Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır-BMT-dən HESABAT

COVID-19 pandemiyası zamanı istixana qazı emissiyalarının azaldılması sürətli iqlim dəyişməsini heç cür yavaşlatmadı. Atmosferdəki istixana qazlarının konsentrasiyası rekord səviyyədə qalmaqdadır, planet qarşısı alınmaz şəkildə bəşəriyyəti fəlakətə yaxınlaşdıraraq, istiləşməyə davam edir. 

BMT-nin saytının məlumatına görə, bu, “United in Science 2021” (“Elmdə Birlik”) adlı yeni idarələrarası məruzənin nəticələridir.

BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, biz “dönüş nöqtəsinə” çatmışıq. “İqlim və planet üçün dağıdıcı nəticələr artıq düşündüyümüzdən daha ciddidir, bu zaman iqlim dəyişmələri ehtimal edildiyindən daha sürətli baş verir”, – deyə Antonio Quterres, tədqiqatın çıxışına həsr olunmuş videomesajında xatırladıb. “Cari məruzə, istiqamət götürdüyümüz kursdan nə qədər çox uzaqlaşdığımızı göstərir”.

Məruzədən elə nəticəyə gəlmək olar ki, qlobal temperatur artımı, dünyada dağıdıcı ekstremal hava hadisələrinin yaranmasını şərtləndirir və deməli onların iqtisadiyyata və cəmiyyətə təsiri artır.

Təkcə istilər səbəbindən milyardlarla iş saatı itirildi. Son beş il ərzində qlobal ortalama temperatur müşahidələrin aparıldığı tarix boyu ən yüksək göstəricilər sırasında olub. Növbəti beş il ərzində temperaturun müvəqqəti olaraq 1,5° C-dən yuxarı qalxması ehtimalı artır – alimlər bu rəqəmi gözlənilməz fəlakətli nəticələrin olduğu məqbul hədd hesab edirlər.

“Bu gün qeydə alınmış hava fəlakətlərinin sayı 1970-ci illə müqayisədə beş dəfə çoxdur və onlar yeddi dəfə daha baha başa gəlir”, – deyə BMT-nin rəhbəri bildirib. “Zərər çəkənlər arasında ən çox inkişaf etmiş ölkələr də olur”. Baş katib, milyonlarla Yeni Orlean sakinini işıqsız qoyan, Nyu-Yorkda həyatı iflic vəziyyətinə salan və ən azı 50 nəfərin ölümünə səbəb olan bu yaxınlarda baş verən “İda” qasırğasını misal gətirib.

BMT rəhbərinin sözlərinə görə, bu cür iqlim dəyişikliyinə gətirib çıxaran hadisələr yalnız insan fəaliyyəti nəticəsində baş verir. “Hər yerdə tez-tez baş verən və böyük ziyan vuran yanğınlar, daşqınlar və ekstremal təbii hadisələr görürük. Bu yalnız başlanğıcdır – ən pisi hələ irəlidədir”, – deyə Antonio Quterreş xəbərdarlıq edib.

“Biz Paris Razılaşmasının məqsədlərinə çatmaq üçün hələ də qrafikdən xeyli geridə qalmışıq”, – deyə BMT-nin Baş katibi məruzəyə ön sözündə qeyd edib. – Bu il mədən yanacağı hasilatından tullantıların həcmi əvvəlki göstəricilərə qayıdıb, istixana qazı konsentrasiyaları artmaqdadır və antropogen amillər bütün qitələrdə insanların sağlamlığına, həyatına və yaşayışına təsir edən təhlükəli hava hadisələrinə səbəb olur”.

Antonio Quterres qeyd edib ki, istixana qazı tullantıları əhəmiyyətli dərəcədə azaldılmasa, temperaturu 1,5 ° C-də saxlamaq mümkün olmayacaq, bu isə “insanlar və varlığımızın asılı olduğu planet üçün fəlakətli nəticələrə” gətirib çıxaracaq.

Məruzədə, həmçinin qeyd edilir ki, pandemiya dövründə iqtisadi fəaliyyətin yavaşlaması ilə əlaqəli olan istixana qazı tullantılarının azalması cüzi idi və sadəcə olaraq qarşısı alınmaz iqlim dəyişikliyini yavaşlada bilməzdi. Karbon qazının səviyyəsi artıq rekord həddə çatıb. Üstəlik, bərpa prosesimizin daha ekoloji əsasla davam etdiyinə dair heç bir əlamət yoxdur: müvəqqəti azalmadan sonra karbon qazı tullantılarının həcmi amansızcasına əvvəlki səviyyələrinə qayıdır.

“Pandemiyanın bütün dövrü boyunca, bəşəriyyəti daha davamlı bir yola çıxarmaq və iqlim dəyişikliyinin cəmiyyətə və iqtisadiyyata ən pis təsirlərindən qaçınmaq üçün “olduğundan daha yaxşı” prinsipi ilə bərpanı təmin etməli olduğumuzu eşidirik. Bu məruzə 2021-ci ildə yanlış istiqamətə doğru irəliləyimizi göstərir”, – deyə Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi, professor Petteri Taalas bildirib.

Bütövlükdə bütün iqlim sistemindəki son dəyişikliklər misilsiz xarakter daşıyır, söhbət yüzilliklər və minilliklərdən gedir. Məruzəyə görə, hətta qəti addımlar atılsa və istixana qazı emissiyaları yavaşlatılsa belə, dəniz səviyyəsi yenə də yüksələcək, beləliklə də bütün dünyada aşağı səviyyədə yerləşən adalar və sahilyanı bölgələrdə yaşayan əhali üçün təhlükə yaradacaq.

“Bizim heç vaxtımız qalmayıb”, – deyə BMT-nin Baş katibi xəbərdarlıq edib. – Vurulan zərərin qarşısını almaq üçün dərhal hərəkətə keçmək lazımdır”. Onun sözlərinə görə, dönüş nöqtəsi oktyabrın 31-dən noyabrın 12-dək Qlazqoda keçiriləcək iqlim konfransı olmalıdır. “Bu vaxta qədər bütün dövlətlərin əsrin ortalarına qədər xalis sıfır emissiyasına nail olmağa və bu məqsədə çatmaq üçün uzunmüddətli aydın, realist strategiyalar təqdim etməyə öhdəlik götürməsi lazımdır”.

“United in Science 2021” üçüncü məruzənin hazırlanması Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), İqlim Dəyişikliyi üzrə Hökumətlərarası ekspertlər qrupunun (İDHEQ), Qlobal Karbon Layihəsi (QKL), Ümumdünya İqlim Araşdırmaları Proqramı (ÜİAP) və Meteoroloji büronun (Birləşmiş Krallıq) iştirakı ilə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən əlaqələndirilir. Məruzədə qlobal siyasət və fəaliyyətin işlənib hazırlanmasında informasiya mənbəyi qismində istifadəsi üçün iqlim dəyişikliyi ilə əlaqədar ən son elmi dəlillər və nəticələr təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət büdcəsinə bu il 5,8 mlrd. manat vergi daxil olub

Sonrakı məqalə

“Hər şeyə Əli Həsənov nəzarət edirdi” –