“Qarabağa sərmayə yatırmaq müqəddəs işdir” –Aynur Musayeva

“İşğaldan azad edilmiş ərazilərimizə sərmayə yatırmaq, Qarabağımızı dirçəltmək müqəddəs işdir. Bu baxımdan Cənab Prezident İlham Əliyevin Ağdama səfəri zamanı sahibkarları Qarabağa sərmayə yatırmağa çağırışı hər bir biznes sahibi qarşısında mühüm vəzifələr müəyyənləşdirir. Qadın sahibkarlarımız da bu prosesdə fəal iştirak etməyə hazırdır”.

Bu fikirləri  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü, Usaq İnkisaf Mərkəzinin rəhbəri Aynur Musayeva bildirib. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda çox böyük sahibkarlıq imkanları var və dövlətimizin tətbiq etdiyi güzəşt və imtiyazlar həmin ərazidə qurulan bizneslərin inkişafına zəmin yaradır:

“Bu gün Azərbaycanda münbit biznes mühiti var, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlətimiz sahibkarları dəstəkləyir, bizneslərə güzəştli kreditlər ayrılır. Müxtəlif dövlət dəstəyi mexanizmləri var. Digər tərəfdən, Qarabağda həyata keçirilən iri infrastruktur layihələri burada iqtisadiyyatın ən müxtəlif sahələrində biznes quruculuğu üçün əlverişli şərait formalaşdırır. Dövlət başçısının 10 dekabr 2021-ci il tarixli işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamını xüsusi olaraq vurğulamaq istərdim. Qarabağda sahibkarlar üçün vergi, sosial sığorta, kommunal xidmətlər üzrə güzəştlər nəzərdə tutulur. İstehsal fəaliyyəti ilə məşğul olacaq sahibkarların idxal etdikləri xammal və materialların gömrük rüsumlarından azad olunması ilə bağlı güzəştlər, eləcə də alternativ enerji sistemlərinin qurulması ilə bağlı stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Bütün bunlar sahibkarlar üçün aşağı maya dəyərli, rəqabətədavamlı məhsul istehsal etmək və xidmətlər yaratmaq deməkdir”.

Aynur Musayeva qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun unikal təbiəti, zəngin resursları bölgənin investisiya cəlbediciliyini daha da artırır. İşğaldan azad olunmuş ərazilərdə təbii resurslara əsaslanan istehsal müəssisələrinin yaradılması, tikinti materiallarının istehsalı, turizm, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı, eləcə də ticarət və müxtəlif növ xidmət sahələri üzrə geniş biznes imkanları var. Sahibkarlarımızın bu işdə fəal olması və Qarabağa sərmayə yatırması burada yeni-yeni müəssisələrin, minlərlə iş yerlərinin açılmasını təmin edəcək: “Bizneslərin Qarabağa axını burada iqtisadi həyatın canlanmasına yol açaraq, bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasını sürətləndirəcək. Ona görə də işğaldan azad edilən ərazilərdə abadlıq, bərpa, quruculuq işləri ilə paralel olaraq biznes fəaliyyətinin təmin olunması “Böyük Qayıdışı” daha da tezləşdirəcək”.

Aynur Musayeva qadın sahibkarların Qarabağda biznes layihələri həyata keçirməkdə maraqlı olduğunu vurğulayaraq, şəxsən özünün də belə bir arzusu olduğunu dilə gətirdi: “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Artıq AQSİA-nın bir neçə üzvünün Qarabağda reallaşdırmaq istədikləri biznes layihələri müvafiq dövlət qurumlarına təqdim edilib. Mənim də xanım sahibkar və əslən Qarabağlı, Laçınlı olaraq belə bir arzum, istəyim var. Qarabağda xidmət sahəsi üzrə sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət etməyi, layihə təqdim etməyi planlaşdırıram. Düşünürəm ki, bu, mənim üçün həm də bir sahibkarlıq məsuliyyətidir. Dövlətimizin 30 illik həsrətimizə son qoyaraq, işğaldan azad olunan Qarabağımızda həyata keçirdiyi iri miqyaslı işlərə kiçik bir bir töhfə vermək mənim üçün böyük qürur olacaq. Bu baxımdan ölkəmizin inkişafında, iqtisadiyyatımızın yüksəlişində hər zaman fəal iştirak edən xanım sahibkarlarımızı Qarabağa investisiya yatırmaq üçün səfərbər olmağa dəvət edirəm”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hərbi hissələrdə qəfil döyüşə hazırlıq yoxlanılıb –

Sonrakı məqalə

Kosmosa biletlərin satışı başlandı –