çox zəngin vasitələrimiz var. Əlbəttə, biz bundan sonra da onlardan fəal istifadə edəcəyik. Beynəlxalq təşkilatlarda, BMT-də, ATƏT-də əməkdaşlığımızı müzakirə etdik, orada əsas məsələlərin əksəriyyəti üzrə bizim mövqelərimiz üst-üstə düşür. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də, beş Xəzəryanı ölkənin qarşılıqlı fəaliyyəti çərçivəsində də birgə layihələrimiz var. Buna görə də danışıqların yekunlarını çox müsbət hesab edirik, onlar Prezidentə məruzə etməyə imkan verəcək ki, idarələrarası nümayəndə heyətinin Ermənistana və Azərbaycana səfəri barədə onun tapşırığı yerinə yetirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda mətbuat konfransı –

Sonrakı məqalə

Dünyada son sutkada 600 mindən çox koronavirusa yoluxma qeydə alınıb