“Qərb sülh sazişi ilə bağlı mövqeyində Bakıya sərf etməyən dəyişiklik edib” –TOFİQ ZÜLFÜQAROV /MÜSAHİBƏ

Sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov Azpost.info-ya müsahibə verib.

Müsahibəni oxucularımıza təqdim edirik:

-Bu il üçün sülh sazişi ilə bağlı nələr gözlənilir?

-Hər halda danışıqlar aparılmalıdır. Rəsmi Bakı və İrəvan sənədi oxuyub, incələyib bir-birinə göndərirlər. Hələ ki, bu formada danışıqlar gedir. İndi vəziyyət elədir ki, həll olunmamış məsələlər var, onlar həllini tapmadan sülh sazişini imzalamaq çətindir. Düzdür, bu gün Xankəndidə Azərbaycan bayrağı dalğalanır. Amma digər məsələlər həll olunmamış qalır. Xüsusilə də söhbət sərhəd məsələsindən gedir. Sərhədlərin müəyyən olunması həll olunmamış qalıb.

Biz Ermənistanın ərazi bütövlüyünü tanıyırıq. Amma hər kəs başa düşür ki, hələ də sərhədlər müəyyənləşməyib, danışıqlar başa çatmayıb. Söhbət hansı ərazilərdən gedir?! Ermənistanın Baş naziri Nikol Paşinyan bəyanatlar verir, rəqəmlər səsləndirir. Bu da İrəvanın mövqeyidir, onlar ərazi bütövlüklərini bu şəkildə görürlər. Bu o demək deyil ki, sərhədlərlə bağlı yekun qərardır. Bizim də öz baxışlarımız var və hesab edirəm ki, danışıqlar olmalıdır. Danışıqlar nəticəsində sərhədlər necə razılaşdırılacaqsa, onu beynəlxalq ictimaiyyət tanıyacaq. Daha doğrusu, tanımalıdır.

-İrəvandan sülh sazişi ilə bağlı müxtəlif bəyanatlar verilir. Sizcə, Ermənistan sülhdə maraqlıdırmı?

-Rəsmi Bakı 2021-ci ildə, 44 günlük müharibədən sonra öz prinsiplərini elan edib, təkliflərini masaya qoyub. Söhbət beş maddəlik təkliflər paketindən gedir. Bunu Azərbaycan tərəfi Ermənistana təqdim edib və sülh prosesi başlayıb. Bu dövr ərzində Ermənistan özünü elə apardı ki, sanki sülh təkcə Azərbaycana lazımdır, onlara lazım deyil. Bir növ, İrəvan naz etdi. Bundan sonra danışıqlarda uzun bir pauza yarandı, hansı ki, müəyyən təmasları nəzərə almasaq, pauza indi də davam edir. Danışıqlardakı pauza İrəvanı reallığa yaxınlaşdırır. Ermənistan da indi anlayır ki, sülh hər iki tərəfə lazımdır, əsasən də Ermənistanın özünə. İndi Ermənistan cəhdlər etməlidir, sülhün marağında olduğunu göstərməlidir. Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, sülh daha çox onlara lazımdır. Çünki Ermənistanın dövlət olaraq kadastrı yoxdur.

-Kadastr dedikdə nəyi nəzərdə tutursunuz?

-Söhbət Ermənistanın ərazi bütövlüyünün hansı sərhəddən keçməsindən gedir. Ermənistanın sərhədi yoxdur. Bununla yanaşı, Ermənistanın gücü də yoxdur ki, qanuniləşdirdikləri, konstitusiyalarına saldıqları ərazilərə nəzarət etsinlər. Məsələ burasındadır ki, Ermənistan anneksiya siyasətindən əl çəkməyib. 44 günlük müharibədən sonra Ermənistan Qarabağda yaşayan erməniləri maliyyələşdirirdi, Xankəndidəki xunta rejiminə maliyyə ayırırdı. Yəni məğlub olandan sonra da Ermənistan işğalçılıq siyasətini Rusiya sülhməramlılarının himayəsi altında davam etdirməkdə idi. Amma alınmadı.

