Qarabağa “Böyük Qayıdış” –Hansı məsələlər aktualdır?

Prezident İlham Əliyev imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı (2022-2026-cı illər) təsdiq edib.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası 2020-ci ilin 44 günlük Vətən müharibəsində öz torpaqlarını azad etməklə tarixi inkişafının yeni mərhələsinə qədəm qoyub.

Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsi, orada sosial xidmətlər şəbəkəsinin yaradılması, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, məşğulluq imkanlarının artırılması və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Sərəncamda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahına Dövlət Proqramının səmərəli icrasının təmin edilməsi məqsədilə zəruri tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, məqsədlər və onlara uyğun hədəf göstəriciləri, prioritet istiqamətlər, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.

Dövlət Proqramının Tədbirlər Planı (2022–2026-cı illər) 6 prioritet istiqaməti əhatə edir. Hər prioritet üzrə müvafiq fəaliyyət istiqamətləri nəzərdə tutulub.

İşğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturun qurulması əsas hədəfdir. Bu istiqamətdə aparılan ciddi işlər onu deməyə əsas verir ki, torpaqlarda məskunlaşma, yeni həyat uzaqda deyil.  Zəngilan rayonunda “Ağıllı kənd”, Füzuli, Laçın, Zəngilan rayonlarında yeni hava limanları, Kəlbəcərdə start verilmiş yenidənqurma bunun bariz nümunəsidir.

Artıq Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və bu ictimaiyyətə də təqdim olunub.

Həmin ərazilərdə çalışan sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi, özəl təşəbbüslərin, emal sahəsinin stimullaşdırılması üçün güzəştlərin tətbiqi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin azad edilmiş ərazilərə cəlb edilməsi, azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl tərəfdaşlığının artırılması planlaşdırılır.

Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.

Elm və təhsil naziri Emin Əmrullayev Qarabağda məktəblərin tikinti işlərindən bəhs edərkən Şuşa və Füzulidə məktəb tikintisi növbəti tədris ilinin əvvəlinə kimi bitəcəyini qeyd edib.

“Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisinin ilkin işlərinə başlanılıb. Digər məktəblərin də layihələndirmə işlərinə başlanılacaq. Ən müasir və ən yaxşı təchiz olunmuş infrastruktur qurulacaq”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, 2022‒2026-ci illərdə ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınmaqla, peşə və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təmin edilməsi məqsədilə 9 təhsil müəssisəsinin, o cümlədən 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisinin və bərpasının layihələndirilməsi; 4 təhsil müəssisəsinin, o cümlədən 3 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisinə və bərpasına başlanılması nəzərdə tutulub.

“Böyük Qayıdışın” tam şəkildə təmin üçün bir sıra mühüm amillər vacib şərtdir. Bunların sırasında isə minalanmış əraziələrin təmizlənməsi də öncül sıralarda yer alır.

Mina problemi ciddi əngəl yaradır.

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb.

Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısının iclasında Prezident İlham Əliyev çıxışı zamanı demişdi ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb: “Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır”.

Azərbaycan dövlətinin ərazilərin ən qısa müddətdə minalardan təmizlənməsi üçün kifayət qədər zəruri addımlar atmasına baxmayaraq, ərazinin relyefi bu proseslərin daha sürətlə getməsinə imkan vermir.

İşğal illərində Ermənistan Qarabağ ərazisini böyük mina sahəsinə çevirib. Bu problem yüz minlərlə məcburi köçkünün doğma yurdlarına təhlükəsiz qayıdışını ləngidir, ərazinin iqtisadi baxımdan dirçəldilməsinə ciddi maneələr törədir.

Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara müraciət etsə də Ermənistan müxtəlif bəhanələrlə minalanmış ərazilərin dəqiq xəritələrini vermir, yubadır.

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi -ANAMA 2021-ci ildə 10 kvadratkilometr ərazidə Ermənistan silahlı birləşmələri tərəfindən atılmış 397 ədəd LAR160, 9N235 və digər markalı istifadəsi qadağan olunmuş kaset sursatları, 15 avqust 2022-ci il tarixində isə Laçın rayonunun şərq hissəsindəki Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni birləşmələri tərəfindən basdırılmış 991 ədəd PMN-G tipli piyada əleyhinə mina aşkar edib.

