Qırğızıstanda antikorrupsiya hərəkatının rəhbəri rüşvət alarkən yaxalandı- VİDEO

Qırğızıstanda “Korrupsiyaya Qarşı Mübarizə Xalq Hərəkatı”ının rəhbəri rüşvət alarkən ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsi tərəfindən saxlanılıb.

Azpost.info xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.

Şübhəlinin adı və soyadı, o cümlədən istintaqın maraqları naminə rüşvətin məbləği hələlik açıqlanmır. Lakin alınan rüşvətin külli miqdarda olduğu bildirilir.

Saxlanılan şəxs Çuy vilayətinin Keminski rayonunun Kiçi-Kemin kənd sovetinin sədrindən maliyyə fəaliyyətinin auditini dayandırmaq müqabilində pul tələb edib. Üstəlik, bu iş məhz hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən korrupsiyaya qarşı mübarizə ictimai strukturunun rəhbərinin təşəbbüsü ilə başlanıb.

Komitə bəyan edir ki, şübhəli şəxs bu ictimai birliyin statusundan istifadə edərək və hüquq-mühafizə orqanlarındakı əlaqələrinin arxasında gizlənərək vaxtaşırı müxtəlif dövlət strukturlarından və yerli özünüidarəetmə orqanlarından büdcə vəsaitlərinin xərclənməsi və onu maraqlandıran digər məqamlar barədə məlumatlar istəyib.

“Onların fəaliyyətini yoxlamaqla hədələyərək, prokurorluğa və Hesablama Palatasına ərizələr verməklə sistemli şəkildə hədə-qorxu yolu ilə pul tələb edib. Bundan başqa, podratçı şirkətlərə əməkdaşlıq təklif edib, tenderlərdə müsbət qərar verəcəyini vəd edib. Bunun üçün müsabiqədə elan edilən məbləğin 10 faizini tələb edib”, – məlumatda bildirilir.

Saxlanılan şəxs Dövlət Təhlükəsizlik Komitəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb. Onun barəsində istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Azpost.info

Əvvəlki məqalə

Dörd müxalifət partiyası çayxanada bir araya gəldi, yeni qanunu müzakirə etdi

Sonrakı məqalə

Anatoliy Rafailov “Şöhrət” ordeni ilə təltif edilib