Qafqazın ən gənc Şeyxülislamı –41 il əvvəl Allahşükür Paşazadə sovet partiya elitasını necə təəccübləndirib? (TARİX)

 Qırx bir il əvvəl, 1979-cu ilin isti sentyabr günündə Bakıya yığışan dindarlar Qafqaz Müsəlmanları Ruhani İdarəsinə yeni sədr seçdilər. Yeni sədrin yaşı SSRİ-nin digər ruhani qurumlarını və sovet –partiya elitasını təəccübləndirmişdi. QMRİ-yə ilk dəfə olaraq sovet vaxtı ali ruhani təhsili almış 30 yaşlı bir gənc Şeyxülislam seçilmişdi.

Sovet hökuməti SSRİ-nin müsəlmanlarını idarə etmək üçün 4 idarə qurmuşdu. Onlardan yalnız biri – Orta Asiya Müsəlmanlarının Ruhani İdarəsi (SADUM) sovet müsəlmanlarının əsas aparıcı qurumu kimi təqdim olunurdu. Beynəlxalq tədbirlərə, müsəlman ölkələri ilə əlaqələrdə bu qurumun nümayəndələri göndərilirdi. Digər müsəlman idarələri isə arxa planda saxlanılırdı. Moskva bütün ölkədə olduğu kimi Azərbaycanda da dini görüşlərin fundamental əsaslar üzərində formalaşmasını arzulamırdı. Beynəlmiləl şəhər elan olunan Bakıda məscidlərə “azadlığa çıxmış əzilən Şərqin ağır günlərindən qalan miras” kimi  baxılırdı.

1985-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş cəmi 18 məscid və 53 dini icma fəaliyyət göstərirdi. 1982-ci ildə aparılmış rəsmi qeydiyyata əsasən ölkədə cəmi 123 molla olub. Onlardan yalnız 16 nəfərinin dini təhsili vari idi. Buxaradakı “Mir Ərəb” mədrəsəsinin və Daşkənd İslam Universitetinin məzunları olan bu ruhanilərin hamısı Qafqaz Müsəlmanlar İdarəsində və Bakı şəhərinin məscidlərində işləyirdilər.

Ateizmin rəsmi ideologiya olduğu nəhəng ölkədə tanınmış və savadlı dini rəhbər olmaq mümkün deyildi.  QMRİ-yə də bu illər ərzində yaşı çox olan, ibtidadi dini təhsili olan,  ictimai fəallığı olmayan din xadimləri rəhbərlik edirdilər.

Sovet partiya elitasını heyrətləndirən gənc Şeyx

Azərbaycan vətəndaşları sovet hökumətinin əmək cəbhəsindəki qoyduğu tapşırıqları yerinə yetirib, kommunizm qurmaq arzularını yaşadıqları zamanda Daşkənd İslam İnstitunun məzunu, 30 yaşlı Allahşükür Paşazadə Şeyxulislam seçildi. O zaman bu postu tutmaq üçün respublika rəhbərliyinin razılığı vacib idi. Təqdim olunmuş namizədlərin anketi ilə tanış olan Azərbaycan Kommunist Partiyasının Birinci katibi Heydər Əliyevin diqqətini A.Paşazadənin sənədləri çəkir və rəhbər onun QMRİ-yə sədr olmasını təklif edir. Bu qərar o zaman üçün mühüm jest sayılırdı. Dini cameəyə gənc və enerjili bir

şəxsin rəhbərlik etməsi istər-istəməz canlanma yaradacağı bəlli idi.

