“Qəbuledilməzdir!”- Ceyhun Bayramov Mirzoyanın açıqlamasına münasibət bildirib

Ermənistan Konstitusiyasında, Ermənistan Parlamenti tərəfindən qəbul edilən qanunvericilik aktlarında və digər qanunvericilik sənədlərində qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları mövcuddur.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı ilə birgə brifinqdə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın açıqlamasına münasibət bildirərkən deyib.

“Bu məlum bir faktdır və bu məsələ, təbii ki, zaman-zaman qaldırılıb. Ermənistan cəmiyyətində bu xüsusda diskusiyaların olması o anlama gəlir ki, Ermənistan dövləti və cəmiyyəti özü bu faktların mövcudluğunu özləri üçün zərərləri olduğunu qəbul edirlər”, – nazir vurğulayıb.

Ceyhun Bayramov qeyd edib ki, Ermənistan xarici işlər nazirinin Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik, bərabərlik yaratmaq cəhdi, yumşaq desək, həqiqətdən uzaq və qəbuledilməzdir: “Azərbaycan Konstitusiyasında və digər qanunvericilik aktlarında qonşu dövlətlərə və Ermənistana qarşı ərazi iddiaları mövcud deyil. Ona görə də bu mövzuda paralellik yaratmaq cəhdləri qəbuledilməzdir. Əfsuslar olsun ki, bu kimi tendensiyaları biz ilk dədə deyil görürük. Bəzi hallarda danışıqlar prosesində Ermənistan üçün belə demək olarsa, uyğun olmayan məqamlar qabardılarkən Azərbaycanda bunun analoqu olmasa belə, süni şəkildə güzgü effekti yaratmaq cəhdləri edilir”.

Ceyhun Bayramov onu da bildirib ki, Azərbaycan qanunvericiliyində bu kimi məqamların olmaması açıq-aydındır: “Bunu bütün beynəlxalq tərəfdaşlar bilir və bu arqumentləri heç kəs qəbul etmir. Düşünürəm ki, Ermənistan hakimiyyəti özü də bunun əsassız olduğunu bilir”.

Nazirin sözlərinə görə, Azərbaycan cəmiyyəti tam əmin ola bilər ki, bundan sonra da bu kimi arqumentlər ayaq tutub yeriyə bilməz, burada paralelliyə yer yoxdur: “Nəzərə alsaq ki, bu kimi mesajlar beynəlxalq auditoriyalara da ünvanlanır, bu da beynəlxalq tərəfdaşlarımız arasında çaşqınlıq yarada bilər. Təbii ki, bunu nəzərə alaraq, biz bu kimi iddiaları əsaslı şəkildə rədd etmişik. Belə tendensiyaların inkişafı bizim üçün yolverilməzdir. Azərbaycan cəmiyyəti tam əmin ola bilər ki, bundan sonra da bu kimi arqumentlər ayaq tutub yeriyə bilməz. Burada paralelliyə yer yoxdur”.

Əvvəlki məqalə

Bakı, Sumqayıt, Abşeronda pensiyalar bu tarixdə ödəniləcək

Sonrakı məqalə

Rusiyalı deputat Niderlanda nüvə zərbəsi endirməyə çağırıb