Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin “Vaqner”in aviaqəzada ölən rəhbəri Yevgeni Priqojinin dəfnində iştirak edib-etməyəcəyi sualına cavab verməyib.
Azpost.info xəbər verir ki, Peskov jurnalistin bu barədə sualından yayınıb.
“Fakt budur ki, biz sizinlə lazımi ekspertizaların və istintaqla bağlı zəruri tədbirlərin nə qədər davam edəcəyini bilmirik. Ona görə də indi dəfn mərasimi və sair üçün tarixlər olmadığı halda bu barədə danışmaq ümumiyyətlə, mümkün deyil”, – Peskov bildirib.
“Vaqner”in gələcəyinin necə olacağına gəlincə, Peskov belə bir strukturun “de-yure” mövcud olmadığını vurğulayıb.
Qeyd edək ki, Putin bir günlük səssizlikdən sonra “Vaqner” rəhbərinin təyyarəsinin qəzaya uğramasına münasibət bildirib. Onun sözlərinə görə, təyyarə qəzasında həlak olan insanlar Ukraynada neonasist rejiminə qarşı ümumi mübarizəyə mühüm töhfə veriblər.
Rusiya prezidenti Priqojini “ağır taleyi olan insan” adlandırıb və onun ciddi səhvlərə yol verdiyini də xüsusi qeyd edib.
O, Priqojini bacarıqlı iş adamı kimi də xarakterizə edib və Afrikada gördüyü işlərindən danışıb. Putin onu da bildirib ki, avqustun 23-də “Vaqner”in rəhbəri Afrikadan Moskvaya qayıdıb və paytaxtda rəsmi şəxslərlə görüşüb.
Azpost.info