Qafqazın səsi eşidilən Şeyxülislamı –Allahşükür Paşazadənin doğum günüdür

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin doğum günüdür. Avqustun 26-da Şeyxülislamın 73 yaşı tamam olur. 

Azərbaycanın son 40 illik tarixində Şeyxülislam həm din xadimi, həm də ictimai xadim kimi həmişə ictimai proseslərin ön cərgələrində yer alıb.

Sovet müsəlmanlarının ən gənc lideri

1979-cu ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsinə sədr seçilən 30 yaşlı Allahşükür Paşazadə sovet ateizminin sərt üzünün bütün ağırlığını yaşamışdı.

Ondan əvvəlki şeyxülislamların Azərbaycanın ictimai həyatına  təsiri məhdud idi. Sovet Azərbaycanın  o zamankı dini cameəsi də çox məzlum halda idi. 1982-ci ildə aparılmış rəsmi qeydiyyata əsasən, ölkədə cəmi 123 molla vardı. Onlardan yalnız 16 nəfəri dini təhsil almışdı. Bu şəxslərdən biri də Allahşükür Paşazadə idi.

Allahşükür Paşazadə SSRİ zamanında Daşkənd İslam İnstitutunda ali təhsil almış azsaylı azərbaycanlı savadlı dindar kəsiminin ilk pionerlərindən olub. Ateist sovet rejimi üçün savadlı din xadimi arzuolunan sayılmırdı. Məhz bu savadlı, elmə açıq, müasir düşüncə tərzi ilə seçilən Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinə etimadı yaradan, xalqı inanc birliyinə təşviq edə bilən rəhbər kimi yadda qaldı.

Din xadimi kimi aktiv fəaliyyətə başlayan  QMİ sədri azsaylı dini icmada passivliyi dağıdaraq ona yeni nəfəs verməyi bacardı.

Gənc Şeyxülislamın sovet rəhbərliyi qarşısında 30-cu illərdə bolşeviklər tərəfindən dağıdılmış Bibiheybət məscidinin bərpa olunması üçün qaldırdığı təklif bu baxımdan cəsarətli addım idi.

Onun 80-ci illərdə yerli kommunistlərin müraciəti əsasında Moskvanın qəbul etdiyi Gəncə İmamzadəsini partlatmaq qərarının qarşısını ala bilməsi dövrünün mühüm hadisəsi sayıla bilər. Ümummilli lider, mərhum Prezident Heydər Əliyevə yol taparaq bu sərsəm qərardan onu xəbərdar etməsi Gəncənin bu gün bütün müsəlman dünyasında xüsusi ehtiram göstərilən dini ocağını barbar hucumdan xilas edə bilmişdi.

QMİ sədri Azərbaycanda dövlət siyasətinin əsas prioriteti elan edilmiş tolerantlığın yaxşı nümunəsini yarada bilib. Məzhəb fərqlərini arxa plana atan Azərbaycan bütün dünyaya nümunə ola biləcək addımı ilə fərqlənir. Müqəddəs bayramlarda, əziz günlərdə məscidlərimizdə müxtəlif məzhəblərin nümayəndələri birgə namaz qılırlar.

Eyni zamanda müxtəlif səmavi dinlərin qardaşlıq platformasının qurulması dinlərarası əməkdaşlığın əhəmiyyətli hadisəsidir.

QMİ sədrinin atdığı mühüm addımlardan biri də Aşura mərasimlərində qanvermə aksiyası oldu. Şeyxülislam yüzillərlə davam edən müqəddəs gündə başyarma kimi mövhumatçı adəti xəstələrə qanvermə aksiyasına çevirməklə islam dininin xeyrixah əməllərə çağırış mesajını bir daha praktik subut etdi.

Bu sırada QMİ-nin rəhbərliyi ilə SSRİ zamanında Azərbyacandan Həccə gedən ilk zəvvarların səfəri də yaddaqalandır. Həcc ziyarəti SSRİ müsəlmanları üçün demək olar ki, əlçatmaz idi. 60 milyonluq müsəlman əhalisinə malik olan SSRİ ildə cəmi 25 nəfərə həcc ziyarətinə icazə verirdi.

21 iyun 1990-cı ildə Azərbaycan ilk dəfə olaraq SSRİ höküməti ilə razılaşdırmadan, özü zəvvarları Həccə göndərir. Allahükür Paşazadənin rəhbərliyi ilə bir qrup zəvvarın Məkkə ziyarəti böyük marağa səbəb oldu və bu ziyarət o dövrün xarici KİV-lərində ciddi təhlil edilmişdi. Həmin səfərdə Allahşükür Paşazadəyə isə yalnız yüksək nufuz sahiblərinə və islam liderilərinə göstərilən xüsusi ehtiram nümayiş etdiridi, Şeyx Məkkədə Kəbə evinin içinə daxil oldu.

