Hər fəslin öz ab-havası, öz rəng çaları var.Bahar deyəndə xəyalımızda yaşıllıq, qış deyəndə ağappaq bəyazlıq,yay deyəndə al-əlvanlıq, payız deyəndə sarılıq canlanır.Bu rəng çalarları ruhumuzda da yaşanır.Yazla cavanlaşan ruhumuz payızla ahıllaşır elə bil.Payız ömrün də, təbiətin də müdriklik çağıdır. Bu dünyanın keçici olduğunu, Süleymana qalmayan dünyanın heç birimizə qalmayacağını tanrı uçuşan yarpaqlarla namə edib göndərir bizə ki, ey Adəm övladı, bax, ibrət götür,aldanma fani dünyanın göz qamaşdıran, ağıl çaşdıran cah-calalına…
… Bir ağacın, bir yarpağın timsalında bu yaşamın düzümün seyr etmək gözəl olduğu qədər də ibrətamizdir. Tumurcuq qönçələnir yarpaq olur ,günlərin bir günündə də yaradanın hökmü ilə saplağından qoparaq yerə düşür,torpağa çevrilir. İl dediyimiz,fəsil adlandırdığımız, ömür saydığımız elə budur ki var-bütün yaradılmışlar torpaqdan yaranıb torpağa dönməyə məhkumdur. Amma qurban olduğum bu düzümü elə yaradıb , elə sahmanlayıb ki, təbiət və onun bir parçası olan insanın, lap adicə yarpağın yaşam həvəsi, var olmaq ehtirası heç vaxt bitmir,tükənmir.
Ta əzəldən payız bəşər övladının əziz tutduğu fəsil olub.Toy -mağarlar bu fəsildə qurulub,qış tədarükləri edilib, məhsul bayramları keçirilib. “Cücəni payızda sayarlar” zərb-məsəli təsadüfən deyilməyib ki? Payız həm də fəsil aralığıdır-nə istidən şikayətlənirik, nə də soyuqdan.Öz mülayimliyi ilə ruhumuzu sığallayaraq qışın sərt sazağına hazırlayır bizləri. Nemətləri isə canımıza güc-qüvvət verir.Adı Qurani-Kərimdə keçən Cənnət meyvələrinin də hamısı bu fəsildə yetişir-nar,alma,üzüm,xurma,zeytun.Cənnət meyvələri payıza bir cənnət dadı, behişt rayihəsi qatır sanki.
Payıza düşüncə fəsli də deyilir. Ömür sona yetməmiş olub keçənlərin hesabatını verməyə, keçmişdən ibrət götürüb gələcək üçün məqsəd seçməyə son şansımızdır payız.
Və ən nəhayət, payızın bu gözəlliklərini tamlıqla görmək, hiss etmək, duymaq,yaşamaq istəyirsinizsə, ilin bu vədəsində bizim cənnətməkan Lənkəranı seçin. Lənkəran ilin bu vədəsində kəhrəba boyunbağı kimi göz qamaşdırır. Hər tərəf qızılı rəngə çalır,qızılı, qırmızılı, çəhrayı donlu dəmirağacları alışıb yanır.Bu ecazkar gözəllik ilahi ahəngin rəng harmoniyasına bənzəyir. Bu harmoniyanı sitrus meyvələrinin,payız heyvalarının,almalarının xoş rayihəsi tamamlayır. N.Tixonov Lənkəranın bu qızılı mənzərəsindən vəcdə gələrək onu “Cənub mirvarisi, qızıl Lənkəran” adlandırmışdı.
Sözün bitdiyi an… Qoy bu yerdə fotolar danışsın. Bu gözəllikləri olduğu kimi sözlərə köçürə mümkünsüz. Lənkəranın payızını fotolarda izləyin,gözünüz gözəllik görsün! Ruhunuzun payıza köklənməsi üçünsə bu yerlərə səfər etməniz gərəkdir. Növbəti payıza qədər ömrünüzə yetəcək xatirə yükünü tutacaqsınız. Və bir də …Lənkərandan apardığınız limon qoxulu təəssüratlar yuxularınıza hopacaq, qızılı röyalar görəcəksiniz…
Esmira İsmayılova
Müstəqil jurnalist.
Fotolar Xalid Kərimovundur.