Qlobal bazarlarda vəziyyət necədir?

İnvestisiya
İnvestisiya

ABŞ-da açıqlanan qarışıq iqtisadi göstəricilər və Prezident Donald Trampın sosial şəbəkələrdə bir sıra mövzularda verdiyi açıqlamalardan sonra Wall Street-də nikbinlik zəifləyib. Tramp ölkədə mənzil problemini həll etmək məqsədilə institusional investorların tək ailəli evləri almasını qadağan edəcəyini bildirib, eyni zamanda müdafiə şirkətlərinin səhmlərin geri alınmasını məhdudlaşdıran sərəncam imzalayıb. AzPost xəbər verir ki, bu qərarlar və ABŞ-dan gələn məlumatlar bazarlardakı müsbət gözləntiləri xeyli azaltdı.

ABŞ prezidentinin institusional investorların ölkədə ev almasını məhdudlaşdıracağına dair açıqlaması daşınmaz əmlak sektoru ilə bağlı səhmlərin ucuzlaşmasına səbəb olub. Eyni zamanda Trampın müdafiə şirkətlərinə dividend ödəməyə və ya səhmlərin geri alınmasına icazə verilməyəcəyi ilə bağlı xəbərlər bu sahədəki şirkətlərin səhmlərinə də mənfi təsir göstərib. Hər iki sektordakı itkilər ümumi bazara da yayılıb.

Bununla yanaşı, Trampın Venesuelanın milyonlarla barrel nefti ABŞ-a təhvil verəcəyi barədə açıqlaması Valero Energy Corp. kimi neft emalı şirkətlərinin səhmlərini bir ara təxminən 5 faiz yüksəldərək rekord səviyyəyə çatdırıb.

Çərşənbə günü S&P 500 indeksi 0,3 faiz geriləyib, Nasdaq 100 isə müsbət zonada yatay bağlanış edib. ABŞ-da açıqlanan dekabr ayı ISM xidmət sektoru göstəriciləri son bir ildən artıq dövrdə ən sürətli artımı qeydə alıb. Tələbin güclənməsi və məşğulluqdakı bərpanın təsiri ilə ABŞ Xəzinə istiqrazlarında yüksəliş tempi zəifləyib.

ADP Research-in yaydığı məlumatlara görə, dekabr ayında məşğulluq mülayim templə artsa da, 2026-cı ilə doğru artım sürətinin zəiflədiyi müşahidə olunur. Bu göstəricilər istiqraz bazarı tərəfindən nisbətən müsbət qarşılanıb. 10 illik istiqrazların gəlirliliyi 4,14 faizə enib, Avropanın əksər ölkələrində də gəlirliliklər aşağı düşüb. Swap bazarları isə 2026-cı ildə Federal Ehtiyat Sisteminin iki dəfə 0,25 faiz bəndi həcmində faiz endirimi edəcəyini qiymətləndirir. Bazarlar hazırda cümə günü açıqlanacaq dekabr ayı üzrə kənd təsərrüfatı xaric məşğulluq göstəricisini gözləyir.

Evercore ISI şirkətinin qiymətləndirməsinə görə, son məlumatlar Federal Ehtiyat Sisteminin növbəti iclasında faiz dərəcələrini sabit saxlayacağını göstərir. Marco Kasiraqhi imzalı qeyddə bildirilib ki, əgər məşğulluq hesabatı əmək bazarının zəiflədiyini, lakin çökmədiyini ortaya qoyarsa, Fed yanvar iclasında faizləri dəyişməyəcək, çünki dekabr ayındakı son endirimdən sonra qısamüddətli əlavə endirim üçün tələb olunan hədd daha yüksəkdir.

ABŞ-ın açıqlamalarından sonra Venesuela xam neftinin tədarükünün davam edəcəyi gözləntisi ilə çərşənbə günü itkilərini artıran neft qiymətləri sonradan toparlanıb. Brent markalı neft əvvəlki iki sessiyada 3 faiz ucuzlaşdıqdan sonra bir barrel üçün 60 dolların üzərində ticarət olunub, WTI isə 56 dollar ətrafında qərarlaşıb.

ABŞ və Avropada fyuçers indeksləri cüzi enişdədir, Asiya birjaları isə ardıcıl ikinci gündür ki, geriləyir. Sinqapurda yerləşən Syfe Pte şirkətinin investisiya direktoru Riteş Qaneriwal bildirib ki, yeni ilin ilk tam həftəsində bazarlar istiqamət tapmaqda çətinlik çəkir. Onun sözlərinə görə, investorlar dekabr ayı məşğulluq məlumatlarını və bu həftəsonu ABŞ Ali Məhkəməsinin gömrük rüsumları ilə bağlı qərarını gözləyərkən, qiymət hərəkətlərinin əsas hərəkətverici qüvvəsi yaxınlaşan maliyyə hesabatları olacaq. Bloomberg Dollar İndeksi isə hazırda dəyişməz qalır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.