Həmin ildən başlayaraq Azərbaycan mütəmadi şəkildə müqəddəs ziyarətə zəvvar göndərməyə başlayır. Bu məsələdə QMİ-nin sədri hacı Allahşükür Paşazadənin islam dünyasında olan nufuzu böyük rol oynayır.

QMİ sədri islam dini və dünyəvi elmlər arasında  münasibətləri əlaqələndirən bir alim kimi də tanınır. Allahşükür Paşazadənin hələ SSRİ dönəmində yazdığı, elmi redaktoru akademik Ziya Bünyadovun olduğu “Qafqazda İslam” əsəri Azərbaycan elmi tarixində öz layiqli yerini tutur. Kitab həmin dövrə qədər Azərbaycanda islam və onun tarixinə dair sovet ideoloji platformasından kənar yazılan ilk araşdırmadır.

Şeyx bununla SSRİ zamanında dini sinfi mövqedən tənqid edənləri tənqid edən ilk müəliflərdəndir. Həmin tənqidçilərin yazılarındakı dinin sinfi mövqedən tənqidi metodologiyası Şeyxülislamın elmi qənaətləri ilə köklü şəkildə rədd edilib. Onun əsərləri islamşünaslığa dair tədqiqatlara böyük təsir göstərib. Bu əsərləri ilə Şeyxülislam Allahşükür Paşazadə özünü təkcə din xadimi kimi deyil, həm də istedadlı tarixçi və filosof kimi tanıda bilib.

Mövqeyi olan ictimai xadim

QMİ sədri  baş verən proseslərə öz mövqeyini ifadə edən ictimai xadimdir.

1986-cı ilin oktyabrında 36 yaşlı Allahşükür Paşazadənin təşkilatçılığı ilə Azərbyacan SSR-də ilk dəfə İslam Konfransı Təşkilatının himayəsi altında “Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfrans təşkil olunmuşdu. Bu beynəlxalq konfrans Azərbaycanın dünya müsəlmanlarının yeni əməkdaşlıq mərkəzinə çevrilməsində mühüm rol oynadı. Buna qədər SSRİ-də son dərəcə nadir hallarda keçirilən belə beynəlxalq tədbirlər yalnız Orta Asiyada – Daşkənddə baş tuturdu.

80-ci illərdən etibarən QMİ sədri ictimai həyatda fəal şəkildə iştirak edib. SSRİ-nin müsəlman respublikalarının dini liderləri arasında dövrün yeni çağırışlarına qoşulan din xadimləri sırasında Allahşükür Paşazadə də var idi.

1989-cu ildə SSRİ Xalq Deputatları Qurultayına keçirilən seçkilərdə namizəd kimi qatılan QMİ sədri SSRİ xalq deputatı seçilir. Şeyxülislam SSRİ-də dindarlara ilk dəfə hüquq verən “Vicdan azadlığı haqqında” qanun layihəsini hazırlayan işçi qrupun üzvlərindən olub.

Deputat kimi siyasi status daşıyan QMİ sədri bununla ölkənin nəbzini müəyyən edən proseslərdə iştirak edib.

1988-ci ildə Dağlıq Qarabağda başlayan separatçı hərəkat Azərbaycanda ciddi rezonans doğurur və SSRİ-ni silkələyən hadisəyə çevrilir. Azərbaycan xalqının haqlı etirazını görməməzliyə vuran sovet rəhbərliyi söz oyunları ilə vəziyyəti idarə etməyə çalışsa da bu əks effekt verdi. Azərbaycanda Moskvanın ədalətsiz yanaşmasına qarşı ümumxalq etirazı başlanır.

Bu prosesdə QMİ sədri hakimiyyət “qapıları” arxasında gizlənən din xadimlərindən olmadı. A.Paşazadə noyabr ayında Lenin meydanında keçirilən izdihamlı mitinqlə ölkədə başlanan Qarabağ hərəkatının, daha sonra müstəqillik uğrunda aparılan mübarizənin ön sıralarında yer alır. O, tribunadan milyonluq etiraz mitinqinin iştirakçılarını Qarabağ uğrunda, Azərbaycanın haqq işi uğrunda mübarizəyə səsləyərək xalqla bir sırada oldğunu bəyan etdi. Öz dövrü üçün gözlənilməz görünən bu addım Allahşükür Paşazadəni ictimai-siyasi proseslərin mərkəzinə gətirdi.

