Qələbə Bayrağını parada Qarabağ xanının nəslindən olan general gətirəcək –

FOTO
09 Dekabr 2020 - 19:27

Sabah keçiriləcək “Zəfər Paradı”nda Şuşaya sancılmış Qələbə Bayrağını Azadlıq meydanına general-mayor Zaur Məmmədov gətirəcək.

Azpost.info bildirir ki, bu barədə tədbirin ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani  Modern.az-a müsahibəsində deyib.

O qeyd edib ki, Zaur Məmmədov Qarabağ xanlarının nəslindəndir: “Bayrağı meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, möhtərəm Prezidentimizin sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra ilk komendant Zaur Məmmədov gətirəcək”.

Sabahkı paradda Azadlıq meydanına həm də bu döyüşlərdə xüsusilə fərqlənən 20-yə yaxın hərbi hissənin döyüş bayrağı nümayiş olunacaq. Bayraqların gəlişindən sonra paradı qələbənin qazanılmasında müstəsna xidmətləri olan Müdafiə Nazirliyinin xüsusi təyinatlıları açacaq. Daha sonra Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin heyəti, ardıcıllıqla bütün korpusların, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları keçid edəcəklər.