Psixoloq Yelena Lebedeva qadınlara istirahətə necə getməli olduqlarını və bu zaman necə həqiqətən dincəlmək mümkün olduğunu izah edib. Onun sözlərinə görə, qadınlar bəzən elə istirahət planı qururlar ki, nəticədə daha da yorulmuş vəziyyətdə geri qayıdırlar.
AzPost xəbər verir ki, Lebedeva bildirib ki, ən ideal istirahət insan hələ işləməyə gücü varkən planlaşdırılandadır: “Biz telefonumuzu da 10% qalmış doldururuq, yoxsa o artıq sönəndən sonra yox”.
O, xüsusilə ailə ilə birgə istirahət zamanı qadınların bütün yükü öz üzərinə götürməməli olduğunu vurğulayıb: “Əgər ana bütün məsuliyyəti daşıyırsa, bu istirahət deyil. Mütləq onun yerinə məsuliyyəti paylaşan biri olmalıdır”.
Psixoloq qeyd edib ki, əsl istirahət – məişət işlərindən uzaqlaşmaqla, gündəlik qayğılardan azad olmaqla mümkündür. Onun fikrincə, qadının istirahəti “qonaq getmək” və ya “tətilə uşaqla tək getmək” deyil: “Bu zaman qadın yalnız yerini dəyişir, amma məsuliyyət eyni olaraq qalır. Bu da tam istirahət deyil”.
Lebedeva əlavə edib ki, tətil “fəaliyyət növünü dəyişmək” baxımından da faydalı ola bilər, amma bu dəyişiklik ağrılı və yorucu olmamalıdır. İntellektual, emosional və fiziki balans mütləq nəzərə alınmalıdır.
Psixoloqun əsas məsləhəti isə budur: qadınlar istirahətini əvvəlcədən planlaşdırmalı və onu doğrudan da istirahətə çevirməlidirlər.