Bu sırada Azərbaycan tarixinin ən qanlı səhifəsi olan 1990-cı il yanvar qırğını xüsusi yer tutur. Bakıya sovet ordusunun yeridilməsi, Azərbaycan xalqına qanlı divan tutulması ölkəmizdə başlanmış azadlıq hərəkatını dağıtmaq məqsədi daşıyırdı. Bütün siyasi təşkilatların, ictimai qurumların, sovet idarələrinin qorxudan susduğu, qaçıb gizləndiyi bir vaxtda meydanda yalqız qalmış Azərbaycan xalqı Şeyxulislam Allahşükür Paşazadənin ağlar səslə bu qanlı qırğına görə SSRİ Prezidenti Mixail Qorbaçovu lənətləyən Bəyanatını eşitdi.

Bu, sovet tarixində din xadiminin sovet rəhbərini lənətləyən ilk bəyanatı oldu.

Siyasi vakkumda bütün təxribat cəhdlərinin qarşısını alan A.Paşazadə Azərbaycan xalqının müstəqillik və azadlıq mübarizəsini “islam fundamentalizmi” damğasından xilas edə bildi. SSRİ rəhbərlərindən olan Yevgeni Primakovun A.Paşazadəyə hakimiyyəti götürəcəyi təqdirdə ordunun Bakıya girməyəcəyi barədə provakativ təklifini rədd edən, kabinetdə onunla dalaşan Şeyxulislam sovetin müti dindarı kimi yox, xalqının mənafeyini, azadlığını hər şeydən uca tutan  açıq fikirli ictimai xadimi kimi adını tarixə yazdı.

Bu gün Şəhidlər Xiyabanı kimi hamının and yeri olan məkan 32 il əvvəl -1990-cı ilin yanvarında bütün SSRİ-ni titrədən etiraz yürüşünün bir lövhəsidir. Milyonluq dəfnə rəhbərilk edən A.Paşazadə fövqəladə vəziyyətin hökm sürdüyü Bakıda bu möhtəşəm mərasimi SSRİ-yə qarşı etiraz aksiyasına çevirdi.

Allahşükür Paşazadə həmin ilin mart ayında Qorbaçovun SSRİ Prezidenti seçilməsinə etiraz olaraq SSRİ Xalq Deputatı mandatından imtina edərək bu addımla qanlı cəllada etirazını ifadə etdi.

Ölkənin taleyüklü məsələlərinin həlli üçün etimad göstərilmiş ziyalıların parlaq siyahısında yer almış Şeyxülislam Azərbaycanın azadlığı üçün lazım olan bütün qətiyyətini nümayiş etdirə bilmişdi.

Ateist SSRİ-nin tərkibində olan Azərbaycanın dünya müsəlmanlarının ən nufuzulu təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatına üzvlüyü 1991-ci ildə məhz QMİ sədrinin nufuzu və səyi hesabına baş tutmuşdu. Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyinin tanınma “paradı”nın ilk cərgəsində İƏT-in üzvü olan 3 ölkə gəlir.

Azərbaycan bu quruma üzv olmaqla Ermənistanın təcavüzkar siyasətinə qarşı müsəlman həmrəyliyini əldə etdi. İƏT Ermənistanı işğalçı kimi tanıyan ilk beynəlxalq qurum oldu.

İnsanın niyyətini göstərən onun davranışlarıdır. Bu baxımdan QMİ sədrinin təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda qazandığı etimad əməllərinə söykənir. Qafqazın dini rəhbəri titulunu daşıyan A.Paşazadə bu adı heç də təkcə moizələrinə görə almayıb. 90-cı illərdə Çeçenistanda SSRİ dağıldıqdan sonra başlanmış hərəkat dinc məcrasından çıxaraq çeçen xalqının ağır fəlakətinə çevriləndə Şeyxülislam xalqın taleyi hesabına aparılan bu “oyuna” ilk etiraz edən din xadimi oldu. Rusiyanın Çeçenistanda, dinc əhalinin kütləvi qırğınına səbəb olmuş hərbi əməliyyatlarına etiraz edən Şeyxulislam Allahşükür Paşazadə prezident Boris Yeltsinə sərt müraciət ünvanlayaraq çeçen xalqına qarşı soyqırımın dayandırılmasını tələb etmişdi. Qanlı müharibəyə düçar olmuş, başını itirmiş Qafqazda rus silahına qarşı  səslənən Azərbaycan din xadiminin bəyanatı böyük rezonans doğurdu və Qafqazda həmrəyliyin simvoluna çevrildi.   O vaxtdan Qafqaz dindarları üçün Allahşükür Paşazadə dini rəhbər statusunu qazandı.

