Qiyamdan sonra 13 zabit saxlanılıb, 15-i xidmətdən kənarlaşdırılıb- Kreml orduda "təmizləmə" aparır (“The Wall Street Journal”)

“Yevgeni Priqojinin qiyam cəhdindən sonra 15-ə yaxın zabit xidmətdən uzaqlaşdırılıb və ya təqaüdə göndərilib. Daha 13 nəfər dindirilmək üçün saxlanılıb, bəziləri daha sonra sərbəst buraxılıb”.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazıb.

“Saxlanılmalar artıq etibar edilməyənlərin sıralarının “təmizlənməsi” ilə izah olunur”, – mənbələrdən biri deyib.

“FTX “Vaqner”in Moskvaya yürüş etməyə başlamasından cəmi bir neçə saat sonra ordu generalı Sergey Surovikini, eləcə də bir neçə yüksək rütbəli zabiti saxlayıb. Surovikin Moskvada dindirilir, baxmayaraq ki, ona qarşı heç bir ittiham irəli sürülməyib”, – nəşrə danışan mənbələr bildirib.

Onlardan birinin dediyinə görə, Surovikin Priqojinin planlarını bilirdi, lakin qiyamda iştirak etməyib.

Surovikinin müavini general-polkovnik Andrey Yudin və Silahlı Qüvvələrin Baş Qərargahının “QRU” rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyev saxlanılıb və sonra sərbəst buraxılıb. Alekseyevin “Vaqner”lə uzunmüddətli əlaqələri var, o, hərbi kəşfiyyatda özəl hərbi şirkətlərə nəzarət edirdi.

İyunun 24-də səhər Rostov Priqojin tərəfindən ələ keçirildikdən sonra Alekseyev bildirib ki, “Vaqner” döyüşçüləri Rusiyanın maraqları naminə ciddi və mühüm vəzifələr yerinə yetirirdilər, lakin onların hazırkı hərəkətləri ölkənin və dövlət başçısısının kürəyinə vurulmuş bıçaqdır.

“The Wall Street Journal” yazır ki, Yudin və Alekseyev müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb və nəzarət altındadırlar, onların hərəkəti məhdudlaşdırılıb.

Saxlanılanlar arasında 2023-cü ilin mayından “Vaqner” komandirinin müavini vəzifəsində çalışan general-polkovnik Mixail Mizintsev də var. Aprel ayında o, müdafiə nazirinin Silahlı Qüvvələrin maddi-texniki təminatı üzrə müavini vəzifəsindən azad edilib. Ukrayna şəhərinin tutulması zamanı dinc əhaliyə qarşı vəhşiliyə məruz qaldığına görə “Mariupol qəssabı” ləqəbini alıb.

Surovikin istintaq təcridxanasında saxlanılmır, lakin müstəntiqlər onun qiyamda hər hansı rolunun olub-olmadığını aydınlaşdırmağa çalışdıqları üçün dindirmələr davam edir. Onların fikrincə, Surovikin Putin Priqojinlə bağlı nə edəcəyinə qərar verdikdən sonra azad edilə bilər.

Ötən həftə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Putin qiyamdan beş gün sonra Priqojin və onun komandirləri ilə görüşüb, onların söhbəti üç saat davam edib.

Azpost.info

 

Əvvəlki məqalə

“Dünyada HİV epidemiyası 2030-cu ilə qədər başa çata bilər”

Sonrakı məqalə

Prezident Konstitusiya Məhkəməsinin hakimlərini və əməkdaşlarını təltif edib