Biz bilirik ki, münaqişə “miatsum” şüarı ilə başlayıb, yəni Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə vüsət alıb. 1991-ci ildə, SSRİ dağılandan sonra dünya tərəfindən ümumi prinsip qəbul olunub – SSRİ zamanı olan sərhədlər əsas götürülməlidir. Bu prinsipi Ermənistanla Azərbaycan əsas götürüblər. Lakin Ermənistan bu prinsipi Gürcüstan və Türkiyə ilə olan sərhədlər üçün əsas götürür, Azərbaycanla olan sərhəd məsələsində əsas götürmür. Azərbaycanla olan sərhədlə bağlı bu prinsipdən rəsmən imtina edib. Nəzərə almaq lazımdır ki, Ermənistan Alma-Ata Bəyannaməsinə imza atarkən sənədə xüsusi düzəliş təqdim edib. Rəsmi İrəvan orada bəyan edir ki, Ermənistanın ərazi bütövlüyünə Qarabağ da daxildir. Onların rəsmi mövqeyi budur. Bununla da aydın olur ki, Ermənistan Alma-Ata Bəyannaməsində Qarabağı Azərbaycanın ərazisi kimi tanımaqdan imtina edib. Demək ki, Ermənistanın ərazi iddiaları qalmaqdadır. Bu məsələ həllini tapmalıdır.

-Necə tapmalıdır və yaxud tapacaq?

-Rəsmi İrəvan Alma-Ata Bəyannaməsindəki düzəlişdən imtina edəndə yəqin ki, irəliyə doğru addımı görə bilərik. Ermənistan aneksiya siyasətindən əl çəkməyib. İndi Azərbaycan da SSRİ zamanındakı sərhədləri əsas kimi götürür. Əgər Ermənistan Alma-Ata Bəyannaməsində etdiyi xüsusi düzəlişi ləğv etmirsə, o zaman Azərbaycan Ermənistanın ərazi bütövlüyünü necə tanıya bilər? Demək istəyirəm ki, indi əsas məsələ sərhədlərin müəyyən olunmasıdır.

-Sərhədlərin delimitasiyası ilə bağlı yaradılan komissiyaların bir neçə iclası keçirilib, görüşlər olub. Bunun nəticəsində siz dediyiniz sərhəd məsələsi həllini tapacaqmı?

-Bilirsiniz, bunlar fərqli anlayışlardır. Ermənistan da, bəzi beynəlxalq aktorlar da sərhədlərlə bağlı məsələni gündəmə gətirərkən sərhədlərin müəyyənləşməsini yox, texniki məsələni vurğulayırlar. Texniki məsələ dedikdə delimitasiya və demarkasiyanı nəzərdə tuturam. Unutmayaq ki, delimitasiya və demarkasiya texniki prosesdir və bu proses məhz o halda başlaya bilər ki, əsas sərhəd xətti müəyyən olunmuş olsun. Bu problemi başa düşən Ermənistan öz mövqeyini gücləndirmək üçün 1975-78-ci ilin xəritələrini gündəmə gətirir. Yəni ki, Ermənistan tərəfi artıq problemin həllini, sülh sazişini özlərinə sərf edən formada təbliğ edirlər. Hətta İrəvan çalışır ki, qlobal güclər bunların mövqeyinə dəstək versin.

Yenə deyirəm, sərhəd müəyyən edilməyib, yoxdur. Sərhəd yoxdursa, Ermənistan necə deyə bilər ki, bu bizim ərazimizdir, bu sizin ərazinizdir?! Düşünürəm ki, sərhədlərin müəyyənləşməsi məsələsinin həlli çox vacibdir.

-Danışıqların Brüssel formatına Azərbaycan isti yanaşırdı. Bir neçə dəfə liderlərin görüşü keçirildi, müəyyən razılaşmalar da oldu. Sonra isə Bakı Qərbin vasitəçiliyindən sanki imtina etdi. Bunun səbəbi nədir?

-Çünki Qərbin yanaşmasında dəyişiklik oldu. Həm də bu, Azərbaycana sərf etməyən dəyişiklik idi. Azərbaycan Qərbin yanaşmasına ona görə tənqidi yanaşır ki, Fransanın təsiri ilə Brüssel köhnə baxışları, köhnə təcrübəni istifadə edir. Yəni münaqişəni “Dağlıq Qarabağ münaqişəsi” kimi görür və təqdim edir. Əslində qalsa münaqişə hər zaman iki ölkə arasında olub. Qarabağ münaqişədə bir detal idi ki, o da həll olunub. Ötən ilin sentyabrında keçirilən antiterror əməliyyatlarından sonra Qarabağ mövzusu bitdi, Azərbaycan ərazilərində suverenliyini bərpa etdi. Qərb isə Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışır ki, Azərbaycanın da narazılığı bununla bağlıdır. Rusiyanın da mövqeyində bu yanaşmanı görürük. Əlbəttə, səbəblər çoxdur, amma əsas səbəb hesab edirəm ki, budur.