QMİ sədri bu gün də ictimai nufuzundan istifadə edərək regionla bağlı taleyüklü məqamlarda öz sözünü deməkdən çəkinmir.

Qarabağ uğrunda “ruhani diplomatiyası”

Dini rəhbər kimi A.Paşazadə son 30 ildə Azərbaycana ağır bəlalar gətirmiş Qarabağ münaqişəsinin həlli üçün çaprışan şəxslərdən oldu. “Ruhani diplomatiyası” Azərbaycanın dünyəvi platformasından kənarda yaranan məsələlərin həllində həmişə köməyini göstərib. Ayrı –ayrı dövlətlərlə münasibətlərdə inanc birliyinin imkan verdiyi əməkdaşlıq bir çox hallarda Azərbaycana öz mövqeyinin dəstək qazanmasında yardımçı olub.

Ölkəmiz 44 günlük Vətən Müharibəsindən qalib çıxdı, qəhrəman Ordumuz düşməni darmadağın etdi.

Bu şanlı günlərdə müharibənin mənəvi yaralarına məlhəm olmaqla Azərbaycanın haqq səsini bütün dünyaya çatdıran Qafqaz Müsəlmanları İdarəsi və onun sədri, Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti də çoxşaxəlilik baxımından yaddaqalan oldu. Şeyxülislam üzərinə düşən işinin təşkili ilə yanaşı, həm də  diplomatiya və media səngərində öndə oldu.

QMİ müharibənin ilk günündən müharibə ovqatını daşıyan bir quruma çevrildi. Ölkənin hər tərəfində Şeyxülislamın təyin etdiyi qazılar və imamlar əsgərlərin döyüşə yola salınma mərasimlərində, şəhid dəfnin təşkilində və idarəsində təşkliatçı kimi öndə oldular.

Şeyxülislamın müharibə dönəmində fəaliyyətinin bir qolunu “ruhani diplomatiyası” təşkil etdi. Döyüşlərin ilk günündə Ermənistanın növbəti silahlı təxribatı ilə başlayan hadisələrlə bağlı beynəlxalq təşkilatların rəhbərlərinə, xarici ölkələrin hökümətlərinə və dünya dini liderlərinə müraciət edən Allahşükür Paşazadə Azərbaycanın bu davasının haqlı və ərazilərini işğaldan azad etməsi üçün apardığını bəyan etdi.

BMT-nin Baş Katibinə, ATƏT-in fəaliyyətdə olan Sədrinə, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanına, Moskva və Bütün Rusiya Patriarxı Kirilə, Bütün Gürcüstanın Patriarxı II İliyaya, Roma Papası Fransiskə, İslam Əməkdaşlığı Təşkilatının baş katibinə və digər nufuzlu qurumların başçılarına ünvanlanan bu müraciətlər və verilən reaksiyalar Azərbaycanın haqlı mövqeyinin təsdiqi oldu. Nufuzlu dini qurumların, din xadimlərinin Azərbaycanın apardığı ədalətli mübarizəsinə dəstəyi ölkəmizin bu müstəvidə “benəlxalq çətiri”nin qurulması üçün vacib məqamlardan oldu.

Bu 44 gündə erməni kilsəsinin münaqişəyə dini rəng vermək cəhdi ilk gündən fiaskoya uğradı. Katolikos 2-ci Qareginin Qarabağda hərbi əməliyyatları dünya ictimaiyyətinə “xristian erməni xalqına” olan hucum kimi təqdim etmək cəhdləri alınmadı. QMİ sədri Qareginin müraciəti ilə bağlı verdiyi bəyanatda erməni kilsəsini qızışdırıcı fəaliyyətdə ittiham edərək din xadiminin təcavüzə bəraət verməsini və xalqları qarşıdurmaya sövq etməsini pislədi.

QMİ sədri müharibədən sonra erməni kilsəsinin başçısının Qarabağda guya erməni abidələrinin dağıdılması ilə bağlı yalançı hay-küyünə tutarlı subutlarla cavab verdi. İşğal dövründə Ermənistan tərəfindən yerlə-yeksan edilmiş məscid və məbədlərin konkret ünvanlarını sadaladı.

