“Qərb Putinlə münasibətlərdə səhv addımlar atdı, indi ayılıb” –Amerikalı yazıçı Conatan Littell

Conatan Littell  fransalı-amerikalı yazıçı və jurnalistdir. Onun 2006-cı ildə çıxmış “Xoşniyyətlilər” (“The Kindly Ones”) romanı böyük uğur qazanıb. Romanda Holokostun hekayəsi icraçıların gözü ilə nəql edilir. Littell 1990-cı illərdə, Birinci Çeçen müharibəsi zamanı Qroznıda, ikinci müharibədə isə İnquşetiyada olub. O 2008-ci ilin avqustunda Fransanın “Le Monde” qəzeti üçün Rusiya-Gürcüstan müharibəsini işıqlandırıb.

Azpost.info bildirir ki, Azadlıq Radiosunun gürcü xidmətinə bu yaxınlarda, Rusiya-Gürcüstan müharibəsinin 15 illik ildönümündə verdiyi müsahibədə Littell Qərbin keçmişdə Rusiya aqressiyasına ləng reaksiya verdiyini, indi isə “ayıldığını” deyib. O eyni zamanda nəyə görə Ukraynada Rusiya Prezidenti Vladimir Putin rejimini dəf etməkdən başqa seçim qalmadığını izah edib.

Sarkozinin rolu

Littellin fikrincə, 2008-ci ildə baş verənlərdən öyrəniləcək dərslərdən biri odur ki, Rusiyanın aqressiyasına daha sərt müqavimət göstərmək lazım idi.

“Hesab edirəm ki, prezident Sarkozinin rolu və Rusiyaya demək olar, istədiyi hər şeyi verməsi tamamilə utancverici idi. Onun münaqişədən dərhal sonra onlara silah satmaq qərarı bundan da böyük biabırçılıq idi və Rusiyaya tamamilə yanlış siqnal ötürürdü… Elə çıxırdı ki, onlar öz arxa həyətlərində istədikləri hər şeyi edə bilərdilər və heç kim də bunu vecinə almayacaqdı”, – o deyir.

Onun sözlərinə görə, o zaman Qərb Dmitri Medvedevin Putindən daha liberal, daha açıq və daha demokratik prezident olduğunu düşünməklə böyük səhv edib: “Qərb o ikisinin arasındakı dinamikanı tamamilə yanlış anladı və iplərin kimin əlində olduğunu gözdən qaçırdı. Bəli, ciddi səhvlər var idi. …Buxarestdən (NATO-nun 2008-ci ildə keçirilən Buxarest sammitində Ukrayna və Gürcüstanın alyansa üzv olacağı elan edilmişdi) bu yana Qərb Rusiya ilə münasibətlərdə yalnız səhv addımlar atdı. Bu da hazırkı duruma gətirib çıxardı. Onlar Ukrayna və Gürcüstana qapıları açırdılarsa, onları dərhal NATO-ya buraxmalı idilər. Ancaq, bildiyimiz kimi, amerikalılar bunu etmək istəyirdilər, Almaniya və Fransa isə istəmirdi. Bu da əvvəlcə çıxılmaz vəziyyətə, sonra Gürcüstan müharibəsinə, daha sonra 2014-cü il Ukrayna hadisələrinə və nəhayət indiki tammiqyaslı hücuma gətirib çıxardı”.

 

Merkel “özünü inandıra bilmişdi ki…”

Littell Qərbin sonrakı illər ərzində də baş verənlərdən dərs götürmədiyini söyləyir.

“Kommunist Şərqi Almaniyasda böyüyən Angela Merkelin tərəfindən bunun bilməməzlik olduğunu düşünmürəm. O, rusları çox yaxşı başa düşür, onların kim olduqlarını, nəyə qadir olduqlarını çox yaxşı bilir. Ancaq o sanki özünü inandıra bilmişdi ki, ticarət yolu ilə normallaşdırma strategiyası, onları Qərblə ticarət şəbəkəsinə qoşmaq hər hansı növ aqressiyanı qeyri-mümkün edəcək. Aydındır ki, bu, yanlış hesablama idi.

Fransızlar heç vaxt rusları anlamayıblar. 2006-cı ildə hazırda Fransa hökumətində çox mühüm nazir olan bir yüksək vəzifəli ilə danışdım. Putin və mənim Çeçenistandakı təcrübəm haqda danışırdıq və ona Putinin təkcə öz ölkəsindəki insanların deyil, hər kəsin təhlükəsizliyinə təhdid olduğunu izah etməyə çalışırdım. O mənə güldü və dedi: “Yox, yox, mən Putinlə üç dəfə görüşmüşəm. O çox adekvatdır. O iş görüləsi adamdır… Bizim Putinlə heç bir problemimiz olmayacaq”. …Ötən il yenə danışdıq. Mənə dedi ki, “Sən haqlı idin. Təəssüf ki, mən bunu etiraf etməliyəm”. Ancaq bunu anlamaq 16 il vaxt alıb.

Fransada tarixi çox uzaq keçmişə gedən ənənəvi rusofiliya olduğundan durum özünəməxsusdur. Bu rusofiliya Şarl de Qollun soyuq müharibə dövründə yarıqoşulmama mövqeyindən başlayır. Fransa istəblişmentinin xeyli hissəsi əslində, inanılmaz dərəcədə rusofildir. Bu onlara Rusiyanın yaratdığı real təhdidləri obyektiv dəyərləndirməyə mane olur”, – o deyib.

Əvvəlki məqalə

Aviabiletlərin dəyişdirilməsi və ya geri qaytarılması necə həyata keçirilir?

Sonrakı məqalə

Dövlət borcunun həcmi artıb