-Ermənistan isə Rusiyanın vasitəçiliyindən imtina etmiş görünür…

-Elə görünmür, imtina edib. Ermənistan Qərbin vasitəçiliyinin onlara sərf etdiyini düşünür. İrəvan çalışır ki, danışıqlarda hansısa qüvvə otursun. Vətən müharibəsindən sonra gördük ki, Ermənistan sponsor axtarışına çıxıb. Guya Rusiya bunlara kömək etmir, ona görə də kömək edəcək güc lazımdır. Ötən ilin sentyabrında Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatlarından sonra İrəvan anladı ki, real kömək edən yoxdur. Bundan sonra Azərbaycan vasitəçisiz danışıqlar təklifi verdi. Təbii ki, İrəvan buna isti yanaşmadı. Amma 2023-cü ilin axırlarında artıq Ermənistan Azərbaycanla birbaşa danışıqların nəticəsində bəzi məsələlərin həllinə nail olduqlarını gördü. Söhbət Azərbaycan Prezident Adminstrasiyası ilə Ermənistan Baş nazirinin ofisi arasındakı birgə bəyanatdan gedir və nəticədə əsirlərin dəyişdirilməsi prosesi baş verdi. Bununla Azərbaycan onu göstərmiş oldu ki, birbaşa danışıqlar daha effektivdir, daha real nəticələr əldə oluna bilir.

Ümumi götürsək isə Azərbaycan üçün heç bir fərqi yoxdur. Daha yaxşı olar ki, ikitərəfli, vasitəçisiz danışıqlar olsun. Amma Azərbaycan üçün Brüssel və ya Moskva formatının heç bir fərqi yoxdur. Azərbaycanın məqsədi var, mövqeyi var və bunu bəyan  edib. Istənilən platformada da bu mövqe qəti şəkildə ortaya qoyur. Oyun oynayan Ermənistandır – Qərb platforması barədə bir şey deyir, Moskva barədə başqa şey. Bunlar da İrəvanın problemidir, bizim  yox.

-İrəvanın mövqeyində ziddiyyətlər müşahidə olunur. Gah vasitəçisiz danışıqlardan yayınırlar, gah sülh bəyanatı səsləndirirlər, gah da revanşist açıqlamalar. Ümumiyyətlə, Ermənistan nə istəyir?

-Əslində Ermənistan necə deyərlər, başını itirib. Onlar şok vəziyyətindədirlər. Erməni rəsmilərin çıxışlarını, bəyanatlarını başa düşmək olmur. İndi onların iki məqsədi ola bilər: ya reallığa əsaslanan sülhə nail olmaq, ya da vaxt uzadıb sonda revanş etmək. İndi ordan-burdan silah alırlar. Məqsəd nədir, yeni müharibə etmək və Azərbaycanı məğlub etmək?! Bəzən Ermənistanda bu barədə fikirlər səsləndirilir. Məqsədləri sülhə nail olmaqdırsa, o zaman ərazi iddialarından rəsmən imtina etməyiblər. Bu halda sülh istənilir?!

Ermənistan məntiqsiz yanaşmalarını davam etdirir. Başa düşmürlər ki, geopolitik reallıq da, bölgənin reallığı da artıq fərqlidir. İki milyonluq Ermənistan bir tərəfində 10 milyon əhalisi olan Azərbaycanla, digər tərəfdə 85 milyonluq Türkiyə ilə düşmənçiliyi davam etdirmək niyyətini ortaya qoyur. Bu, məntiqsizliklə yanaşı, ağılsızlıqdır.

Anar ABDULLA

Yazı MEDİA-nın dəstəyi ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması” mövzusunda hazırlanıb.

 

Əvvəlki məqalə

Mebel sexində partlayışda 16 nəfərin ölməsi barədə məlumatlar əsassızdır

Sonrakı məqalə

Məktəblilər üçün yeni layihəyə start verilib