Belə də olur. Aktiv fəaliyyətə başlayan A.Paşazadə bir ildən sonra partiya elitasını heyrətləndirən müraciətə imza atır. Şeyxülislam dağıdılmış Bibiheybət məscidinin bərpasına torpaq ayrılması üçün sovet rəhbərliyinə müraciət edir. Bu, o zaman üçün cəsarətli demarş idi. 30-cu illərdə vəhşicəsinə dağıdılmış məscid həm də sovet ideoloji siyasətinin göstəricisi sayılırdı. QMİ sədrinə heç bir cavab verilməsə də bu jest yadda qalan olur. Bir neçə ildən sonra Allahşükür Paşazadənin adı yenə siyasi rəhbərliyin gündəminə çıxır. Yerli kommunistlərin donosu əsasında Moskva Gəncə İmamzadəsinin dağıdılması barədə qərar qəbul edir. Şeyxülislam bu qərarın qarşısını almaq üçün çox çətinliklə Birinci katib Heydər Əliyevə çıxa bilir. Mərhum Zərifə Əliyevanın vasitəsi ilə bu xəbəri H.Əliyevə çatdıra bilir və Kremlin bu mənfur addımının qarşısı alınır.

Gənc Şeyxülislamın fəaliyyəti Azərbaycanda dini cameədə müəyyən canlanma yaradır. QMİ İttifaq səviyyəsində əlaqələrin qurulmasında fəallıq göstərir. Allahşükür Paşazadə SSRİ-nin Əfqanıstan, Yaxın Şərq ölkələri ilə əlaqələr üçün qurulan nümayəndə heyətləri sırasında yer almağa başlayır.

Gənc Şeyxülislamın aktiv fəaliyyəti Qərbdə də diqqəti çəkir.  ABŞ Dövlət Departamentinin 1987-ci ildə QMİ sədri haqqında hazırladığı təhlil xarakterli hesabatında qeyd olunurdu ki, Allahşükür Paşazadə digər sovet din xadimlərinə xas olmayan bir sıra qeyri-adi cəhətləri ilə fərqlənir. “A.Paşazadə öz fikirlərini fars, türk, rus, ərəb və ingilis dilində ifadə etməyi bacaran bacarıqlı dini şəxsdir.  Onun SSRİ-nin 4 müsəlman idarəsinin birinə rəhbəri seçilməsi Sovet İttifaqının xaricdə yaşayan müsəlmanlarla əlaqədə gənc və bacarıqlı şəxslərə üstünlük verməsini göstərir”, – deyə hesabatda vurğulanırdı.

Bakını dünya müsəlmanlarının görüş yerinə çevirən konfrans

1986-cı ildə Bakı dünya müsəlmanlarının görüş yerinə çevrilir. Azərbaycanda ilk dəfə islam ölkələrinin iştirakı ilə beynəlxalq konfrans öz işinə başlayır. Ölkə o vaxta qədər heç zaman müsəlman dövlətlərinin belə geniş tərkibli nümayəndələrinin səfərinə təsadüf etməmişdi.

“Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfrans İslam dünyasında böyük rezonansa səbəb olmuşdu.  60 müsəlman ölkəsini təmsil edən 600 nümayəndənin iştirakı ilə 3 gün ərzində davam edən bu konfrans SSRİ-nin ictimai həyatında mühüm hadisəyə çevrildi. Bu, həm də ölkənin tarixində sayına görə ən böyük nümayəndə heyəti idi. Azərbaycanı dünya müsəlmanlarının yeni əməkdaşlıq mərkəzinə çevirən bu konfransla Şeyxülislam SSRİ müsəlmanlarının yeni lideri kimi parladı. Buna qədər SSRİ-də son dərəcə nadir hallarda keçirilən belə beynəlxalq tədbirlər yalnız Orta Asiyada – Daşkənddə baş tuturdu.

Bakıda keçirilən bu konfrans Azərbaycanın müsəlman dünyası ilə yaxın əlaqələr qurmasında bir vəsilə oldu. Üstündən 5 il ötəndən sonra –1991-ci ildə Azərbaycan keçmiş SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq İslam Konfransı Təşkilatının (hazırkı adı İƏT – İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edildi.

İƏT Azərbaycan üçün Qarabağ münaqişəsi başlayandan bəri islam dövlətlərinin əməkdaşlığında ən məhsuldar platforma oldu. İƏT daim dövlətimizə dəstək verir və ayrı-ayrı vaxtlarda Azərbaycanı müdaifə edən sənədləri qəbul edib, bəyanatlar səsləndirir. İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq təşkilatlar sırasında Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanıyıb.

Dövrün yeni çağırışlarına qoşulan din xadimi

80-ci illərdə QMİ sədri ictimai həyatda fəal şəkildə iştirak etməyə başlayır. SSRİ-də başlanmış yeni siyasi kurs dini icmaların həyatında izini qoyur. Ölkədə din xadimləri ictimai rəyin vacib detalına çevrilir.

SSRİ-nin müsəlman respublikalarının dini liderləri arasında dövrün yeni çağırışlarına qoşulan ruhanilər sırasında Allahşükür Paşazadə də var idi.

1989-cu ildə SSRİ Xalq Deputatları Qurultayına keçirilən  seçkilərdə namizəd kimi qatılan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə SSRİ xalq deputatı seçilir. QMİ sədri SSRİ-də dindarlara ilk dəfə hüquq verən “Vicdan azadlığı haqqında” qanun layihəsini hazırlayan işçi qrupun tərkibinə daxil edilir.

Deputat kimi siyasi status daşıyan QMİ sədri bununla ölkənin nəbzini müəyyən edən proseslərdə iştirak edir.

1988-ci ildə Dağlıq Qarabağda başlayan separatçı hərəkat Azərbaycanda ciddi rezonans doğurur və SSRİ-ni silkələyən hadisəyə çevrilir. Azərbaycan xalqının haqlı etirazını  görməməzliyə vuran sovet rəhbərliyi söz oyunları ilə vəziyyəti idarə etməyə çalışsa da bu əks effekt verdi. Azərbaycanda Moskvanın ədalətsiz yanaşmasına qarşı ümumxalq etirazı başlanır. A.Paşazadə noyabr ayında Lenin meydanında keçirilən izdihamlı mitinqlə ölkədə başlanan Qarabağ hərəkatının, daha sonra müstəqillik uğrunda aparılan mübarizənin ön sıralarında yer alır.

Sovet dövründə Azərbaycanda savadlı dini kadrların hazırlanması mümkünsüz idi. Ötən 60 ildə dini icmalar yalnız çar hakimiyyəti zamanı müəyyən dini təhsil alan şəxslərin nufuzu sayəsində idarə olunurdu. Ruhani təhsili almaq üçün yalnız Daşkənddə oxumaq imkanı var idi.

Bakıda ali dini məktəb açmaq cəhdi uğurla nəticələnir. QMİ sədrinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq 1989-cu ildə Bakı İslam Universiteti açılır. Bununla da ölkədə savadlı din xadimlərinin yetişdirilməsi üçün imkan yarandı.

Şeyxülislamın Həccə apardığı sovet müsəlmanları

Bu sırada QMİ-nin rəhbərliyi ilə Azərbyacandan Həccə gedən ilk zəvvarların səfəri də yaddaqalan oldu. Həcc ziyarəti SSRİ müsəlmanları üçün demək olar ki, əlçatmaz idi. 60 milyonluq müsəlman əhalisinə malik olan SSRİ ildə cəmi 25 nəfəri həcc ziyarətinə icazə verirdi.

Məsələn, 1956-57-ci illərdə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin siyahısı ilə Azərbaycandan Həccə cəmi 3 nəfər gedə bilmişdi.

21 iyun 1990-cı ildə Azərbaycan ilk dəfə olaraq SSRİ höküməti ilə razılaşdırmadan, özü zəvvarları Həccə göndərir. Allahükür Paşazadənin rəhbərliyi ilə  bir qrup zəvvar Məkkə ziyarəti böyük marağa səbəb oldu və bu ziyarət o dövrün xarici KİV-lərində ciddi təhlil edilmişdi. Həmin səfərdə Allahşükür Paşazadəyə isə yalnız yüksək nufuz sahiblərinə və islam liderilərinə göstərilən xüsusi ehtiram nümayiş etdirilir: Şeyx Məkkədə Kəbə evinin içinə daxil olur.

Həmin ildən başlayaraq Azərbaycan mütəmadi şəkildə müqəddəs ziyarətə zəvvar göndərməyə başlayır. Bu məsələdə QMİ-nin sədri hacı Allahşükür Paşazadənin islam dünyasında olan nufuzu böyük rol oynayır.