ANAMA-dan verilən məlumata görə, noyabrın 14-dən 19-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Laçın, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 23 mina və 345 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

358 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Noyabrın 21-də bölmələrimiz tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətindəki sahədə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-E fuqas tipli piyada əleyhinə mina, Kəlbəcər və Daşkəsəndə 230 mina aşkarlanaraq zərərsizləşdirilib. Erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-G tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-G tipli piyada əleyhinə mina aşkar olunub.

Ümumiyyətlə, ANAMA-nın fəaliyyəti nəticəsində 10 noyabr 2020-ci ildən 17 aprel 2022-ci ilədək 86.122.007 kvadratmetr (8612,2 hektar) ərazidə 14 min 757 ədədi partlamamış hərbi sursat, 10 min 838 ədəd piyada əleyhinə, 5 min 183 ədədi tank əleyhinə mina olmaqla, ümumilikdə 30 min 778 ədəd “PHS” və mina aşkar edilərək zərərsizləşdirilib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənib, ictimaiyyətə təqdim olunub: “O tarixdən başlayaraq həm mina təmizləmə işlərində, həm baza infrastrukturun qurulması sahəsində mühüm işlər görülüb. Avtomobil və dəmir yolları, elektrik xətlərinin çəkilməsi istiqamətində layihələr yekunlaşmaq üzrədir. Yəni gələn ilin əvvəlinə bu layihələrin bir çoxu yekunlaşacaq”.

Eyni zamanda paralel olaraq sosial-iqtisadi infrastrukturun qurulması istiqamətində geniş miqyaslı işlər gedir. Həm Ağdam Sənaye Parkında yeni iş yerlərinin açılması istiqamətində, həm xəstəxana tikintisi, həm 1 nömrəli məktəblə əlaqədar yekunlaşma işləri aparılır. Artıq yaşayış məhəllələrinin layihələndirilməsi aparılır və biz gələn ilin ortasından yaşayış məhəllələrinin tikintisinə başlanıb. Dövlət proqramında da göstərildiyi kimi 2026-cı ilin sonuna qədər həm Ağdam şəhərinə, həm ətraf kəndlərə insanlarımızın qayıtmasını təmin edilməsi nəzərdə tutulub.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, bu quruculuq işləri çox böyük səy və maliyyə tutumu tələb edir. Ancaq Azərbaycan iqtisadiyyatı güclüdür, dövlət rəhbəri qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün lazım olan bütün tədbirləri görür.

Millət vəkili vurğulayıb ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı”ı böyük vəzifələri özündə əks etdirən bir sənəddir.

Sözügedən Proqramda ilk olaraq ərazilərin təhlükəsizliyinin təmin edilməsi əsas hədəf kimi qoyulub. Sonrakı mərhələdə isə orada müasir qəsəbələrin salınması, yaşayış binalarının tikilməsi önəmli bir məqsəd kimi sənəddə öz əksini tapıb.

Bu istiqamətdə işlərin həyata keçirilməsi üçün gələn ilin büdcə sənədində bu istiqamətə 3 milyard manata yaxın vəsait nəzərdə tutulur. Əvvəlki illərdə də azad olunmuş ərazilərə büdcədə vəsait ayrılıb və həmin vəsaitlər yenidənqurma işlərinə sərf edilib. Bu da göstərir ki, gələn il və növbəti illərdə də Qayıdış Proqramı uğurla yerinə yetiriləcək.

Proqrama əsasən iqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək.

Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət‒özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaqdır.

İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarət- xidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək.

Proqramda qoyulan müddət ərzində işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək.

L.Məmmədova

Yazı MEDİA-nın dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanıb.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Sonrakı məqalə

“İstəmirəm ki, uşaqlarımız silah götürüb ölkəni müdafiə etməyə getsinlər”