Hərbi əməliyyatlar zamanı beynəlxalq müstəvidə Azərbaycan üçün əhəmiyyət daşıyan məsələ ictimai rəyin doğru yönəldilməsi idi. Bu baxımdan QMİ sədrinin müsəlman ölkələrinin birləşdiyi nufuzlu beynəlxalq qurumlarda apardığı iş, mövqe xüsusi qeyd oluna bilər. Azərbaycanın bu paltformada özünün tutarlı mövqeyini möhkəmləndirməsi üçün bu illər ərzində çoxlu işlər görülüb. A.Paşazadənin beynəlxalq platformada fəaliyyəti, müxtəlif dinlərin  rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında öz töhfələrini verdi.

Bununla bağlı müxtəlif vaxtlarda Avropanın aparıcı ölkələrində təşkil olunan beynəlxalq konfranslar Azərbaycanın multkulturalizm siyasətinin nümayişi baxımından faydalı oldu.

Şeyxülislam türkdilli ölkələrin dini həmrəylik platformasnıın qurlulması üçün fəaliyyəti təqdirəlayiqdir. Türkiyə ilə Azərbaycanın bu yöndə birgə işi son nəticədə Türk dövlətlərinin din xadimlərinin vahid mövqeyini müəyyən etməyə imkan yaratdı.

Ötən 30 il ərzində QMİ sədrinin Erməni kilsəsinin rəhbərləri ilə danışıqlarında daima regionada sülhün əldə olunması üçün işğal edilmiş Qarabağın azad olunması fikri qırmızı xətt kimi keçib.

Bu illər ərzində QMİ sədri Azərbaycanın Qarabağla bağlı apardığı siyasətinin ən fəal ictimai xadiminə çevrilməklə “ruhani diplomatiyasının”vacib həlqəsini təşkil edib.

Qarabağın işğalda olduğu illərdə Şeyxülislamın ən mötəbər xitabət kürsülərindən səsləndirdiyi  bütün bəyanatların kökündə Azərbaycan dövlətinin maraqları və prezident İlham Əliyevin siyasəti durub. Xristian və müsəlman dünyası ilə yaradılmış isti münasibətlər ölkəmizə etimad qazandırıb, haqq səsimizə dəstək gətirib.

Bu proses Vətən Müharibəsi zamanı və ondan sonrakı müddət ərzində də davam edib.

QMİ sədrinin bu istiqamətdə fəallığı bu gün də meydandadır.  Şeyxülislamın səfərləri, görüşləri və qəbulları müharibənin yeni “səngəri”nin maraqlı tablosudur. Xarici ölkələrə mütəmadi səfərləri, diplomatların qəbulu, beynəlxalq təşkilatlarla sıx təmaslar QMİ sədrinin gündəliyinin mühüm mesajlarını nümayiş etdirir.

Azərbaycan dindarlarının bu günkü rəhbəri ölkənin mühüm ictimai-siyasi proseslərində dövlətlə əməkdaşlıq zəncirini qura bilib. Yad ideoloji təbliğatın, dini təfriqənin qarşısını almaqda öz töhfələrini verən QMİ sədri cəmiyyətin həyatında dini harmoniyanın, dostluğun və həmrəyliyin yaradılmasında mühüm fiqurdur.

Şeyxülislam məqamının mövcudluğu ölkədə dini harmoniyanın saxlanması və etiqadlı cameənin dövlətlə bağının qurulmasında öz əvəzsiz rolunu oynayır. Bu, tariximizin müxtəlif mürəkkəb və böhranlı dövrlərində özünü dəfələlə nümayiş etdirib.

Azərbaycanın haqq işini təbliğ edən QMİ sədri özünün əsas prinsipi olan “darül-əhd”ə sadiqdir. Süni şəkildə yaradılan məzhəb və inanc savaşlarına qarşı tolerantlıq prinsipləri ilə mübarizə aparan A.Paşazadə Azərbaycan prezidenti İlham Əliyevin birgəyaşayış və tolerantlıq prinsiplərinin ardıcıl təbliğatçısıdır. Şeyxülislam ölkə müsəlmanları və dünya dini rəhbərləri arasında “eşidilən səs”ə çevrilib.

Emin ABBASOV

 

Əvvəlki məqalə

“Laçını tərk edərkən evə donuz qanı sürtmək murdar mahiyyəti ortaya qoydu”

Sonrakı məqalə

Vladimir Putin Mehriban Əliyevanı təbrik edib