Qanlı yanvar və Qorbaçovu lənətləyən ilk sovet din xadimi

1990-cı ilin 20 yanvar tarixi A.Paşazadənin ictimai fəaliyyətində ən ağır və parlaq səhifəsidir.

Sovet ordusunun Bakıya yeridilməsinə sərt formada etiraz edən Şeyxülislam SSRİ-ni rəhbəri Mixail Qorbaçovu ittiham etdi və lənətlədi. Bu SSRİ tarixində din xadiminin dövlət başçısını ittiham edən ilk bəyanatı idi. BMT-nin baş katibi Pers de Kuelyara ünvanladğı məktubunda isə A.Paşazadə dünyanı Bakıda baş vermiş vəhşiliyə və qırğına biganə qalmamağa səsləmişdi.

Həmin günlərdə Qafqaz Müsəlmanları İdarəsi  milyonlarla vətəndaşın yeganə ümid yerinə çevrilmişdi. Yanvarın 22-də şəhidlərin misli görünməmiş dəfn mərasiminin təşkilatı rəhbərliyi, yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq paylanması, 40 gün ərzində təmənnasız dini xidmətin təşkili – bunlar QMİ-nin  fəaliyyətinin  yalnız görünən tərəfiydi.

Yanvarın 22-də milyonluq izdihama başçılıq edən A.Paşazadə  dəfn prosesində bir nəfər belə hərbçinin görünməməsini tələb edir və izdihamdan qorxan hərbçilər bunu yerinə yetirməyə məcbur qalırlar.  Bir sıra rəsmi şəxslərin etirazına baxmayaraq, 20 Yanvar faciəsinin bütün qurbanlarının müqəddəs şəhid kimi tanınmasına və “şəhid” ifadəsinin qəbul edilməsinə nail olunur.

1990-cı ilin mart ayında isə A.Paşazadə Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz edərək, SSRİ xalq deputatı mandatından imtina etmişdi.

Tarix elmləri doktoru olan, Vəhdət namazı qıldıran Şeyx

QMİ sədri həmçinin elmi dərəcəsi olan ilk Şeyxülislamdır.

Tarix elmləri doktoru Allahşükür Paşazadənin 1990-cı ildə yazdığı, elmi redaktoru akademik Ziya Bünyadovun olduğu   “Qafqazda İslam” əsəri Azərbaycan elmi tarixində öz layiqli yerini tutur. Sanballı elmi fikirlərlə ehtiva olunmuş bu kitab şərqşünas – tarixçilərin, dinşünasların elmi mənbə kimi istinad etdikləri dəyərli əsərdir. Bu əsər onun elmi fəaliyyətinin əsasını təşkil edir. 1991-ci ildə nəşr olunmuş kitab fundamental nəşrlərdən sayılır. Burada elmi mübahisə mövqeyindən maraqlı nəzəri mülahizələr təqdim olunur.

Kitab həmin dövrə qədər Azərbaycanda islam və onun tarixinə dair sovet ideoloji platformasından kənar yazılan ilk araşdırmadır.

“Qafqazda islam” əsəri Qafqazda islam dininin tarixinə və bu gününə həsr olunub.  Bu elmi araşdırmada islamın Qafqazda yayılma tarixi,  onun bu arealda yaşayan  xalqlara təsiri araşdırılıb. Allahşükür Paşazadə 1991-ci ildə bu elmi əsərini Azərbaycanın görkəmli alimi, akademik Azad Mirzəcanzadənin rəhbərlik etdiyi Ali Attestasiya Komitəsində uğurla müdafiə edərək professor elmi dərəcini alıb.

