Prokuror Vüqar Səfərliyə 11 il həbs cəzası tələb edib –MƏHKƏMƏ

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Ədalət Vəliyevin vəkili onun adına olan binanın zərərin ödənilməsi ilə bağlı dövlət nəfinə verilməsini və bunun yüngülləşdirici hal hesab edilməsi barədə məhkəməyə sənəd təqdim edib. Bundan sonra çıxış üçün dövlət ittihamçısına söz verilib.

Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilən ittihamların məhkəmə baxışı zamanı təsdiqini tapdığını bildirərək Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİFDF) sabiq rəhbəri Vüqar Səfərlinin verilmiş maddələrlə təqsirli bilinməsini və 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Çıxışda qeyd olunub ki, Vüqar Səfərlinin dəymiş ziyanı qismən ödəməsi yüngülləşdirici hal hesab edilməli, üzərinə həbs qoyulmuş əmlakları ziyanının ödənilməsinə sərf olunmalıdır. Bildirilib ki, V. Səfərli 3 il dövlət orqanlarında vəzifə tuta bilməz.

Prokuror cinayət işi üzrə təqsirləndirilən digər şəxslər – Nadir Məmmədov, Bünyamin İsmayılov, Telman Tahirov, Ədalət Vəliyev, Namiq Hacıyevin hər birinin 7 il, Təmkin Xəlilov, Valeh Orucov, Şahin İbrahimov və Bəxtiyar Fətullayevin isə 2 il azadlıqdan məhrum edilməsini tələb edib.

Qeyd olunub ki, təqsirləndirilən şəxslər barəsində məhkəmə istintaqı zamanı seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilməli və hər biri məhkəmə zalında həbs olunmalıdır.

Prokuror cinayət işi üzrə təqsirləndirilən Təhminə Yaqubovaya isə 6 il şərti cəza verilməsini istəyib.

Dövlət ittihamçısı cinayət işi ilə bağlı Medianın İnkişafı üzrə Dövlət Agentliyi tərəfindən qaldırılan mülki iddianın da təmin olunmasını tələb edib.

Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.

Proses dekabrın 14-də davam etdiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir