Putin koronavirusla bağlı məxfi məlumatı açıqladı:

“Xəbərlər əhalidə çaşqınlıq yaratmaq üçün xaricdən ötürülür”
04 Mart 2020 - 21:50

Rusiya prezidenti Putin koronavirusla bağlı məlumatların xaricdən sosial şəbəkələrə əhali arasında çaşqınlıq yaratmak üçün atıldığını bəyan edib.

Azpost.info bildirir ki, Putin ona bu məlumatı Federal Təhlükəsizlik Xidmətinin verdiyini söyləyib. Prezident məlumatların kim tərəfindən təşkil olunduğunu və hansı ölkələrdən “saxta məlumatlar” gəldiyini açıqlamayıb.

Vladimir Putin hökumət üzvləri ilə görüşdə həm Rusiyada, həm də Moskvada koronavirusun yayılması ilə bağlı vəziyyətin nəzarət altında olduğunu və “hələlik kritik bir şey olmadığını” deyib.

Eyni zamanda, “İnterfaks” agentliyi Moskvada koronavirusun aşkarlanması ilə bağlı saxta məlumatların yayılmasında bir neçə şübhəlinin saxlanıldığını bildirib. Kimlərin saxlanıldığı da açıqlanmayıb. Agentlikdən olan bir mənbə bu şəxslərə qarşı axtarış istintaq tədbirləri həyata keçirildiyini deyib.

Martın 4-nə olan məlumata görə dünyada 94 mindən çox insan COVID-19 koronavirusuna yoluxub. Ölənlərin sayı 3200-ü keçib. İnfeksiyanın əsas yayılma yerləri Çin, Cənubi Koreya, İran və İtaliya olaraq qalır. Ümumilikdə virus 76 ölkədə aşkarlanıb.

Martın 2-də Rusiya hökuməti xaricdən Moskvaya koronavirusa yoluxma halının gətirildiyini təsdiqləyib. İtaliyaya səfər edən gənc paytaxt sakinində virus aşkarlanıb. O, xəstəxanaya yerləşdirilib, yaxın ətrafı və eyni reysin sərnişinləri isə həkimlər tərəfindən nəzarətə alınıb. Nəticədə indiyə qədər onlarn heç birində infeksiya aşkar edilməyib. Koronavirusa yoluxmuş daha üç nəfər Kazanda xəstəxanada saxlanılır.