“QHT-lər Vətən müharibəsinin gedişində ictimai vəzifəni layiqincə yerinə yetirdilər” –

Monitorinq
30 Noyabr 2020 - 11:00

“Gəncəfilm” Kino Yaradıcılığının İnkişafına Təkan İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi layihə çərçivəsində Vətən müharibəsi dövründə Azərbaycan ictimai sektorunun, qeyri-hökumət təşkilatlarının fəaliyyəti və bu fəaliyyətin kütləvi informasiya vasitələrində işıqlandırılması ilə bağlı ölkə mediasında monitorinq keçirib. Monitorinq həm, sosial şəbəkələr, həm internet media resursları, ölkədə fəaliyyət göstərən televiziya və qəzetlər üzərində həyata keçirilib.

Monitorinq nəticələrinə görə 27 sentyabr 2020-ci il tarixdən – Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə və mülki insanların yaşayış yerlərinə hücumundan sonra Azərbaycan ordusunun başladığı əks-həmlə əməliyyatı dövründə ictimai sektor yekdil şəkildə səfərvər olunub.

Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində QHT-lərin fəaliyyəti özünü bir neçə istiqamətdə göstərib.

– Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünü pisləyən bəyanatların verilməsi;

– Beynəlxalq təşkilatlara müraciətlərin göndərilməsi (birlikdə və fərdi şəkildə);

– Sosial şəbəkələrdə ölkəmizin milli maraqlarının müdafiəsi, Ordumuza ictimai dəstəyin təmin edilməsi məqsədilə xüsusi kampaniyaların aparılması;

– Ermənistanın rəhbərliyində təmsil olunan şəxslərə aid sosial şəbəkə hesablarında düşmən ölkənin işğalçı mahiyyətinin ifşa edilməsi; 

–  Ordumuza ictimai dəstəyin ifadə olunması məqsədilə cəbhə bölgəsinə səfərlərin həyata keçirilməsi;

–  Ölkəmizdə hərbi vətənpərvərlik hissinin gücləndirilməsi məqsədilə  sosial şəbəkələr vasitəsilə müxtəlif çağırışların edilməsi;

–  Vətən müharibəsi dövründə və ondan sonrakı dövrdə yekdil şəkildə Azərbaycan dövlətinin, Ali Baş Komandanın yanında olması;

KİV-lər üzərində aparılmış monitorinqə əsasən, QHT-lər tərəfindən Vətən müharibəsi günlərində qəbul edilmiş bəyanatlar, müsahibələr, ayrı-ayrı məsələlərə münasibətlər daha çox internet saytlarında, televiziyalarda, qəzetlərdə əks olunub, sosial şəbəkələrdə geniş yayınlanıb.

Monitorinqin nəticələrinə görə hesab etmək olar ki, Azərbaycan ictimai sektorunu təşkil edən qeyri-hökumək təşkilatları Vətən müharibəsinin gedişində ictimai vəzifələrini layiqincə yerinə yetirə biliblər.