“Qar yağır, qara çörək, qırmızı çaxır” –Tanınmış jurnalist məşhur şairin qalmaqallı şeirindən yazdı

Məsələləri azcana bir-birinə qatıb-qatışdıracam, axırda görək içindən bir tərəfə çıxa biləcəyikmi?
Qar yağır Qar yağır Qar yağır Qar yağır
…Qara çörək, Bəyaz pendir, Qırmızı çaxır.
Bu günlərdə yağan güclü qar rəhmətlik rəssam-şair Adil Mirseyidin bu məşhur şeirini Facebook, İnstagram və Tik-tok camaatının yadına saldı. Optimistlər dinləyib lağlağı elədilər. Pessimistlər lağlağı eləyənləri məzəmmət elədilər. İmpressionistlər isə mərhum sənətkarı yad elədilər.
Mərhum Adil Mirseyidi həyatda cəmi bircə dəfə görmüşəm: 90-cı illərin lap bitəcəyində “Şərq”in redaksiyasına gəlmişdi. Jurnalist həmkarım Məlahət Rzayeva ondan müsahibə alırdı. O da uşaqlığından, uşaq vaxtı saxladığı “Vova” adlı pişiyindən, yaşadığı kirayə evləri tez-tez dəyişməsindən və hər dəfə də evdən-evə daşınmaqla həyətdəki dostlarından, məktəbdəki sinif yoldaşlarından ayrılmaq məcburiyyətində qalan oğlunun əlindən aldığı xatirələrdən danışırdı.
Adil Mirseyiddən ən çox yadımda bu ani təəssürat qalıb. Bir də onun illər əvvəl oxuduğum “Qar” şeiri…
Həm rəssam, həm şair kimi aid olduğu cərəyana, bəlkə də, ən uyğun bir xatirə…
Şeirinə lağlağı edənlər də, belələrini məzəmmət edənlər də, şairi yad edənlər də yenə sağ olsunlar. Yaradıcı taleyi sərt dəyişikliklər vaxtına düşüb dəyirman daşları arasındakı buğda dənəsi kimi üyünən bəxtsiz bir sənətkarın yaddaşlarda diri qalması bütün hallarda yaxşı haldır.
Xatırlanırsa, demək, yaşayır.
Adil Mirseyid və onun “Qar” şeiri hələlik burada gözləməkdə olsun bir az da Amerikalı professor Barbara Oaklinin “fokuslanmış düşüncə tərzi” (focused thinking) və “yayğın düşüncə tərzi” (diffuse thinking) təlimi haqqında tərəfindən ərz edək, xoşbəxt olun…
Barbara Oakli bütün dünyada tanınmış bir xanımdır. “Öyrənməyi öyrənməyin” ən yaxşı təlimçilərindən sayılır. İstəsəniz internetdə videolarını tapıb baxarsınız, faydalı şeylər danışır. Danışdıqlarının çoxu olsun ki, ona qədərki bir çox psixoloqların, pedaqoqların yazdıqlarıdır və Barbara xanım bunları danışmaqla yenidən velosiped kəşf etmir. Onun üstünlüyü isə budur ki, bütün bunları sadə, praktik şəkildə ümumiləşdirib təqdim etməyi bacarır.
Məsələn, o göstərir ki, insanlar öz beyinlərini iki rejimdə çalışdırırlar. Bunlardan biri fokus rejimidir. Adam yeni bir şey öyrənmək istəyəndə, nəyisə araşdıranda beynini həmin rejimə keçirir. Dəqiqələrlə, saatlarla, günlərlə, aylarla, hətta illərlə ona fokuslanıb qala bilir. Yəni sadə dildə desək, Allah təbarəkə və təalanın ona verdiyi başdan öz təyinatı üzrə istifadə edib düşünür. Yayğın rejim üçünsə heç bir fokusa-zada ehtiyac yoxdur. Heç düşünmək də lazım deyil. Elə Tik-tokdakı qısa videolara zada baxıb, hər şeydə bir lağlağı mövzusu axtarıb tapıb Allah ümidinə avtopilotda gedirsən, hara qədər gedər-gedər.
İndi insan üçün bunlardan hansı daha faydalıdır, bir qədər çətin sualdır. Yalnız onu deyə bilərik ki, tarixdəki bütün böyük elmi kəşflərin, yaradıcı nailiyyətlərin hamısı fokus rejimində çalışan başların məhsuludur.
Səməd Vurğunun şeirlərini oxuyanda elə bilirsən ki, elə çöldə, meşədə, ovda, bulaq başında yeyib-içib iki dəqiqədə bu misraların hamısını düşüb-qoşub. Amma deyilənə görə o, şeir yazmağa başlayanda kostyumunu geyinər, qalstukunu taxar və bundan sonra masa arxasına keçib qələmini əlinə alarmış.
Yenə Adil Mirseyidə və onun “Qar” şeirinə qayıdaqsa, qayıdaq.
Bu şeir həyatın ani, ötəri bir anıdır.
Bayırda qar yağır. Bir rəssam-şairsə pəncərədən asta-asta yağan qara baxıb sınıq-salxaq kətil üzərindəki qara çörəyin, bəyaz pendirin və qırmızı çaxırın rəngləri ilə tənhalığının, cavabsız suallarının, amma bir o qədər də dünyanın maddi nemətlərində elə də gözü olmayan yaradıcı adamın xoşbəxtliyinin rəsmini çəkir.
Ola bilər ki, bu şeir həqiqətən mənasız şeirdir. Bununla belə həmin şeirin ucundan tutub ucuzluğuna getmək – müxtəlif əsrlərdə mövcud olmuş yaradıcı cərəyanlar haqqında o ki, var şeylər öyrənmək olar. Heç olmasa Aleksandra Perşeyevanın Postnauka.org portalında yayılmış və Azərbaycan dilinə də tərcümə olunmuş “Müasir incəsənət niyə belə anlaşılmazdır?” məqaləsini tapıb oxumaq mümkündür.
Pareto prinsipinə əsaslansaq, dünyadakı adamların cəmi 20 faizi belə edir. Çalışıb başı o 20 faizin başlarına qoşmaq lazımdır.
Sonda Adil Mirseyidin bir başqa şeirini də təqdim edim, oxuyaq, düşünək və bu şeirin ən axırıncı misrasındakı sualı tez-tez özümüzdən soruşaq…
bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm
göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm
necə inanırdım bəxt ulduzuma
mən sözün sehrinə bel bağlayırdım
gecələr yuxuma girərdi allah
mən ona sirr verib sirr saxlayardım..
nə tüfəng asılıb divardan nə saz.
bəlkə öz ömrümü uydurmuşam mən,
bəlkə yüz il əvvəl oyanmalıydım.
bəlkə bu yuxudan gec durmuşam mən.
nə bir at kişnəyir nə köpək hürür,
divar saatı da susub qorxudan.
yüz il öncə yağan yağışın səsi
bu gecə oyadıb məni yuxudan.
göylərdən qovulmuş mələyəm bəlkə,
bəlkə də bir sərxoş meyxanəçiyəm.
bir gecə oyandım yağış səsinə,
bilmədim hardayam kiməm nəçiyəm.
Yadigar CƏFƏRLİ
Əvvəlki məqalə

Yanvar ayının pensiya artımları nə zaman ödəniləcək?

Sonrakı məqalə

Mebel sexində partlayış zamanı yaralananların son durumu necədir?