Çox vaxt insanların xarakteri və davranışları onların təqvim yaşı ilə üst-üstə düşmür. Bəzi gənclər “qoca” kimi mühafizəkar, bəzi yaşlılar isə uşaq kimi enerjili və maraqlı olurlar. AzPost bildirir ki, bu fərqin kökündə dayanan əsas amil psixoloji yaşdır.
Psixoloji yaş nəyi müəyyən edir?
Psixoloji yaş — insanın özünü neçə yaşında hiss etməsi, emosional vəziyyəti və həyata baxış bucağıdır. Bu, sadəcə bir hiss deyil, həm də daxili resurslarımızın və intellektual çevikliyimizin göstəricisidir.
Ekspertlər üç əsas vəziyyəti fərqləndirir:
-
Psixoloji yaş təqvim yaşından kiçik olduqda: Bu, insanın inkişafa meyilli olduğunu, yeni biliklərə açıq olduğunu və gələcəyə nikbin baxdığını göstərir. Belə insanlar fiziki olaraq da daha gec qocalırlar.
-
Psixoloji yaş təqvim yaşı ilə eyni olduqda: Bu, insanın həyatın mərhələlərinə tam uyğunlaşdığını və daxili balansını qoruduğunu bildirir.
-
Psixoloji yaş təqvim yaşından böyük olduqda: Əgər insan özünü olduğundan daha yaşlı hiss edirsə, bu, adətən xroniki yorğunluğun, tükənmişliyin və ya pessimist düşüncələrin əlamətidir. Belə vəziyyətlərdə insan “hər şeyi görmüşəm, daha maraqlı deyil” prinsipi ilə yaşayır.
Niyə özümüzü daha cavan hiss etməliyik?
Araşdırmalar göstərir ki, özünü təqvim yaşından daha gənc hiss edən insanlar daha uzun ömür sürür, idrak funksiyalarını daha yaxşı qoruyur və stresə qarşı daha dözümlü olurlar. Psixoloji gənclik beyin hüceyrələrinin regenerasiyasını sürətləndirən amillərdən biridir.
Daxili yaşı necə “gəncləşdirmək” olar?
Psixoloqlar tövsiyə edir ki, psixoloji yaşın artmasının qarşısını almaq üçün mütəmadi olaraq konformizm zonasından çıxmaq, yeni hobbilər tapmaq və dünyanı “uşaq marağı” ilə kəşf etməyə çalışmaq lazımdır. Unutmayın, qocalıq qırışlarla deyil, marağın itməsi ilə başlayır.