“Qarabağ ermənilərinin Azərbaycanın tamhüquqlu vətəndaşları olması barədə bəyanatı alqışlayırıq”-Almaniya səfiri

“Bu yaxınlarda Qarabağdakı hərbi əməliyyatlar ATƏT-in Minsk Qrupunun üzvü olaraq Almaniyanın münaqişəyə cəlb edilməsinə səbəb oldu. 2020-ci ilin sentyabr–oktyabr aylarında müharibə dövründə Almaniya hər iki tərəfi münaqişənin beynəlxalq prinsiplər – ərazi bütövlüyü və özünütəyinetmə hüququ əsasında həllinə çağırdı”.

Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqan Maninq Turan agentliyinə müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, Almaniya münaqişənin güc yolu ilə həllinə qarşıdır. “Odur ki, biz 90-cı illərin əvvəlində Azərbaycan ərazilərinin güc yolu ilə işğal edilməsini pislədik, hər iki tərəfi danışıqlara və dinc yolla həllə çağırdıq”, – səfir deyib.

Diplomat Berlinin tərəfləri beynəlxalq humanitar hüquqa uyğun olaraq humanitar barışığa əməl etməyə çağırdığını xatırladıb.  Bu müddəalar 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda əksini tapıb və Dağlıq Qarabağ regionunda humanitar məsələlərin həllini nəzərdə tutur.

“Bununla əlaqədar biz 2020-ci ilin noyabrında əldə olunmuş razılaşmaları alqışlayırıq. Bu, sözügedən məsələlərin həllinə yardım edər və münaqişə tərəfləri üçün barışığın əsasını təşkil edə bilər”, –    diplomat vurğulayıb.

Almaniya hakimiyyətinin nizamlanmaya və ya tərəflərin barışığına nail olmağa kömək edə biləcək hər hansı konkret təklifi və ya ideyaları varmı?

Səfir bu sualın cavabında deyib ki, öncə nizamlanma məsələləri ilə ATƏM, sonra ATƏT, daha dəqiq desək, ATƏT-in Minsk Qrupu məşğul olub. Minsk Qrupunun həmsədrləri uzun illərdir ki, münaqişənin həllində irəliləyişə nail olmağa çalışıblar, amma uğur əldə etməyiblər.

“Bununla belə, biz hesab edirik ki, bu və ya digər razılaşmaların həyata keçirilməsini təmin etmək üçün Minsk Qrupunun səylərini yenidən bərpa etmək lazımdır. Minsk Qrupunun üzvü olan Almaniya əvvəlkitək hesab edir ki, təhlükəsizlik təşkilatı kimi ATƏT-in səyləri mövcud məsələlərin aradan qaldırılması və onların həlli yollarının tapılması üçün vacibdir”, – diplomat bildirib.

Almaniya münaqişə zonasında humanitar məsələlərin həlli üçün Qırmızı Xaça 2 mln. avro ayırıb. Sizin bu istiqamətdə səylərinizi davam etdirmək, eləcə də işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpasında iştirak etmək niyyətiniz varmı?

Buna cavab olaraq səfir deyib ki, hər iki tərəf münaqişədən zərər çəkmiş əhali üçün humanitar yardım haqda xahişlə müraciət edib. Problemin kəskinliyini nəzərə alaraq, Almaniya hökuməti Qırmızı Xaçın səylərini dərhal dəstəkləməyə qərar verib. Ayrılmış vəsait yalnız bir regiona (Qarabağa) deyil, dinc əhalinin zərər çəkdiyi bütün zonaya aiddir.

“Ərazilərin bərpasında Almaniya şirkətlərinin iştirakı ilə bağlı ikinci suala gəlincə, biz prinsipcə hazırıq. Biz istərdik ki, bütün Cənubi Qafqaz ölkələri Avropa ölkələri ilə iqtisadi inteqrasiyaya malik  ümumi zonaya, çiçəklənən ölkələrə çevrilsinlər. Biz nəinki iqtisadi kooperasiya, eyni zamanda, region ölkələri ilə siyasi qarşılıqlı anlaşma istəyirik. Bununla əlaqədar beynəlxalq qurumların Dağlıq Qarabağ regionuna çıxış əldə etməsini gözləyirik. Biz iki ölkə hökumətləri ilə Almaniya şirkətləri üçün regiona daxil olmaq imkanlarını müzakirə etməyə hazırıq. Biz hökumət kimi onları məcbur edə bilmərik, amma dəvət edə bilərik. Bundan əlavə, ərazilərin bərpasında iştirak Avropa İttifaqı, Ermənistan və Azərbaycanın da üzvü olduğu “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində mümkündür.

Bu, gələcəyin işidir, hələ ki biz diqqətimizi humanitar məsələlərə və beynəlxalq hüququn təmin olunmasına yönəltmək istəyirik. Bu baxımdan Almaniya şirkətlərinin iştirakı ilə minalardan təmizləmə probleminin dəstəklənməsinə dair məsləhətləşmələr aparırıq”, – diplomat bildirib.

Ermənistan və Azərbaycan cəmiyyətlərində bu yaxınlardakı müharibədən irəli gələn yüksək gərginlik davam edir. Hər iki tərəf arasında barışıq mövzusu ağır qəbul edilir. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Fransa və Rusiya ilə barışıq təcrübənizi nəzərə alaraq nə məsləhət edərdiniz?

Səfir bu suala cavab verərkən deyib ki, düşmənçiliyi aradan qaldırmaq vacibdir və bunu dərhal etmək çətindir. Bundan ötrü vaxt lazımdır. Lakin istənilən halda tərəflər döyüş ritorikasından imtina etməlidirlər. Hər iki cəmiyyət öz hökumətlərini bundan imtina etməyə çağırmalıdır.

“Bununla əlaqədar biz Bakının Yerevanla iqtisadi əməkdaşlığa hazır olması və Qarabağ ermənilərinin Azərbaycanın tamhüquqlu vətəndaşları olması barədə Azərbaycan hakimiyyətinin bəyanatlarını alqışlayırıq”, – səfir vurğulayıb.

Ancaq təkcə hökumətlər deyil, hər iki ölkənin vətəndaşları da belə səylər göstərməlidirlər.

Bu prosesdə iki ölkənin kütləvi informasiya vasitələri xüsusi rol oynayır. Ola bilsin ki, hər iki ölkədə rəsmi şəxslər yerli amillərin təsiri altında döyüş ritorikasından istifadə edirlər ki, bu da barışa xidmət etmir.

Lakin  cəmiyyətlər barış istəyirsə, başa düşməlidirlər ki, bu, sülhü yaxınlaşdırmayacaq. Bu prosesdə iki ölkə mediası böyük rol oynayır.

“Biz 50-60-cı illərdə  Fransa ilə birlikdə barışıq yolları və fikir ayrılıqlarından daha çox ümumi maraqları axtararkən bu yolu keçdik. Əsas vəzifə qarşı tərəfi gözdən salmaq yox, ünsiyyətin vacibliyini dərk etməkdir. Bu fikirlərin sıravi vətəndaşlara çatdırılması mətbuatın mühüm vəzifəsidir”, – səfir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Artıq Türkiyənin Ermənistanı blokadada saxlamasına səbəb yoxdur”-

Sonrakı məqalə

Ərdoğan ilk türk kosmonavtının qadın olmasını istəyir