Allahşükür Paşazadə həmçinin Qarabağ münaqişəsinə dini rəng verməyə cəhd edənlərin planları üçün əngəl olub. Qarabağ probleminin ilk illərindən başlayaraq QMİ xalqlar arasında nifaqın, millətlərarası nifrətin dərinləşməməsi üçün bütün imkanlarını səfərbər edib. Bu baxımdan Şeyxülislam Allahşükür Paşazadə atdığı bütün addmlarında ardıcıl olub. Erməni katolikosu ilə apardığı danışıqlarda QMİ sədri Azərbaycan dövlətinin maraqlarını ardıcıl müdafiəçisi olub və işğal olunmuş torpaqlarımızın azad edilməsini tələb edib. 1995-ci ildə Moskvada Rusiya patriarxının təşəbbüsü ilə keçirilmiş Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli danışıqlarının yekun bəyanatında münaqişənin dini motivli olmadığı dünyaya rəsmən bəyan olundu.

QMİ sədri müsəlman dünyası üçün çox nadir olan  tolerantlığın yaxşı nümunəsini yarada bilib.  Min ildən artıqdır ki, İslam dünyasının iki böyük məzhəbinin – şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda edirlər. Tarixdə bir neçə dəfə onların vəhdətinə, birliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər davamlı xarakter almayıb.

Qurani-Kərimdə Allah bütün müsəlmanları birliyə və vəhdətə çağırır. Belə bir zamanda Azərbaycan bütün dünyaya nümunə ola biləcək növbəti addım ata bildi. Məscidlərdə müxtəlif məzhəblərin nümayəndələri birgə Vəhdət namazı qıldılar.

QMİ sədrinin atdığı mühüm addımlardan biri də Aşura mərasimlərində qanvermə aksiyasıdır. Şeyxülislam yüzillərlə davam edən müqəddəs gündə başyarma kimi mövhumatçı adəti xəstələrə qanvermə aksiyasına çevirməklə islam dininin xeyrixah əməllərə çağırış mesajını bir daha praktik subut etdi.

Şeyxulislam Hacı Allahşükür Paşazadə təkcə Azərbaycanının deyil, bütövlükdə Qafqaz xalqlarının dini rəhbəridir. Bu vəzifə isə əslində sayı 10 milyondan artıq olan Qafqaz xalqlarının mənəvi rəhbəri, ağsaqqalı xarakterini daşıyır. Şeyxin özü də Azərbaycanda xalqın ən çətin  vaxtlarında öz mövqeyini qorxmadan nümayiş etdirə bilib.

Müxtəlif dini konfessiyaların və xalqların yaşadığı Azərbaycan üçün xaricdən ixrac olunan təhlükəli tendensiyalar  dövlətdən xüsusi həssaslıq tələb edir.

QMİ sədri dövlət və dinin uğurlu əməkdaşlıq platformasını yaradaraq inancı bir-birinə qarşı qoymaqla siyasi  dividend qazanmağa çalışan qüvvələrin qarşısında sədd ola bilib.

Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi tolerantlıq prinsiplərinin təbliğində mühüm rol oynayan QMİ sədrinin təşəbbüsü ilə bir sıra Avropa ölkələrində beynəlxalq konfranslar təşkil olunub. Dünyanın Dini Liderlərinin Bakı sammiti bu sırada mühüm yer tutur.

Yekunda demək olar ki, ötən 41 ildə QMİ və onun rəhbəri Allahşükür Paşazadə ölkənin ictimai –siyasi tarixində əhəmiyyətli izini saxlaya bilib.

Onun xalq qarşısında xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. QMİ sədri Azərbaycanın “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordeninə layiq görülüb. 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən “Heydər Əliyev” Ordeni ilə təltif olunub. Bundan başqa Şeyxülislam xarici ölkələrin -Rusiyanın, Misirin, Gürcüstanın, İordaniyanın, Çeçenistanın dövlət mükafatları ilə də təltif edilib.

Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən islam dünyasına xüsusi töhfələri olan beş görkəmli müsəlmandan biri elan olunub.

Şeyxülislam bu gün də statusunun verdiyi imkanlar çərçivəsində Azərbaycanın rifahı və maraqları üçün səylərini əsirgəmir.

Emin ABBASOV

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sumqayıtda 8 yaşlı qız 4-cü mərtəbədən yıxılaraq ölüb

Sonrakı məqalə

Ruhani dost ölkələrin ABŞ-ın İrana sanksiyalarına etiraz etməməsindən təəssüflənib